Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “25” dekabr 2024-cü il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №41).

 

 

Azərbayca Dillər Universitetinin Elmi-metodiki Şurasının

 

ƏSASNAMƏSİ

 

 

1. Umumi müddəalar.

1.1. Azərbaycan Dillər Universitetinin (bundan sonra ADU) Elmi-metodiki Şurası (bundan sonra EMŞ) tədris prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltməyə xidmət edən, kollegial, istiqamətverici, məşvərətçi və daimi fəaliyyət göstərən orqandır.

1.2. EMŞ-ın fəaliyyəti fakültə və kafedraların tədris prosesinin keyfiyyətini yüksəltmək üçün səylərin birləşdirilməsi, bu istiqamətdə səmərəli elmi-metodiki dəstəyin göstərilməsi və müvafiq tədbirlərin hazırlanması, fakültələrdə və kafedralarda planlaşdırılan tədris-metodiki işin müvafiq tələblər səviyyəsində icrasına nəzarətdən ibarətdir.

1.3. EMŞ-ın tərkibi universitet Elmi Şurası tərəfindən açıq səsvermə yolu ilə, universitetin yüksək ixtisaslı professor-müəllim heyəti arasından seçilir. TMŞ-ya tədris məsələləri üzrə prorektor rəhbərlik edir.Şuranın işinə universitet Elmi Şurası nəzarət edir.

1.4. EMŞ öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa, Azərbaycan Respublikasında təh­silin inkişafı üzrə Dövlət Strategiyasına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrlərinə və kollegiya qərarlarına, ADU-nun Nizamnaməsinə onun Elmi Şurasının və rektorunun qərar və əmrlərinə, həmçinin bu əsasnaməyə əsaslanır.

1.5. EMŞ-ın səlahiyyət müddəti 3 ildir.

1.6. EMŞ İlk iclasında sədr müavinini seçir və illik fəaliyyət planını qəbul edir

1.7. EMŞ-ın hər hansı üzvü ADU əməkdaşlarının sıra­sından çıxdıqda həmin şəxs EMŞ-ın tərkibindən xaric edilir.

1.8. EMŞ vəzifələrini yerinə yetirərkən ADU-nun rəhbər orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.9. Ehtiyac yarandığı zaman EMŞ-ın tərkibində müxtəlif komissiyalar yaradıla bilər.

 

 

2. Elmi-metodiki Şuranın fəaliyyət istiqamətləri.

2.1. Elmi -metodiki işin əsas istiqamətlərini müvafiq fəaliyyət planlarında əks olunmaqla müəyyən etmək.

2.2. Elmi-metodiki işin koordinasiyası və ona nəzarət.

2.3. Elmi-metodiki işlə bağlı yaranan problemlərin həlli.

2.4. Elmi-metodiki işə cavabdeh olan struktur bölmələrə rəhbərlik.

2.5. Təcrübə mübadiləsinin təşkili və qabaqcıl təcrübənin tətbiqi.

2.6. Professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması üzrə işin təşkili.

2.7. Aşağıda qeyd olunan istiqamətlər üzrə fakültələrdə təşkil olunmuş və fəaliyyət göstərən Elmi-metodiki qrupların işinin koordinasiyası və nəzarətinin həyata keçirilməsi:

2.7.1. ADU üzrə təhsil standartlarının müzakirəsi, mütə­xəssis hazırlığı həyata keçirən bütün ixtisas və ixtisaslaşmalar üçün tədris planlarının və fənn proqramlarının hazırlanması.

2.7.2. Fənn proqramlarının, sillabusların ekspertizasının keçirilməsi.

2.7.3. İnnovativ xarakterli texnologiyalardan istifadə daxil olmaqla tələbələrin peşə hazırlığına dair qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi.

2.7.4. Tədris olunan fənlər üzrə tələbələrin akademik nailiyyətlərinin monitorinqinin yeni formalarının müzakirəsi, onların həyata keçirilməsi üçün tövsiyələrin hazırlanması.

2.7.5. Normativ hüquqi aktların, yuxarı dövlət orqanlarından daxil olan təlimatların icrası ilə bağlı tədbirlərin müəyyən olunması, onların təşkili və icrasına nəzarət.

