Azərbaycan Dillər Universiteti
Beynəlmiləlləşmə Strategiyası
1. Giriş (Strateji Məzmun)
Azərbaycan Dillər Universitetinin (bundan sonra - ADU) beynəlmiləlləşmə strategiyası Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müvafiq sahə ilə bağlı qarşıya qoyduğu hədəflərə, Azərbaycan Respublikasının inkişaf strategiyasına, BMT-nin Hər Kəs üçün Təhsil prinsiplərinə və Minilliyin İnkişaf Məqsədlərinə, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf Gündəliyi”-nə və “Azərbaycan - 2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” prorqmına əsaslanır.
21-ci əsrin qloballaşan dünyasında təhsil beynəlxalq əməkdaşlığın ən çox inkişaf etdiyi sahələrdən birinə çevrilmişdir. Bu əməkdaşlığın get-gedə inkişaf etməsi eyni zamanda təhsilin rəqabətədavamlılığının artırılmasını həm tələb edir, həm də şərtləndirir. Digər tərəfdən, təshilin rəqabətədavamlılığı inkişaf etdikcə, məhz təhsil müəssisələrindən nəinki milli, eyni zamanda regional və transmilli səviyyələrdə qarşıya çıxan bir çox sosial, iqtisadi, mədəni və siyasi problemləri həll etmək, bu sahələrdə qarşıya çıxan bir çox çağırışlara cavab verə bilmək və bunun davamlılığını təmin etmək iqtidarında olmaq gözlənilir. Bu tələblərə cavab vermək üçün təhsil müəssisələrinin qarşısında duran ilkin və əsas hədəf davamlı şəkildə keyfiyyətli təhsil proqramları hazırlayıb tətbiq etməklə əmək bazarının tələblərinə uyğun olan, yüksək peşəkarlıq səviyyəsinə çatmağa qadir olan, bilik, bacarıq və səriştəsi ilə müasir tələblərə cavab verən məzunlar yetişdirməkdir. Bu ilkin və əsas hədəfə nail olmaq üçün isə təhsil müəssisələri lazımi səviyyədə kadr potensialına, idarəetmə mexanizmlərinə və struktur özəlliklərinə və infrastruktura sahib olmalıdır. Bu istiqamətlərin müasir tələblərə cavab verə biləcək səviyyədə təmin və inkişaf etdirilməsində isə beynəlxalq əməkdaşlığın çox böyük rolu vardır.
2. Strateji İstiqamətlər
ADU-nun beynəlmilləşmə üzrə strateji istiqamətləri aşağıdakılardan ibarətdir:
· Akademik mühitə beynəlxalq təcrübənin gətirilməsi və xüsusilə inklüzivlik, səmərəli idarəetmə, interdisiplinarlıq, müasir texnologiyaların və texnoloji alətlərin tətbiqi, tələbə-müəllim interaksiyası, ekoloji fərqindəlik/yaşıl dünya konsepsiyası və s. istiqamətlərdə dünya təcrübəsindən istifadə edilməsi;
· Rəqabətədavamlı tədqiqatın aparılması və bunu təmin edəcək lazımi resurs və maddi-texniki bazanın yaradılması;
· Keyfiyyətə əsaslanan tələbə və müəllim mobilliyinin həyata keçirilməsi;
· Proqramların/ixtisasların beynəlxalq təhsil məkanında tanınması;
· Beynəlxalq kvalifikasiyalar çərçivəsinə uyğun ixtisasların təsis edilməsi;
· Beynəlxalq reytinqlərdə iştirak və bu istiqamətdə davamlı fəaliyyətin təmin edilməsi;
· İnformasiya-resurs bazasının gücləndirilməsi;
· Sosial xidmət sisteminin gücləndirilməsi;
· Qonaqlama/yataqxana şəraitinin yaxşılaşdırılması və iaşə xidmətləri səviyyəsinin artırılması.
