Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “25” dekabr 2024-cü il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №41).

 

Azərbaycan Dillər universzitetinin Apellyasiya Komissiyasının

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar.

1.1. Azərbaycan Dillər Universitetinin (bundan sonra Universitet) Apellyasiya Komissiyasının (bundan sonra Komissiya) statusu, fəaliyyəti və idarəetməsi Azərbaycan Respublikasının təhsil qanunvericiliyi, Azərbaycan Dillər Universitetinin Nizamnaməsi, Universitetin Elmi Şurasının qərarları, həmçinin təhsilə dair əmək qanunvericiliyinin tələbləri və bu Əsasnamə ilə müəyyən edilir.

1.2. Bu Əsasnamə Azərbaycan Dillər Universitetində hər semestr ərzində keçirilən kollokviumlar (aralıq imtahanı), habelə sessiya imtahanları, Təcrübə komissiyası və İxtisas üzrə dil imtahanları nəticələrindən, eyni zamanda doktoranturaya qəbul imtahanları və fəlsəfə doktoru minimum imtahanları nəticələrindən narazı qalan təhsilalanların və iddiaçıların Apellyasiya Komissiyasına müraciət etməsi, apellyasiya müraciətinə baxılması və müvafiq qərarın qəbul edilməsi qaydalarını müəyyən edir.

1.3. Əsasnamənin hazırlanmasında məqsəd “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11,09.2008-ci il tarixli 1060 nömrəli “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalav­riat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın müvafiq bəndləri ilə müəyyən edilmiş tələblərin icrası zamanı obyektivliyin və şəffaflığın təmin olunmasına nail olmaqdır.

 

 

2. Apellasiya Komissiyasımn yaradılması, fəaliyyətinin təşkili.

2.1. Komissiyanın fəaliyyəti Rektorun əmri ilə təyin olunan prorektorun rəhbərliyi altında həyata keçirilir.

2.2. Komissiya universitetin Tədris işləri üzrə Prorektorunun təqdimatı əsasında Universitetin rektorunun əmri ilə yaradılır. Apellyasiya komissiyasının universitet üzrə üst komissiyası Ümumi işlər üzrə prorektor – sədr, sədr müavini, üzvlər və katib tərkibi ilə təmsil olunur. Fakültələr üzrə dekan, dekan müavini, katib, və üzvlərdən ibarət olan tərkibdə alt komissiyada təmsil olunur.

2.3. Komissiyanın sədri şikayətə baxılmasının şəffaf, ədalətli və obyektiv keçirilməsini təmin edir.

2.4. Sədr komissiyanın iclasında obyektiv səbəbdən iştirak edə bilmədikdə, onun vəzifə və səlahiyyətləri sədr müavini tərəfindən həyata keçirilir.

2.5. Komissiyanın katibi elektron apellyasiya sistemindən istifadə bacarığına malik olan əməkdaşlar arasından müəyyən edilir.

2.6. Alt komissiya üzvləri dekanların, kafedraların və aidiyyatı struktur bölmələrin əməkdaşları arasından semestrdə tədris olunan fənlər üzrə müəyyən edilir.

2.7. Komissiyanın gedişatında ehtiyac yarandığı təqdirdə üzv qismində professor-müəllim heyəti dəvət oluna bilər.

2.8. Komissiya tərəfindən şikayətlərə baxılarkən katib tərəfindən protokol tərtib edilir və apellyasiya şikayətinə baxılması və şikayətin nəticəsi protokollaşdırılır.

2.9. Apellyasiya komissiyasının üzvü nəticəsindən şikayət verilən imtahanda imtahanı yoxlayan (götürən) müəllim olduqda apellyasiya komissiyasının üzvü kimi apellyasiya şikayətinə baxılmasında iştirak edə bilməz. Hər hansı fənn üzrə imtahan nəticəsi barədə Komissiyaya müraciət edildikdə, bir qayda olaraq, fənni tələbəyə tədris etməyən və imtahan nəticələrinin qiymətləndirilməsində iştirak etməyən, həmin fənn üzrə mütəxəssis hesab olunan digərfənn müəllimi Komissiyanın işinə cəlb edilir.

