Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “18” mart 2025-ci il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №43).

 

İMTAHAN SESSİYASININ TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ

 

QAYDALARI

1. Umumi müddəalar.

1.1. Bu Qaydalar Azərbaycan Respublikası qanunvericiliyinə, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil müəssi­sələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə, “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”yə və Azərbaycan Dillər Universitetinin (bundan sonra Universitet) Nizamna­məsinə, ADU-nun Elmi şurasının 28 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş, “ADU-da imtahanların təşkili və keçirilməsi qaydaları” və  “ADU-da nəzarətçilərinin vəzifələrinə və tələbələrlə münasibətlərinə dair” təlimat,  ADU-nun Elmi Şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Tələbə nailiyyətinin qiymətləndirilməsi haqqında təlimat”a əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Dillər Universitetində bakalavriat, magistratura səviyyələrində semestr imtahanlarının, о cümlədən doktoranturada qəbul və minimum imtahanlarının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikaslnin müvafiq qanunvericiliyivə 1.1.-ci bəndə qeyd olunan sənədlərlə uyğunsuzluq təşkil etdikdə, Azərbaycan Respublikasmın qanunverciliyi ilə müəyyən olunan hallar əsas götürülür.

 

2. İmtahana buraxılma

2.1. İmtahanda ancaq tədris prosesinin normativ tələblərini yerinə yetirən, elektron idarəetmə sistemi ilə müəyyənləşən və fakültə dekanlığı tərəfindən təsdiqlənən tələbələr iştirak edə bilərlər.

2.2. Tələbələr imtahan cədvəlinə uyğun olaraq göstərilən vaxtda imtahanda iştirak etməlidirlər. Tələbə imtahanda iştirak etmədiyi halda qiymət cədvəlində «gəlmədi», imtahana buraxılmadığı halda «buraxılmır» yazılır.

2.3. İmtahanın başladığı saatdan sonra  gələn tələbələr imtahana buraxılmır. Bu zaman imtahan zalına hər hansı bir yolla daxil olan və imtahan verən tələbələr barəsində müvafiq qaydada akt tərtib olunur, tələbənin imtahan nəticəsi ləğv edilir.İmtahan başlandıqdan sonra tələbələrin imtahan otağını müvəqqəti tərk etməsinə icazə verilmir.

2.4. Tələbələr imtahana tələbə bileti ilə buraxılırlar. Tələbə bileti olmadıqda tələbə olması haqqında dekanlığın müvəqqəti arayışı ilə imtahana buraxıla bilər.

2.5. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

2.6. Müəyyən olunmuş tarixdə imtahanda iştirak etməyən tələbələr (fors major hallar istisna olmaqla) sessiya müddətində bunun üzrlü səbəbi haqqında təsdiqedici sənədlərlə birgə universitet Rektorunun adına ərizə ilə müraciət etməlidir. Ərizə müsbət cavanlandığı halda tələbəyə növbəti semestr başlayana qədər ödənişsiz imtahan təşkil oluna bilər. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbənin həmin fəndən imtahanın nəticəsi “qeyri-kafi” kimi sayılır və həmin tələbələr ödənişsiz təkrar imtahana buraxılmırlar.

2.7. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzürlü səbəbdən imtahanda iştitak etməyən tələbələr istisna olmaqla) akademik borcu yaranmış fənn üzrə  һәг semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (һәг fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər.

2.8. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlamasına bir həftə qalmış müddətə qədər təkrar imtahan təşkil olunur və həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ii 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarfnm 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizi miqdarında müəyyən edilir.

2.9. Təhsil aldığı semestr üzrə (o cümlədən akademik borc qrupunda oturduğu fənn üzrə) semestr imtahanlarının başlanmasına 2 həftə qalmışa qədər müddətdə təhsil haqqını ödəməyən tələbələr imtahanlara buraxılmırlar (ərizə ilə müraciət əsasında müəyyən müddətə möhlət hüququ verilmiş tələbələr istisna olmaqla).

