ADU haqqında

 Azərbaycan Dillər Universitetinin

Elmi Şurasının _29_ sentyabr  2023-cü il

tarixli iclasının (Protokol № 30 ) qərarı

ilə təsdiq edilmişdir.

 

                            

       akad. Kamal Abdullayev

 

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN KEYFİYYƏT TƏMİNATI SİYASƏTİ VƏ KEYFİYYƏT MƏDƏNİYYƏTİ

Azərbaycan Dillər Universitetinin (ADU) Keyfiyyət Təminatı Siyasəti Azərbaycan Respublikasının təhsil siyasəti və cəmiyyətin inkişaf perspektivlərini nəzərə almaqla, ADU-nun Strateji İnkişaf Planının hədəflərinə nail olmağa və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Bu siyasəti həyata keçirməyin açarı ADU-nun Azərbaycanda, regionda və habelə, dünyada beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə, əmək bazarının tələblərinə uyğun yaradıcı, müasir düşüncəli və yüksək ixtisaslı kadr-mütəxəssis hazırlamaq, tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə sistemini həyata keçirmək, universitetdə elmi tədqiqat, təlim və tədris arasındakı əks əlaqəni təmin etmək, akademik və inzibati heyətin, o cümlədən, tələbələrin inkişafı və rifahını dəstəkləyən effektiv və səmərəli Keyfiyyət təminatı sistemi qurmaqdan başlayır.

ADU-nun Keyfiyyət Təminatı Siyasəti bütün universitetin iştirakına imkan verən daxili keyfiyyət təminatı prosesləri vasitəsilə tətbiq edilir. Universitet daxilində olan maraqlı tərəflər müvafiq struktur və proseslər vasitəsilə, eyni zamanda, təşkilatdan kənarda olan maraqlı tərəflər (məzunlar və s.) də bu prosesə cəlb edilməklə bu siyasəti inkişaf etdirməli və həyata keçirməlidir.

ADU-nun Keyfiyyət Təminatı Siyasəti və Keyfiyyət Mədəniyyəti sənədləri hazırlanarkən Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının prinsipləri, beynəlxalq təcrübələr, o cümlədən Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Avropa Standartları və Təlimatları (ESG) nəzərə alınmış, ADU-nun Daxili Keyfiyyət Təminatı Komissiyasının 22 sentyabr 2023-cü il tarixli (Protokol № 2) iclasında müzakirə edilmiş və ADU-nun Elmi Şurasının 29_ sentyabr  2023-cü il il tarixli (Protokol № 30) iclasında təsdiq edilmişdir.

Məqsədimiz

ADU-nun keyfiyyət təminatı siyasətinin məqsədi öyrənmə, tədris, tədqiqat performansı, tədqiqat təlimi və idarəetmə, beynəlmiləlləşmə kimi əsas fəaliyyətlərinin effektivliyini artırmaqdır. Siyasət Universitetin Strateji hədəflərini və onlara uyğun olaraq universitetin fəaliyyətinin bütün sahələrini əhatə edir. Belə ki, ADU-nun Strateji İnkişaf Planında qarşıya qoyduğu hədəflərə çatmaq üçün tədris və təhsil sahəsi üçün keyfiyyət təminatı siyasəti bir sıra məqsədlərlə ifadə olunur:

 ADU-nun tədris etdiyi proqramları üzrə məzunları beynəlxalq səviyyəyə çatdırılması

 

 Tədris proqramlarının tədqiqat yönümlü olması və məzmununun beynəlxalq səviyyədə tanınmış tədqiqatlara əsaslandırılması

 

 Bütövlükdə universitet heyətinin – fakultələrin, kafedraların, şöbələrin, mərkəzlərin, tələbələrin, işçi heyətin və rəhbərliyin – təhsil proqramlarını təkmilləşdirmək üçün davamlı olaraq çalışdığı keyfiyyətli mədəniyyətin qorunub saxlanılması və inkişaf etdirilməsi

 

 Effektiv, müasir və həvəsləndirici öyrənmə mühitini təmin etmək məqsədilə metodoloji-didaktik təlimlər, o cümlədən, təhsil mühitinin davamlı olaraq təkmilləşdirilməsi

 

 Peşəkar tədris proqramlarının milli standartlar üçün təlimatlar əsasında tarazlığın əldə edilməsi və digər tərəfdən, müəllimlər, tələbələr və əmək bazarı baxımından getdikcə artan beynəlxalq təhsil mühitinə cavab verməsi

 

 Tədris proqramlarının strukturu, tədrisin məzmunu və səriştə məqsədləri üzərində davam edən inkişaf işinin həm milli qanunvericiliyə, həm də ADU-nun nizamnaməsinə, daxili təlimatlarına uyğun olması və rəhbərliyin, müəllimlərin və tələbələrin, maraqlı tərəflərin prosesə cəlb olunması

 

Missiyamız

Azərbaycan və digər ölkələrdən olan tələbələri müasir tədqiqatlara əsaslanaraq innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə peşəkar mütəxəssislər kimi formalaşdırmaq, həmçinin yüksək potensiala, tənqidi təfəkkür və analitik zəkaya, müstəqil şəkildə müxtəlif tədqiqatlar aparmaq bacarığına və ən əsası vətənpərvərlik hisslərinə, azərbaycançılıq ideologiyasına malik işgüzar gənclər yetişdirmək.

 

Vizyonumuz

ADU-nun Azərbaycan Respublikası ərazisində və beynəlxalq miqyasda rəqabətədayanıqlığını və  dünyanın aparıcı universitetlərinin siyahısına daxil olmasını  təmin etmək .