 

 

3. Bakalavriat və Magistratura səviyyələri üzrə appell­yasiya qaydaları.

3.1. Bakalavriat və Magistratura səviyyələri üzrə appellyasiya qaydaları semestr ərzində keçirilən kollokviumlar (aralıq imtahanı), sessiya imtahanları, Təcrübə komissiyası və danışıq və dinləmə imtahan nəticələrindən narazı qalan və ya işini yenidə yoxlanılması üçün müraciət edən təhsilalanlar üçün tənzimlənir.

3.2. Fakültələr üzrə Appellyasiya komissiyaların sədrləri qismində (Alt komissiyalarda) dekanlar təmsil olunur.

3.3. Qiymətləndirmədən narazı olan tələbə imtahan qiymətləri elan edilən gün və ya iş gününün sonunda elan edildikdə növbəti is gününün sonunadək apellyasiya şikayəti üçün müəyyən edilmiş ərizə blankı formasının (dekanlıqda təsdiq olunan forma üzrə) özünə aid olan hissəni dolduraraq Appellyasiya komissiyasının fakültəı üzrə alt komissiyası - Dekanlığa müraciət edir.

3.4. Dekanlıq ərizəni qaldırılan məsələyə müvafıq olaraq Biliyin qiymətləndirmə şöbəsinə göndərir.

3.5. Apellyasiya şikayətinə 3 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.6. Apellyasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə ən azı 1 gün əvvəlcədən şikayət vermiş tələbəyə və dəvət edilmiş komissiyanın üzvünə (üzvlərinə) məlumat verilir.

3.7. Tələbə tərəfindən verilmiş apellyasiya şikayəti onun iştirakı ilə araşdırılır.

3.8. Komissiyanın üzvü şikayət vermiş tələbələrdən hər hansı biri ilə yaxın qohumluq münasibətində olduqda, yaxud apellyasiya şikayətinə baxılması prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda etiraz edir. Tələbə qeyd olunan halları əsaslandırmaqla, komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

3.9. Appellyasiya şikayətinə baxılarkən tələbə komissiyanın üzvlərinə və apellyasiya şikayətinə baxılmasında iştirak edən digər şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdikdə və ya apellyasiya şikayətinə baxılmasına maneçilik etdikdə komissi­yanın sədri tərəfindən xəbərdarlıq edilə və ya apellyasiya şikayətinə baxılmasından kənarlaşdırıla bilər. Tələbə apellya­siya şikayətinə baxılmasından kənarlaşdırıldıqda apellyasiya şikayətinə onun iştirakı olmadan baxılır.

3.10. Apellyasiya şikayətinə baxılması üçün tələbənin imtahan vərəqəsi, habelə digər zəruri sənədlər komissiyaya təqdim edilir.

3.11. Apellyasiya komissiyasının ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti vardır və onun qərarı tələbənin biliyinin yenidən qiymətləndirilməsi üçün əsas sayılır.

3.12. Apellyasiya şikayəti verilən blankın Komissiyaya aid hissəsi Komissiyanın katibi tərəfindən doldurulur. Blankda işi yenidən yoxlayan müəllim və digər iki məsul şəxs (dekan və kafedra müdiri, yaxud fənn komissiyasının sədri) öz imzaları ilə yoxlamanın nəticələrini müəyyənləşdirirlər.

3.13. Komissiya araşdırma nəticəsində aşağıdakı qərarlar­dan birini qəbul edir və Biliyin qiymətləndirilməsi şöbəsi tərəfindən təsdiqlənir:

– imtahanın nəticəsini qüvvədə saxlayır;

– imtahanın nəticəsini ləğv edib yenidən qiymətləndirmə aparır (bu zaman imtahan nəticəsi arta və ya azala bilər).

3.14. Apellyasiya ərizələrinin düzgün yoxlanılmasına nəzarət etmək məqsədilə komissiya tərəfindən seçmə üsul ilə yoxlanıl­mış apellyasiya ərizələrinin ekspertizası təşkil oluna bilər.

3.15. İmtahan nəticələrinini yenidən qiymətləndirilməsi zamani Apellyasiya Komissiyasının qərarı əsas götürülür.