3. İmtahanların təşkili

3.1. Azərbaycan Dillər Univeristetində payız, yaz semestrləri eləcə də yay semestrinin imtahanları akademik təqvimə uyğun olaraq keçirilir və rektorun əmri ilə rəsmiləşdirilir.

3.2. Bütün imtahanlar Biliyin qiymətləndirilməsi şöbəsi və fakültə dekanlığı ilə birgə tərtib edilən cədvəl əsasında aparılır. İmtahan cədvəli sessiyaya ən azı 1 ay qalmış rektor və ya prorektor tərəfindən təsdiq edilir. Imtahanlar arası hazırlıq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılır.

3.3. İmtahanlar əsasən bakalavriat və magistratura təhsil səviyyələrində, doktorantura pilləsində  yazılı və şifahi formada aparılır. Ancaq sağlamlıq imkanları məhdud və ya imtahan dövründə sağlamlıq imkanları müvəqqəti məhdudlaşan (görmə, eşitmə və ya yuxarı ətraf orqanlarının müvəqqəti zədələnməsi), lakin imtahanda iştirak edə bilən tələbələrin imtahanları,  istisna hal kimi  Biliyin qiymətləndirilməsi şöbəsinin müəyyən etdiyi və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan formada aparılır. Bu zaman müvafiq ixtisaslaşmış həkim komissiyasının rəyi və ya sənədi təqdim olunmalıdır.

3.4. Sessiyanın gedişi zamanı imtahanların nəticəsi ilə bağlı yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi Azərbaycan Dillər Univeristetinin univeristet üzrə  Apellyasiya Komissiyası və fakültələr üzrə Appelyasiya komissiyaları tərəfindən həyata keçirilir.

3.5. Tələbə imtahan nəticələrindən narazı qaldıqda, nəticələr elan olunduğu gün və ondan sonrakı iş gününün sonunadək Biliyin qiymətləndirilməsi şöbəsinin müəyyən etdiyi vaxtda imtahan vərəqinə baxa bilər. Verilmiş baldan narazı qaldığı halda fakültə üzrə  Apellyasiya Komissiyasına ərizə ilə müraciət edə bilər.

3.6. Apellyasiya Komissiyası ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər ADU-nun Elmi Şurasının 25 dekabr 2024-cü il tarixli qərarı ilə (protokol 41) təsdiqlənmiş Azərbaycan Dillər Universitetinin “Appellyasiya komissiyasının əsasnaməsi” ilə tənzimlənir. 

3.7. İmtahanların keçirilməsinin təşkili və imtahan prosesində yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi Azərbaycan Dillər Universitetinin rektorunun əmri ilə yaradılan İmtahan qərargahı tərəfindən həyata keçirilir.

 

4. İmtahanların keçirilməsi

4.1. Hər bir tələbə imtahan qaydalarına dəqiq riayət edilməsinin vacibliyini dərk etməli, qadağan olunmuş hərəkətlər etməməli və ya buna cəhd göstərməməlidir.

4.2. Tələbə Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən hazırlanan və şəxsi kabinetdə yerləşdirilən “İmtahan davranış qaydaları” ilə əvvəlcədən tanış olmalıdır. Qaydaların bilinməməsi tələbəni qaydaların pozulmasından irəli gələn cəzadan azad etmir.

4.3. İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl edilməlidir.

4.4. İmtahanlar Əsas tədris binasında İdman zalında, 2 nömrəli tədris binasında isə Akt zalında keçirilir. Zərurət yarandıqda isə digər tədris otaqlarında, qiraət zallarında təşkil edilə bilər.

4.5. İmtahan prosesi saat 0900-2000 müddətini əhatə edir. İmtahanın vaxtında başlanılması üçün tələbələrin müəyyən edilmiş vaxtdan yarım saat əvvəl imtahan zalının qarşısında hazır olmaları tələb olunur.

