Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “25” dekabr 2024-cü il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №41).

 

 

Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin əvvəlki kreditlərinin tanınması

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli № 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyə­lərində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və əsasən hazırlanmışdır və bakalavriat və magistratura səviyyələrinə qəbul olunmuş və hal-hazırda təhsil alan tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması qaydalarını müəyyən edir.

1.2. Əvvəlki kreditlərin tanınması yerli və xarici universitetlərarası əlaqəni möhkəmləndirir, tələbə mobilliyini təmin edir.

1.3. Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.

1.4. İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.

1.5. İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.

1.6. Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.

1.7. Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur.

1.8. Akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.

 

 

2. Əvvəlki kreditlərin tanınması

2.1. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Dillər Universiteti (bundan sonra ADU) tərəfindən mövcud qanunvericiliyin tələblərinə əsasən tanınır.

2.2. ADU-da hər fakültə üzrə rektorun əmri ilə kreditlərin tanınması üzrə komissiya  yaradılır. Komissiya fakültə tərəfindən daxil olmuş sənədlər əsasında tələbənin əvvəl müvəffəqiyyət qazandığı  fənlərlə tədris alacağı müvafiq proqram üzrə fənlərin ekspertizasını aparır, uyğunluq dərəcəsini müəyyənləşdirir. Kreditlər və məzmun uyğunluğu müəyyən olunan fənlərlə bağlı rəy və təkliflər verir.

2.3. Fakültə dekanı komissiyanın  rəyinə əsasən tələbəni krediti və məzmunu uyğun olan fənlərin tədris məşğələlərindən və attestasiyasından azad edir. Bu barədə rəsmi sənədləşməni həyata keçirir və tələbəyə rəsmi məlumat verir.

2.4. Tanınan kreditlərin nəzərə alınması istiqamətində tələbəyə fərdi planının hazırlamasında tövsiyə və dəstək verir. Bu işdə tyutorların yaxından iştirakını təmin edir.

 

 

3. Əvvəlki kreditlərin tanınması üçün tələb olunan sənədlər

3.1. Akademik transkript.

3.2. Diploma əlavə (II ali təhsil alan tələbələrə münasibətdə)

3.3. Akademik arayış (digər ali təhsil müəssisəsindən köçürülən tələbələrə münasibətdə)

3.4. Fənnin kreditlərini, məzmununu özündə əks etdirən rəsmi  sənəd. (fənnin təsviri, sillabus və s.)

3.5. İxtisasın tədris planı və ya işci tədris qrafiki.

 

 

4. Komissiyanın bütün fəaliyyəti protokollaşdırılır və müvafiq fakültədə saxlanılır.