3.16. Apellyasiya müraciəti əsasında yenidən qiymətlən­dirmə zamanı yazılı təşkil olunan kollokvium və imtahanlarda 2 baldan yuxarı, danışıq bacarığının yoxlanılması və şifahi təq­dimat şəklində təşkil olunan kollokvium imtahanın nəticəsinə birsuala 3 baldan artıq bal əlavə olunarsa komissiyaya kafedra müdiri və mütəxəssislərin cəlb olunması ilə araşdırma apara və artırılmış ballar təsdiqini taparsa inzibati tənbehin tətbiqi haqqında universitet rəhbərliyinə müraciət edilə bilər.

3.17. Apellyasiya müraciətlərinə baxılması ilkin yoxlanışını həyata keçirən müəllim tərəfindən həyata keçirilə bilməz.

3.18. Kollokvium və imtahan nəticələrinin təkrar yoxlanılması ilə bağlı bir dəfə apellyasiya ərizəsi qəbul edilir və qiymətləndirilmış apellyasiya ərizələri ilə bağlı təkrar müraciətlər qəbul olunmur. Zəruri hesab olunan hallarda aplellyasiya komissiyası ərizəni təkrar ekspertiza üçün kafedra əməkdaşlarına və ya kənar mütəxəssisə təqdim edə bilər. Bu halda son qiymətləndirmə nəticəsi kimi aparılmış bir neçə qiymətləndirmənin ədədi ortası qəbul olunur.

3.19. Apellyasiya komissiyası tərəfindən baxılmış müraciətlər üzrə nəticə­lərə dair növbəti semestr başlayandək katib tərəfindən protokol tərtib edilir və komissiya üzvləri tərəfindən imzalandıqdan sonra arxivləşdirilir.

3.20. Komissiyanın katibi tərəfindən cavablandırılmış apellyasiya müraciətlərinə dair qərar layihəsi hazırlanır və qərar qəbul edilməsi məqsədilə komissiya üzvlərinin müzakirəsinə təqdim olunur.

3.21. Apellyasiya komissiyasının katibi yekun qərarı komissiya üzvlərinin 2/3-nin iştirak etdiyi iclasda təqdim edir və qərar sadə səs çoxluğu ilə qəbul edilir.

 

 

4. Apellyasiya şikayətinə baxılması.

4.1. İmtahan suallarında nöqsanlar üzə çıxarsa (sualın məzmunu, fənnə uyğunluğu və s.), biletləri tərtib edən müəllim və kafedra müdiri müvafiq qaydada məsuliyyət daşıyırlar.

4.2. Apellyasiya müraciətinə əsas yaradan hallar aşağıdakılardır:

– imtahan suallarının tərtibində nəzəri və ya texniki səhv olduqda;

– hər hansı sualdan birinin cavabı yoxlanılmadıqda;

– imtahan suallarına verilən balların toplanması zamanı səhvə yol verildikdə;

– tələbə tərəfındən konkret suallara verilən balın adekvat olmadığı iddia edildiyi halda;

– yenidən imtahan və ya kollokvium təşkil edilməsi üçün əsas yarandıqda.

4.3. Apellyasiya komissiyasına ərizələrin qəbulu və onlara baxılması qaydaları:

4.3.1. İmtahan nəticələri elektron sistemə daxil edildikdən sonra tələbələr şəxsi kabinetində öz yazı işlərinə yoxlayıcı müəllimin hansı qeydlər aparması ilə bilavasitə tanış olduqdan sonra apellyasiya müraciəti edib-etməyəcəyinə dair qərar verir.

4.3.2. Apellyasiya ilə bağlı görüşdə iştirak etməyən tələbənin müraciətinə baxılmır. Üzrsüz səbəbdən gəlməyən tələbənin müraciətinə baxılmır, üzrlü səbəb olduqda isə imtahan sessiyası müddətində (müvafiq təsdiqləyici sənəd təqdim olunduqda) baxıla bilər.

4.4. Apellyasiya ərizələrinə müraciət daxil oduğu gündən sonrakı 3 gün müddətində baxılmalıdır;

4.5. Vahid sillabuslar üzrə təşkil olunan kollokvium və imtahanlar üzrə apellyasiya müraciətlərinə baxacaq müəllim siyahısı komissiya tərəfindən müəyyən edilir.