4.6. İmtahanlar bir qayda olaraq 2 (iki) saat davam edir.

4.7. İmtahan suallarının sayı tədris olunan kursu (fənni) tam əhatə etməlidir. Suallar sillabusa uyğun olmalıdır. İmtahan suallarının siyahısı imtahan keçiriləcəyi tarixdən ən azı 1 ay əvvəl fənn müəllimi tərəfindən tələbələrə təqdim edilməlidir.

4.8. Praktik fənn üzrə imtahan üçün tərtib edilmiş biletlərin sayı qrupdakı tələbənin sayına mütənasib olmalıdır.

4.9. Yazılı imtahanlarda ümumi fənn blokuna aid fənlər üçün hər bir biletdə 5 sual olur və hər sual 10 balla qiymətləndirilir.Dil bacarıqları, öyrənilən əsas dil, ixtisasyönümlü xarici dil fənlərindən fənnin təlim nəticələrinə uyğun, bacarıq və vərdişlərin effektiv öyrədilməsi məqsədilə hər bir suala verilmiş bal nisbəti sualın çətinlik dərəcəsindən asılı olaraq dəyişə bilər. 

4.10. Semestrin başlanğıcından 1 (bir) ay müddətində imtahan sualları fənnin tədris edildiyi kafedra tərəfindən Biliyin qiymətləndirilməsi şöbəsinə təhvil verilməlidir. Şöbə biletlərin tərtibatının texniki tərəfinə məsuliyyət daşıyır.  Tərtib olunmuş imtahan bilərlərinin  akademik doğruluğu çap olunmazdan əvvəl fənni tədris edən müəllim, bölmə rəhbəri və ya kafedra müdiri tərəfindən təsdiq olunur. Çapdan öncə imtahan biletləri Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən nəzarətdən keçirilir. 

4.11. İmtahan zamanı biletdə sillabusa uyğun olmayan, dərs zamanı keçilməyən, qeyri-müəyyən məzmunda, anlaşılmaz suallar aşkarlanarsa, bu zaman fənni tədris edən müəllim və kafedra müdiri məsuliyyət daşıyır.

4.12. Kənar şəxslərin imtahanlarda və apellyasiya yoxlama prosesində iştirakı yalnız Rektorun icazəsi ilə həyata keçirilə bilər.

 

5. Tələbələrin imtahan zalına daxil olması və tərk etməsi qaydası

5.1. Tələbə imtahan zalına tələbə bileti və ya tələbə biletini əvəz edən arayışla daxil olur. Tələbə biletini təqdim etməyən tələbə imtahandan kənarlaşdırılır.

5.2. Səhhətində yaranan narahatlıq halı istisna olmaqla imtahan zalını (otağını) icazəsiz tərk edən tələbə həmin imtahana yenidən buraxılmır.

5.3. Tələbələrin imtahan təyin olunan vaxtdan gec olaraq auditoriyaya və ya imtahan zalına daxil olması qəti yolverilməzdir.

 

6. İmtahan nəticələrinin ləğv edilməsinə səbəb olan hallar

6.1. İmtahan zamanı aşağıdakı halların aşkarlanması həmin nəticələrin ləğvinə və tələbələr barəsində müvafiq intizam tədbirlərinin görülməsinə əsas yaradır:

6.1.1. Tələbələrin öz aralarında bir-birinə kömək etmək məqsədli olmasına əsaslı şübhə yaradan və bir neçə dəfə müşahidə edilən danışması;

6.1.2. İmtahanı keçirilən fənnə aid qeydlər olan kağızın bir tələbənin digərinə verməsi və ya digərindən alması;

6.1.3. İmtahanda digər tələbənin yazısından köçürməyə cəhd etməsi və ya köçürməsi;

6.1.4. Digər tələbənin köçürməsinə şərait yaratmağa cəhd etməsi;

6.1.5. İmtahan başlayandan sonra istifadə edib-etməməsindən asılı olmayaraq tələbədə konspekt, mobil telefon, “ağıllı” saat, mikroqulaqcıq, məsafədən ötürmə cihazı və s. digər yardımçı vasitənin aşkar edilməsi;