3. Strateji Hədəflər
1. ADU-nun beynəlxalq standartlara, qloballaşmanın və rəqəmsal dünyanın tələblərinə, BMT-nin inkişaf strategiyasına, eləcə də digər müvafiq standartlara, çağırışlara və s. cavab verə biləcək məzunlar yetişdirə bilməsi yönündə hədəflərin müəyyən edilməsi və müvafiq addımların atılması;
2. Azərbaycan Respublikasının Azərbaycanın Ali Təhsil Məkanını əhatə edən qanunvericiliyinin mütəmadi olaraq dəyərləndirilməsi, beynəlmiləlləşmənin daha effektiv şəkildə həyata keçirilməsini təmin edəcək yeni müddəaların əlavə edilməsi (və ya mövcud müddəaların dəyişdirilməsi) ilə bağlı mütəmadi tövsiyələrin verilməsi;
3. ADU-nun qlobal təhsil məkanında tanınmasına, nüfuzunun artırılmasına, reytinq cədvəllərində müvafiq yer tuta bilməsinə, ümumiyyətlə, ADU-nun keyfiyyət etibarilə bu məkana inteqrasiya edilməsinə - mütəmadi olaraq qeyd edilən sahələrdə əldə edilmiş beynəlxalq təcrübənin uyğun yollarla (təlimlər, konfranslar, birgə layihələrdə iştirak və s.) paylaşılması və çatdırılması yolu ilə - dəstək verilməsi;
4. ADU-nun dünyanın təhsil müəssisələri ilə səmərəli işbirliyini, eləcə də bu müəssisələr arasında ahəngdar tələbə, müəllim və araşdırmaçı mübadiləsinin reallaşması məqsədi ilə tədris proqramlarının və Milli Kvalifikasiya Çərçivəsinin beynəlxalq standartlara yaxınlaşdırılması istiqamətində müvafiq hədəflərin müəyyən edilməsi və bu istiqamətdə fəaliyyətinin planlaşdırılması;
5. ADU-nun dünyanın müxtəlif ölkələrini təmsil edən universitetlərlə keyfiyyətli və məqsədyönlü tələbə və müəllim mübadiləsinin əsas xətlərinin müəyyən edilməsi;
6. ADU-da tədrisin və elmin dünya standartlarına uyğun və rəqabətədavamlı səviyyəyə gətirilməsi üçün dünya universitetlərinin ən yaxşı təcrübələrinin və “nou-hau”-larının Azərbaycan Ali Təhsil Məkanına inteqrasiya edilməsi;
7. Bakalavr və magistr pillələri üçün ikili diplom layihələrinin və birgə proqramlarının hazırlanıb tətbiq edilməsi yönündə universitetlərin öz daxilində inteqrativ və koordinasiyalı şəkildə davamlı fəaliyyətinin əsasının qoyulması və bu fəaliyyətin əsas istiqamətlərinin müəyyən edilməsi;
8. ADU-da elmi araşdırma fəaliyyətinin beynəlmiləlləşdirilməsi (tədqiqatçı alimlərin, doktorantların, gənc araşdırmaçıların elmi mübadiləsi) və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində hədəflərin müəyyən edilməsi və gərəkli addımların atılması;
9. ADU-da çalışan professor-müəllim heyətinin, tədqiqatçıların və doktorantların beynəlxalq səviyyədə nüfuz qazanmış elmi dərgilərdə öz yazıları/məqalələri ilə çıxış etmələrinin, beynəlxalq konfranslarda iştirak etmələrinin, kitab və monoqrafiyalarının nüfuzlu nəşriyyatlarda çap etdirmələrinin təmin olunması yönündə hədəflərin müəyyən edilməsi və gərəkli addımların atılması;
10. ADU-da müasir və beynəlxalq standartlara uyğun araşdırmaların aparılması və tədrisin həyata keçirilməsi üçün vacib olan zəngin və müasir tələblərə uyğun resursların, o cümlədən kitabxana resurslarının təsis edilməsinin təmin edilməsi yönündə hədəflərin müəyyən edilməsinə və lazımi addımların atılmasına müvafiq dəstəyin verilməsi;