4.6. Bu Qaydalarla tənzimlənməyən digər məsələlər apellyasiya komissiyası tərəfindən müəyyən edilir.

 

 

5. Doktorantura pilləsi üzrə appellyasiya qaydaları.

5.1. Doktorantura pilləsi üzrə keçirilən imtahanlar ixtisaslar üzrə Rektor tərəfindən təyin olunan komissiya tərəfindən təşkil olunur.

5.2. Komissiya sədr və üzvlərdən ibarət olur. İmtahanlar şifahi şəkildə təşkil olunur.

5.3. Keçirilən imtahanlarda appellyasiyaya müraciət əsasən imtahan suallarında üzə çıxan nöqsanlar, habelə iddiaçının komissiya üzvlərinin verdiyi balla narazı olduğu halda baş tuta bilər.

5.4. Doktorantura pilləsi üzrə Apellyasiya komissiyasına ərizələrin qəbulu və onlara baxılması qaydaları:

5.4.1. İmtahan nəticələri elan edildikdən sonra iddiaçılar (doktorant və dissertantlar) apellyasiya müraciəti edib-etməyəcəyinə dair qərar verir.

5.4.2. Apellyasiyaya müraciət edən iddiaçılar Doktoran­tura şöbəsinin müdirinə müraciət edərək ərizə yazırlar.

5.4.3. Müraciət daxil oduğu gün 2 saat ərzində müraciətə baxılır.

5.4.4. Komissiya sədri iddiaçının yazdığı ərizə ilə bağlı iddiaçını qəbul edir və imtahan nəticəsi ilə bağlı narazılığı haqqında söhbət aparır. İmtahan nəticəsi qüvvədə qala və ya dəyişdirilə bilər. Nəticə dəyişdiyi halda komissiya sədri öz imzası ilə dəyişilən nəticəni təsdiq edir və Doktorantura şöbəsinə məlumat verilir.

5.4.5. Bu qaydalarla tənzimlənməyən digər məsələlər apellyasiya Universitetin komissiyası tərəfindən müəyyən edilir.

 

6. Apellyasiya komissiyasmın qərarının rəsmiləşdiril­məsi.

6.1. Apellyasiya müraciətlərinə baxılmasının nəticələrinə dair qəbul edilmiş rəy protokol və qərar ilə rəsmiləşdirilir və bu haqda müraciət edən şəxsə məlumat verilir.

6.2. Apellyasiya müraciətinə müvafiq fənn üzrə digər müəllim tərəfindən yalnız bir dəfə baxılır və onun nəticəsi ilə bağlı tələbə yenidən apellyasiya müraciətinin nəticəsi ilə əlaqədar apellyasiya verə bilməz.

6.3. Apellyasiya komissiyasının yekun qərarı sədr, sədr müavini, katib və üzvlər tərəfindən imzalanaraq rəsmi şəkildə müvafiq struktur bölmələrə məlumat verilir.

6.4. Apellyasiya ərizəsinə baxan müəllim balın azaldılması qənaətinə gələrsə bu barədə apellyasiya komissiyasına müraciət edir və məsələ Apellyasiya Komissiyasında araşdırılır.

6.5. Apellyasiya müraciətlərinin yoxlanılması zamanı qeyri-obyektiv qiymətləndirilmə aşkar edilərsə, bu barədə universitet rəhbərliyinə müraciət olunur.

6.6. Apellyasiya prosesi son imtahan günündən 3 gün sonra yekunlaşır.

 

 

7. Komissiyanın məsuliyyəti.

7.1. Komissiyanın əsas məqsədi tələbələrin apellyasiya şikayətlərini qanunçuluq, obyektivlik və bərabərlik prinsipi əsasında araşdırmaq və şikayətlər barədə qanuni qərarlar qəbul etməkdir. Komissiyanın işinə müdaxilə yolverilməzdir.

7.2. Komissiyanın fəaliyyətinin nəticəsinə görə Komissiyanın Sədri universitetin normativ sənədləri ilə müəyyən edilmiş qaydada Elmi Şura, Rektor qarşısında məsuliyyət daşıyır.

7.3. Komissiya öz fəaliyyətinin nəticəsi üzrə imtahan semesterlərinin sonunda aralıq, tədris ilinin sonunda isə yekun hesabatı universitet rəhbərliyinə təqdim edir.