2.7.6. Tələbələrin sərbəst işlərinin planlaşdırılması və elmi-metodiki təminatı.

2.7.7. Ayrı-ayrı fənlərin tədrisi vəziyyətinin araşdırılması, təhlili, fənlərin metodiki təminat keyfiyyətinin qiymətləndirilməsi və gənc müəllimlərə metodiki dəstəyin göstərilməsi.

2.7.8. Seçmə fənlərin müəyyən olunması, təhlil olunması və seçilməsi mexanizminin daim təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.

2.7.9. Dərslərin dinlənilməsinin təşkili, dərslərin keyfiyyətinin qiymətləndirilməsi.

2.7.10. Tədris prosesinin təşkili, təlimin yeni texnologiya­larının tətbiqi, tələbə biliyinin qiymətləndirilməsinə dair məsələlər üzrə müəllimlərə metodiki seminarların, təlimlərin təşkil olunması.

2.7.11. Kafedralarda dərs yükünün müəllimlər arasında normativ qaydalara uyğun bölünməsinə nəzarət edilməsi, saathesabı qaydada kənardan cəlb olunan müəllimlərin peşəkarlığı ilə bağlı tövsiyələr verilməsi.

2.7.12. Semestr imtahanlarını keçirmək üçün tərtib olunmuş biletlərin təhlilinin aparılması, onların tədris olunan kursu tam əhatə etməsinin, sualların anlaşılan və konkret olmasının müəyyənləşdirilməsi.

2.7.13. Tədris və tədris-metodiki nəşrlərin (dərslik, dərs vəsaiti və s.) əlyazmalarının müzakirəsinin təşkil edilməsi və nəşrə tövsiyyə edilməsi

2.7.14. Tələbələrin dərslik, dərs vəsaitləri və tədris-metodiki ədəbiyyatla bağlı məsələlərinin araşdırması, təkliflər verməsi və nəzarət edilməsi

2.7.15. Təcrübələrin təşkili və keçirilməsi ilə bağlı təhlillərin aparması və təkliflər verməsi.

2.7.16. Fakültələrdə elmi-metodiki tədbirlərin keçirilməsi, tədris prosesinin maddi-texniki, metodiki və kadr təminatının qiymətləndirilməsi;

2.7.17. Elmi-metodiki konfransların,seminar, müsabiqə və s. keçirilməsi.

 

 

3. Elmi-metodiki Şuranın işinin təşkili

3.1. EMŞ öz fəaliyyətini bütün tədris ili ərzində həyata keşirir.

3.2. EMŞ-ın ayda bir dəfə olmaqla iclası təşkil olunur. Üzvlərin yarıdan şoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır.

3.3. Şuranın işinin təşkilinə və fəaliyyət planının icrasına nəzarəti Şuranın sədri, sədr olmadıqda isə sədr müavini həyata keçirir.

3.4. İclaslarda qərarlar iştirak edən EMŞ üzvlərinin sadə səs çoxluğuna əsasən açıq səsvermə yolu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin (sədr olmadığı halda müavinin) səsi həlledici olur.

3.5. Şuranın iclasları protokollaşdırılır.

3.6. EMŞ üzvlərinin iclaslarda iştirakı məcburidir. Şura iclaslarında mütəmadi iştirak etməyən üzv sədrin təqdimatına əsasən Elmi Şura tərəfindən tərkibdən xaric edilir. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən üzv bu barədə EMŞ-ın sədrinə (olmadıqda müavinə) məlumat verməlidir.

 

4. Yekun

4.1. Bu əsasnamə ADU-nun rektoru tərəfindən imzalandığı gündən qüvvəyə minir.

4.2. Hər fakültənin tərkibində yaradılmış Fakültə Metodiki Qrup bu əsasnamə əsasında öz əsasnaməsini hazırlayıb fakültə Elmi Şurasına təqdim edir. Fakültə Metodik Qruplar hər tədris ilinin sonunda ADU-nun EMŞ-na hesabat verir.

4.3. Bu əsasnaməyə dəyişikliklər və əlavələr ADU Elmi Şurasının və rektorunun qərarı ilə aparıla bilər.