11. ADU-nun öz elmi və akademik potensialını artırması, müasir və beynəlxalq standartlara uyğun idaretmə sistemini və prosedurlarını mənimsəməsi, tədris və idarəetmə proseslərinin modernləşdirilməsi və s. məqsədi ilə beynəlxalq layihələrdə, o cümlədən, Erasmus+ layihələrində, KA1, KA2 mübadilə proqramlarında və s. iştirakının gücləndirilməsi üçün hədəflərin müəyyən edilməsi və gərəkli addımların atılması;
12. ADU-da qeyri-dil ixtisasları üzrə tədris aparan professor-müəllim heyətinin xarici dillərdə tədris aparması bacarığının artırılması;
13. ADU-nun beynəlxalq əlaqələrlə məşğul olan şöbələrin müasir standartlara uyğun tələblərə cavab verə bilmələri üçün şöbələrdə çalışan əməkdaşların peşəkarlığının mütəmadi surətdə inkişaf etdirilməsi və bu istiqamətdə taktiki addımların müəyyən edilməsi;
14. ADU-nun beynəlxalq fondlardan yararlana bilməsi üçün universitetlərin “fandreyzinq” (maliyyə vəsaitlərinin cəlb edilməsi) potensialının gücləndirilməsi və bu istiqamətdə taktiki addımların atılması;
15. Əcnəbi tələbələrin kəmiyyət deyil, keyfiyyət göstəricilərinə əsasən cəlbi və təhsil alan əcnəbi tələbələrin tələbə kontingentinə uğurlu inteqrasiyası;
16. ADU-ya əcnəbi tələbələrin, əcnəbi tədqiqatçıların və müəllimlərin cəlbinin artırılması üçün universitetlərin elmi bazasının gücləndirilməsi;
17. ADU-ya əcnəbi tələbələrin, əcnəbi tədqiqatçıların və müəllimlərin cəlbinin artırılması üçün universitetlərin kitabxana və online resurs bazasının gücləndirilməsi;
18. Beynəlxalq tələbə, müəllim və tədqiqatçı mübadiləsinin effektiv şəkildə həyata keçirilə bilməsi üçün ADU-nun qonaqlama imkanlarının yaxşılaşdırılması, universitetin müasir yataqxana və müvafiq standartlara cavab verən yeməkxana, idman kompleksləri, sosial tədbirlərin keçirilməsi üçün məkanalar və s. ilə təchiz edilməsi;
19. Dünya ölkələrindəki universitetlərin Yaşıl dünya siyasəti ilə bağlı ən yaxşı təcrübəsinin ADU-da gedən proseslərə inteqrasiya edilməsi, universitetdə fəaliyyət göstərəcək əcnəbi professor - müəllim heyəti və təhsil alacaq tələbələrlə birgə bəşəriyyəti narahat edən ekoloji problemlər istqamətində maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması, eyni zamanda bu istiqamətdə elmi-tədqiqat/araşdırmaların aparılmasına təşviq, dəyirmi masa və təqdimatların təşkili, “Yaşıl universitet” konsepsiyası çərçivəsində universitetlərarası münasibətdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, eləcə də eko-mədəniyyət səviyyəsinin yüksəldilməsi üçün işlərin görülməsi.
Sənədin hazırlanmasında istifadə olunan qaynaqlar:
1. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu
2. Azərbaycan Respublikasının “Elm haqqında” Qanunu
3. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi
4. Ali təhsil pilləsinin dövlət standartı və proqramı
6. Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi
8. Khazar University, Internationalization Strategy
9. Yüksəköğretim Kurulu, Yükseköğretimde Uluslararasılaşma Strateji Beljesi
10. Dokuz Eylül Üniversitesi, Uluslararasılaşma Stratejisi
11. Tokat Gazıosmanpaşa Üniversitesi, Uluslararasılaşma Strateji Beljesi
12. Ottawa, Internationalization Strategy
13. Simon Kuznets Kharkiv National of Economics, The Internationalization Strategy