6.1.6. İmtahanda nəzarətçinin və ya imtahana məsul şəxsin əsaslı xəbərdar­lığına qarşı etiraz və ya kobud rəftar edilməsi, habelə zalda səs-küy yaradılması;

6.1.7. Cavab kağızını göy rəngdən başqa digər rəngli (qara, qırmızı, bənövşəyi və s.) qələmlərlə, sadə karandaşla yazması;

6.1.8 Cavab kağızında xüsusi işarələr, xətt, qeydlər aparması;

6.1.9. Başqa bir tələbənin əvəzinə imtahan verməyə cəhd edilməsi və ya  imtahan verməyin aşkar olunması;

6.1.10. İmtahan vərəqinin istənilən hissəsində sualın cavabına aidiyyəti olmayan ifadələrin, xüsusi işarələrin, simvolların, ad və ya soyadın, müəyyən qədər bala ehtiyacın olması və s. bu kimi ixtiyari əlavə məlumatverici qeydin yazılması;

6.1.11. İmtahan bitdikdən cavab vərəqini nəzarətçiyə təhvil vermədən tələbənin imtahan zalını tərk etməsi;

6.1.12. Tələbənin hər hansı bir üzrlü səbəb olmadan nəzarətçilərdən icazəsiz zalı (auditoriyanı) tərk etməsi.

 

7. İntizam pozuntusu halına dair protokolun tərtib edilməsi qaydası

7.1. Tələbələrin intizam pozuntusu halına yol verməsi faktı aşkar olduqda dərhal protokol tərtib olunur. Protokol imtahan nəzarətçiləri, Daxili nəzarət və Biliyin qiymətləndirilməsi şöbəsinin əməkdaşı və tələbə tərəfindən imzalanır.

7.2. Barəsində protokol tərtib edilən tələbə protokolu imzaladıqdan sonra  imtahan  zalını tərk edir. Tələbə protokolu imzalamaqdan imtina etdiyi halda bu barədə protokolda nəzarətçilər tərəfindən müvafiq qeydiyyat aparılır.

7.3. Protokolun əsli aidiyyəti üzrə Daxili nəzarət şöbəsinə, surəti isə Keyfiyyətin təminatı və monitorinq şöbəsi və  Biliyin qiymətləndirilməsi şöbələrinə təqdim edilir.

7.4. Protokol tərtib olunan tələbənin imtahan nəticəsi Biliyin qiymətləndirilməsi  şöbəsi tərəfindən dərhal ləğv edilir.

7.5. Barəsində protokol tərtib olunan tələbələr işləri ləğv olunan fənn üzrə imtahanı yenidən dinləyərək (alt qrup və ya yay məktəbində ) verə bilərlər.

7.6. İntizam pozuntusu halı haqqında Keyfiyyətin təminatı və monitorinq və Daxili Nəzarət şöbələri tərəfindən Rektora intizam tədbirinin görülməsinə dair təqdimat verilir.

 

8. Tələbənin təkrar imtahanlarında iştirakı qaydası

8.1. Cari və əvvəlki semestrlərdən yaranmış akademik borcun ləğvi üçün fənni yenidən dinləmədən fənnin kreditinə müvafiq hesablanan məbləğin 25%-i məbləğində ödəniş edilməklə təkrar imtahan keçirilir.

8.2. Əvvəlki semestrlərdə yaranmış akademik borclar üzrə təkrar imtahanlar sessiya müddətində, cari semestrdən yaranmış akademik borclar üzrə isə sessiya bitdikdən sonra növbəti semestr başlayana qədər keçirilir.

8.3. Tələbələr üçün bir semestrdə cari və əvvəlki semestrlərdən yaranmış akademik borcların ləğvi məqsədilə maksimum 2 (iki) fəndən təkrar imtahan keçirilir. Bu məhdudiyyətin gözlənilməsinə fakültə dekanları, Biliyin qiymətləndirilməsi şöbəsi məsul hesab edilir.

