TYUTORUN yaddaş kitabçası

2023
Tyutor
Əmək funksiyası. Tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edir. Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim edir. Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verir. İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil edir.
Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak edir. Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərir. İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət edir. Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edir.
Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını; tədris planlarının və proqramlarının tərtibini; tələbələrlə davranış qaydalarını; onlarla işin psixoloji xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Akademik məsləhətçi (tyutor) xidməti
1. Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.
2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.
3. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.(tələbə istədiyi vaxt tyutorunu dəyişə bilər)
4. Tyutorlar:
4.1. Tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar.
4.2. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.
4.3. Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər.
4.4. Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər.
4.5. Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.
4.6. Yay semestrinin təşkilində iştirak edirlər.
Tələbələrin hüquq və vəzifələri
1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə tanış olmalı və buradakı tələblərə ciddi riayət etməlidir.
2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.
3. Tələbənin müəllim seçmək hüququ vardır.
4. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
5. Tələbə digər ali təhsil müəssisələrində müvafiq fənlər üzrə kreditləri qazana bilər.
6. Tələbə öz akademik transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.
7. Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.
Kredit sistemi əsasında təşkil olunmuş
tədris prosesinin xüsusiyyətləri
1. Hər bir təhsilalanın fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi
2. Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi
3. Təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması
4. Tələbəyə sərbəst iş üçün şəraitin yaradılması
5. Tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması
6. Təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması
7. Fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması
Əsas anlayışlar
Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir
İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir
İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir
Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir
İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir
Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir
Tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir
Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir
Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur
Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır
Prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir
Akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir
Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur
ÜMUMI Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir.
Akademik təqvim – ali təhsil müəssisəsində və AMEA-da tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir
Müvəffəqiyyətlə təhsil alan tələbə – fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir
Akademik borcu olan tələbə – fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir
Cari qiymətləndirmə – fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir
Aralıq qiymətləndirmə – fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir
Tədrisə tam cəlb olunma (fulltime) – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür
Tədrisə qismən cəlb olunma (parttime) – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür.
Təhsil krediti nədir və necə hesablanır?
Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir
Tədris ili = 40 həftə
1 semestr = 20 həftə (o cümlədən 5həftə imtahan)
1 semestr = 30 kredit(fulltime), 20 kredit (parttime)
Həftəlik yük (auditoriya və auditoriyadankənar) = 45 saat
45 saat (1 həftə) = 1,5 kredit
20 həftə = 20 X 1,5 = 30 kredit
1 kredit = 30 saat iş
Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə
müəyyənləşdirilir
- auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
- auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;
- təcrübələrdə iştirak etməsi;
- kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi;
- imtahanlara hazırlığı və imtahanları verməsi;
- buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.
Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
- məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
- məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
- tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə.
Kredit sistemində istifadə olunan tədris sənədləri
- ixtisasın (ixtisaslaşmanın) tədris planı
- ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki;
- ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı;
- tələbənin fərdi tədris planı;
- müəllimin illik işçi tədris planı
Fərdi plan nədir və necə tərtib olunur?
Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır.
Növbəti tədris ilində isə tələbələr fənlərin prerekvizitliyini gözləməklə, ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənləri daxil etməklə fərdi planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim edir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.
Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir
İmtahanlar
Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur
Tələbə 50 bal cari və 50 bal aralıq qiymətləndirmədən toplaya bilər
İmtahana görə balların yığılması İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
İmtahanın qiymət meyarları aşağıdakılardır:
- 10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun
məzmununu aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var
- 0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
DİQQƏT!
|
|
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. |
|
Akademik borcu yaranan tələbə nə etməlidir?
Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər
Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmi
Kimlər müəyyən olunmuş kredit məbləğinin 25 faizini ödəməklə
imtahanda iştirak edə bilər?
-fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ödəniş etməlidir.
Tələbə ixtisasın normativ təhsil müddətində universiteti
bitirə bilmirsə
Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən yığmalıdır
Hansı halda akademik məzuniyyət verilir?
- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
- ailə vəziyyətinə görə – 2 il müddətinədək;
- səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
- sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə.
Tələbə hansı hallarda xaric olunur?
- öz arzusu ilə;
- başqa ali təhsil müəssisəsinə köçürüldükdə;
- ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.
Yay semestrinin təşkili
Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
1. Akademik borcların ləğv edilməsi.
2. Fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması.
3. Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi.
4. Ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və magistratura səviyyəsinin tələbələrinə, kreditlər qazanmasına şəraitin yaradılması.
Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.
Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.
Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir.
Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir.
Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etmədiyinə görə imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
İstifadə olunmuş mənbə
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” qaydaları.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” qaydalar.
4. Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə.
Tərtib etdi:
p.f.d., dos. Ş.İ.Şahməmmədova
Tədris şöbəsinin müdiri