 

 

Əsas dəyərlərimiz

 

Ø İnteqrasiya: Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, dünya universitetləri ilə ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq.

Ø Global biliklər:  Dünyada mövcud olan  elmi, nəzəri və fundamental bilik bazalarından  akademik etikaya riayət etməklə  və müəllif hüquqlarını qorumaq  şərtilə faydalanmaq.

Ø Müasirlik: Müasir cəmiyyətin ehtiyac və tələbatına uyğunlaşdırmaq məqsədilə, tədris prosesini  innovasiyalarla zənginləşdirmək,  informasiya texnologiyalarından geniş istifadə etmək, mediada baş verən yeniliklərdən xəbərdar olmaq və informasiya savadlılığını artırmaq.

Ø Yaradıcılıq: Tənqidi təfəkkür, tənqidi düşüncə və müstəqil fəaliyyəti  qiymətləndirimək.

Ø  Çeviklik:  Şəraitə uyğun olaraq müxtəlif metod və üsullardan istifadə etmək, yaranmış problemləri dərhal aradan qaldıraraq təhsilin davamlılığını qorumaq və inkişaf etdirmək.

Ø  Multikulturalizm: Azərbaycan xalqının həyat tərzi olan mulikultural dəyərlərin beynəlxalq əlaqələrdə geniş təbliğ edilməsilə bağlı dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Etnik mənsubiyyətindən, dinindən, əlilliyindən, immiqrasiya statusundan və cinsindən asılı olmayaraq universitetin əlçatanlığını təmin etmək.

Hədəflərimiz

   ADU-nun Azərbaycanın aparıcı universitetlərindən biri kimi mövqeyini möhkəmləndirməsi

 

   Tədrisin müasir dövrün tələblərinə uyğunlaşdırılması və beynəlmiləlləşdirilməsinin təmin edilməsi

 

   Elmi fəaliyyətin artırılması. ADU-nun fundamental elmi tədqiqatlarını beynəlxalq səviyyəyə çatdırmaq və elmi tədqiqatçı heyətinin peşəkarlığını artırması

 

   Universitetin unikal daxili imkanlarından və resurs­lardan istifadə edilərək innovativ həllərin tətbiqi

 

    Sosial rifah və məzunların karyera imkanları. ADU nun sosial rifahına və davamlı inkişafına xidmət edən və əlavə dəyər yaradan xidmətlərinin təşviq edilməsi

 

   İdarəetmə sisteminin təkmilləşdirilməsi

 

   Rəqəmsallaşma. Maddi-texniki bazasının müasirləşdirilməsi

 

Keyfiyyət təminatı

 

Təhsildə keyfiyyətin qiymətləndirilməsi çox vaxt keyfiyyəti təmin etmək üçün hansı proseslərin və prosedurların mövcudluğuna, bundan başqa, planlaşdırılmış fəaliyyətlərin, o cümlədən proqramın yekun səriştə məqsədlərinə cavab verməsinin faktiki öyrənmə effektinin qiymətləndirilməsinə əsaslanır. Tədrisin keyfiyyətinin təmin edilməsi ADU üçün keyfiyyət təminatının əsas məqsədidir. Çünki dünyanın aparıcı universitetlərindən birinə çevrilməyi qarşıya məqsəd qoyan ADU-da yaradılan və formalaşan bütün strukturlar tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərmək məqsədi daşıyır. Elə buna görə də, bu proseslərin təmin edilməsi ADU-nun ümumi keyfiyyət təminatı siyasətində mühüm elementdir. Daxili keyfiyyət təminatı siyasəti anlayışının, yəni proses keyfiyyəti və öyrənmə keyfiyyətinin təmin olunması, qiymətləndirilməsi, dövrü monitorinqlərin aparılması və nəzarət məqsədilə, ADU-da “Keyfiyyətin Təminatı və Monitorinq” şöbəsi və “Daxili Keyfiyyət Təminatı” sistemi üzrə Komissiya fəaliyyət göstərir.

 

 

 

Keyfiyyət mədəniyyəti

 

ADU-nun Keyfiyyət Təminatı Siyasətinin uğurla həyata keçirilməsində,  təhsil proqramlarına və tədris proqramlarına tətbiq olunan keyfiyyət standartlarına cavab verməsində ADU rəhbərliyi, akademik və inzibati heyət, habelə, tələbələr məsuliyyət daşıyır. İşçi heyətin ayrı-ayrı üzvlərinə təyin edilmiş xüsusi öhdəliklər onların vəzifə təlimatlarında təsvir edilmişdir. Tələbələrə gəldikdə isə, tədrisin məzmunu və təşkili tənqidi təfəkkürə həvəsləndirmək, tələbəyönümlü təhsil prosesində onların fəal iştirakına şərait yaratmağa, onlarda özünütəhlil və müstəqil düşüncə qabiliyyəti formalaşdırmağa, sorğularda iştirakla qiymətləndirilməsi və təhsil siyasətinə cəlb olunma isə onları keyfiyyətin təminatında fəal rol oynamağa həvəsləndirməyə xidmət edir.

Bu fərdi məsuliyyətin vurğulanması, universitetin elmi tədqiqat, beynəlmiləlləşmə, tədris və təhsil proqramlarının hər zaman müəyyən edilmiş standartlara cavab verməsi üçün hər bir şəxsin, özünəməxsus şəkildə, müsbət töhfə verməyə borclu olduğuna dair gözləntiləri aydınlaşdırır.