8.4. Əvvəlki semestrlərdən yaranan akademik borc üzrə təkrar imtahan tələbənin həmin fənni (fənləri) son dəfə dinlədiyi semestr ərzində topladığı imtahanaqədər bal əsasında təyin olunur.

8.5. Tələbə son dəfə fənni (fənləri) dinlədiyi zaman davamiyyət limitini keçdiyi halda, onun həmin fənn üzrə əvvəlki istənilən imtahanaqədər topladığı bal əsasında təkrar imtahan təyin olunmur. Bu halda təhsilalan həmin fənn (fənlər) üzrə krediti alt qrupda, yaxud yay semestrində dinləməklə qazana bilir.

8.6. Müvafiq qaydada təyin olunmaqla keçirilən təkrar imtahana üzrsüz səbəbdən  gəlməyən tələbələr üçün həmin fənlərdən yenidən imtahan keçirilmir. Onlar növbəti semestrlərdə həmin fənn üzrə akademik borcunu fənni (fənləri) alt qruplarda yenidən dinləmək və müvəffəq qiymət almaqla aradan qaldıra bilirlər.

8.7. Tələbələr akademik borcu yaranmış fənni alt qrupda dinlədiyi zaman davamiyyət limitini keçdiyi və bu səbəbdən imtahana buraxılmadığı halda, onların  davamiyyətsizliyi 25 faizdən yuxarı olduqda həmin fənni (fənləri) yenidən alt qrupda dinləyir.

8.8. Alt qrupda dinlədiyi fəndən nəticəsi “Qeyri-müvəffəq” olan tələbələrə həmin fənn (fənlər) üzrə də təkrar imtahan keçirilir.

8.9. Fənni yenidən dinləmədən təkrar imtahan (25%) verən tələbələr isə həmin semestr nəticəsinə görə təqaüd müsabiqəsində iştirak etmir.

 

9. Tələbələrin üzrlü səbəbdən imtahanlarda iştirakı qaydası

9.1. Üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün akademik təqvimlə müəyyən edilmiş dövrlərdə Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən müvafiq qaydada Rektorla razılaşdırılmaqla imtahanlar keçirilir.

9.2. Üzrlü səbəblə bağlı müvafiq sənədi vaxtında təqdim edə bilməyən tələbələr (üzrlü səbəbi hələ də davam edən və ya elə həmin gün üzrlü səbəbi yarananlar) bir qayda olaraq həmin gün dekanlığına şifahi formada məlumat verir. Əks halda onların həmin fənn(lər)dən üzrlü imtahanda iştirakı “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında əsasnamə”nin 14-cü bəndinə müvafiq olaraq təmin edilmir.

9.3. Üzrsüz səbəbdən  imtahana gəlməyən tələbələr üçün həmin semestrdə eyni fənn (fənlər) üzrə təkrar imtahan keçirilmir. Bu halda həmin fənn (fənlər) üzrə kredit tələbələr istəkləri əsasında növbəti semestrlərdə fənni alt qrupda dinləməklə və ya təkrar imtahanda, habelə yay semestrində iştirak etməklə qazanılır.

9.4. Üzrlü səbəbdən imtahanlarda iştirak edən tələbə həmin semestr nəticəsinə görə təqaüd müsabiqəsində iştirak edir.

 

10. Təhsil haqqı borcuna görə imtahanların “bloklanması”

10.1. Təhsil haqqını müəyyən edilən vaxtda ödəmədiyi halda tələbələrin sessiya imtahanlarında iştirakına icazə verilmir.

10.2. Tələbənin təhsil haqqı ödənişini ödəməkdə çətinliyi yarandığı halda, yanlız Rektorun icazəsi ilə müəyyən olunmuş müddət istisna hal kimi uzadıla bilər.

 

11. İmtahan nəzarətçisinin vəzifələri

11.1. Nəzarətçi təyin olunduğu vaxtdan 30 dəqiqə əvvəl imtahan zalına gəlmək və tələbələrin zala daxil olmasını təmin etmək üçün hazırlıq işlərini (otağın işıqlandırılması, havalandırılması və s.) görmək.

11.2. İmtahan zalına daxil olan tələbələrin ön sıralardan başlayaraq oturmalarını təmin etmək.

11.3. İmtahan verən tələbələrin tələbə biletlərində olan məlumatlarla uyğunluğunu yoxla­maq və hər hansı uyğunsuzluq aşkar olunduğu zaman, dərhal bu barədə Keyfiyyətin təminatı və monitorinq  və Biliyin qiymətləndirilməsi  şöbələrinin nümayəndəsinə məlumat vermək.

11.4. İmtahanda istifadəsi zəruri olan vasitələri olmayan tələbələrin, digərlərindən həmin vasitələri istəmələrinə imkan verməmək (göy qələm, karandaş və s.)

11.5. İmtahan zamanı başqa tələbənin əvəzinə imtahana daxil olan, köçürən, köçürməyə cəhd göstərən, bir-biri ilə danışan və ya digər intizam pozuntusuna yol verən tələbələr haqqında fakültə əməkdaşının iştirakı ilə “İntizam pozuntusuna dair protokol” tərtib etmək və həmin protokolun əslini Daxili Nəzarət şöbəsinə, surətini isə Keyfiyyətin təminatı və monitorinq və Biliyin qiymətləndirilməsi şöbələrinin korpus üzrə nümayəndələrindən birinə təqdim etmək.

11.6. İmtahanı bitirən tələbələrin imtahan zalını ləngimədən tərk etmələrini təmin etmək.

11.7. Yazı işlərini toplamaq və Biliyin qiymətləndirilməsi şöbəsinə təhvil vermək.

 

12. İmtahanlarında iştirak edən nəzarətçinin tələbələrlə davranışında aşağıdakı hallara yol verilmir:

12.1. Hər hansı məsələ ilə bağlı qısa müddətli məsləhətləşmək istisna olmaqla imtahan gedən zaman digər nəzarətçilərlə danışmaq və ya onlarla yan-yana duraraq nəzarət etmək.

12.2. İmtahan zalında telefonla danışmaq və ya nəzarətçi olduğu müddətdə daima bir yerdə durmaqla tələbələrə nəzarət etmək.

12.3. Tələbələrə irad bildirən zaman səs tonunu yüksəltməklə zalda səs-küy yaratmaq.

12.4. İntizam pozuntusuna dair ciddi şübhə olmadan tələbəni ayağa qaldırmaq və onun vaxtını almaq.

12.5. Tələbələrə qarşı şəxsi qərəz nümayiş etdirmək (daima bir tələbənin yanında dayanmaq, tələbənin diqqətini imtahandan yayındırmaq və s.)

12.6. Tələbələrin xarici görünüşü ilə əlaqəli (saç düzümü, saqqal saxlaması, geyindiyi paltarı və s.) istənilən təhqiredici ifadələr istifadə etmək və ya irad bildirmək.

12.7. Protokol tərtib edilən tələbə imtahan zalından çıxmaqdan imtina etdiyi halda, onunla mübahisə etmək (istənilən halda protokol əsasında qiymət alsa belə tələbənin imtahan nəticəsi sonradan sistemdə pozulur. Bunun üçün yalnız müvafiq qaydada protokol tərtib edib imzalamaq kifayətdir).

12.8. İmtahan gedişinə maneə yaradan və mövcud qaydalardan kənar istənilən davranışa yol vermək.

 

13. İmtahan cavablarının yoxlanılması və nəticələrin elan olunması

13.1. Fakültə dekanı və fənni tədris edən kafedranın müdiri fənn üzrə imtahan cavablarının yoxlanması üçün müəllimlərin prosesə vaxtında cəlb edilmələrinə görə cavabdehdir.

13.2. Bir qayda olaraq yazılı imtahan cavabları həmin fənni tədris edən müəllimlər tərəfindən yoxlanılır.

13.3. Müəllimlər imtahan cavablarını yoxlayarkən tələbənin verilmiş sualı düzgün cavablandırmadığı hissələrdə, həmçinin hər suala hansı səbəblə müvafiq qiyməti yazdığını əsaslandıran qeydlər aparır.

13.4. Müəllim imtahan cavablarını yoxladıqdan sonra nəticələr tələbənin şəxsi kabinetində öz əksini tapır.

13.5. İmtahan cavablarını yoxlayan müəllim tərtib edilmiş imtahan vərəqini imzalayır.

13.6. İmtahan vərəqləri növbəti imtahan sessiyasına qədər Biliyin qiymətləndirilməsi şöbəsində saxlanılır.

13.7. İmtahan cavablarının yoxlanmasına müəllimin gəlməməsinə və ya gec gəlməsinə görə kafedra müdiri, nəticələrin vaxtında elan olunmamasına görə Elektron qeydiyyat şöbəsi məsuliyyət daşıyır

 

14. İmtahan nəticələrindən narazılıq və onun araşdırılması qaydaları

14.1. Tələbə, valideyn və ya müəllim imtahan prosesi və onun nəticələrindən narazılığını sessiya dövründə fəaliyyət göstərən fakültə və universitet üzrə Appellyasiya komissiyalarına, İmtahan Qərargahına bildirə bilər.

14.2. Tələbə imtahan prosesindən narazılığını imtahandan sonrakı növbəti iş gününün sonunadək, qiymətləndirmədən narazılığını isə imtahan nəticəsi elan olunduğu gün və növbəti iş gününün sonunadək bildirə bilər.

14.3. Əgər müraciət imtahan nəticəsi ilə bağlı olarsa, о zaman tələbəyə müvafiq dekanlıq tərəfindən apellyasiya ərizəsi təqdim olunur və tələbə həmin ərizəni doldurub fakültə üzrə Apellyasiya Komissiyasına təqdim edir.

14.4. Apellyasiya ərizəsi komissiyaya təqdim edildikdən sonrakı proses ADU-nun 25 dekabr 2024-cü il (Pr.41) tarixli Elmi Şurasının qərarı ilə təsdiq olunmuş “Azərbaycan Dillər Universitetinin Appellyasiya Komissiyasının Əsasnaməsi” ilə tənzim olunur.

14.5. Əgər apellyasiya baxışı nəticəsində tələbənin yekun qiymətində bal artırılması və ya azaldılması olursa, о zaman bunun səbəbləri ilə bağlı müəllimlərin birgə və ya ayrı-ayrılıqda yazıb Apellyasiya Komissiyasına təqdim etməsi tələb olunur.

14.6. Universitet üzrə Apellyasiya Komissiyasının yekun qərarından tələbənin apellyasiya vermək hüququ yoxdur.

14.7. Zərurət yarandıqda və xüsusi hallarda yoxlamaya rektorun qərarı ilə digər təhsil müəssisəsinin müvafiq ixtisaslı müəllimləri də cəlb edilə bilər.

14.8. İmtahan qaydalarını pozan tələbələrin protokolları və imtahan prosesində (biletlərin tərtibində, qiymətləndirmə və apellyasiya zamanı və s.) səhvlərə yol vermiş universitet əməkdaşları haqqında şikayətlər tədbir görülmək üçün Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən İmtahan qərargahına  təqdim olunmalıdır.

 

 

15. Yekun müddəalar

15.1. Bu təlimat kollegial formada hazırlanır və Elmi Şurada təsdiq olunur.

15.2. Keyfiyyətin təminatı və monitorinq şöbəsi tədris ili müddətində imtahan sessiyası və nəticələri barədə təhlillər apararaq Elmi Şurada hesabat verir.