“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin
rektoru akad. K.M.Abdullayev _________
Elmi Şuranın “25” dekabr 2024-cü il
tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol №41).
Azərbaycan Dillər Universiteti sərbəst işlərin yerinə yetirilməsi haqqında
TƏLİMAT
1. Ümumi müddəalar.
1.1. Sərbəst işlərin yerinə yetirilməsi haqqında təlimat (bundan sonra təlimat) Azərbaycan Dillər Universitetində (bundan sonra universitet) yerinə yetirilən sərbəst iş tapşırıqlarının məqsədi, mövzularının seçilməsi, təhsilalanlar tərəfindən bu tapşırıqların yerinə yetirilməsi və fənn müəllimləri tərəfindən qiymətləndirməsi prosesini tənzimləmək üçün nəzərdə tutulur.
1.2. Təhsilalanların sərbəst işi – onlara verilmiş tapşırıqların sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.
1.3. Təlimatın hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunu, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təstiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirinin 1060 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” əsasnamə əsas götürülmüşdür.
2. Sərbəst iş tapşırıqların yerinə yetirilməsinin məqsədi.
2.1. ADU-da tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi tədris olunan fənlərə ayrılan akademik saatlara müvafiq olaraq Azərbaycan Dillər Universiteti tərəfindən müəyyən edilir.
2.2. Sərbəst iş - tədris olunan fənlərin ADU-da bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələr tərəfindən daha dərindən mənimsənilməsinə, eyni zamanda tələbələrdə analitik təfəkkürün, praktiki vərdişlərin və peşə kompetensiyalarının formalaşmasına xidmət edir.
2.3. Sərbəst işlərin yerinə yetirilməsinə dair tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyən olunur və keçirilən mövzular üzrə problem və praktiki xarakterli məsələlər, tapşırıqlar, araşdırmalar, qrup və ya fərdi işlər, hesabatlar, təqdimatlar, müqayisəli təhlillər və s. ola bilər.
3. Sərbəst iş tapşırıqları mövzularının seçilməsi.
3.1. Sərbəst iş tapşırıqlarının icrası təhsilalanlarda təhsil aldıqları ixtisas üzrə təhsil proqramında nəzərdə tutulan kompetensiyaların (səriştələrin) əldə olunmasına yönəlməlidir.
3.2. Sərbəst işlər üzrə mövzular tədris semestrinin əvvəlində müəllim tərəfindən tələbələrə seçim üçün təqdim olunur.
3.3. Fənnin məzmunu çərçivəsində tələbə istədiyi mövzunu təqdim edib, sərbəst iş hazırlaya bilər.
3.4. Sillabuslarda sərbəst işlərin yerinə yetirilmə forması və üsulu (fərdi, cütlər, qrup şəklində, layihə, təqdimat və s.) göstərilməlidir.
3.5. Mövzular əsasən fənn üzrə təlim nəticələrinin formalaşmasına xidmət etməlidir.
3.6. Sillabusda verilmiş mövzular üzrə tələbələrin seçimləri sərbəstdir.
3.7. İxtisas üzrə dil fənlərindən (Dil bacarıqları, öyrənilən əsas dil, ixtisasyönümlü xarici dil və s.) sərbəst iş tapşırıqları təhsilalanların xarici dildə danışıq, oxu, yazı və dinləmə bacarıqlarınının inkişafına uyğun vərdişlərin və bacarıqların formalaşmasına xidmət etməlidir.
3.8. Ümumi fənn blokuna aid fənlərdən sərbəst iş tapşırıqları təhsilalanlarda biliklə yanaşı praktiki bacarıqların (ünsiyyət bacarıqları, problem həll etmə, zamanın düzgün idarə olunması, liderlik, əməkdaşlıq və s.) inkişafına kömək etməlidir. Fənlər üzrə sərbəst iş tapşırıqları təhlil xarakterli olmalıdır.
3.9. Sərbəst işlərin hazırlanmasında akademik dürüstlük təmin olunmalı, plagiat hallarının qarşısı alınmalıdır.
3.10. Sərbəst iş tapşırıqları mövzuların aktuallığından asılı olaraq hər tədris ilində yenilənməlidir.
4. Sərbəst iş tapşırıqlarının qiymətləndirilməsi.
4.1. Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən bal maksimum 10 balla qiymətləndirilir. Sərbəst iş tapşırıqları araşdırma xarakterli hesabat olduqda tapşırığın həcmi 5 səhifədən az olmamalıdır. Təqdimat formasında olan sərbəst işlər minimum 10-15 slayddan ibarət olmalıdır. Sərbəst işlərin quruluşu giriş, əsas məzmun və ədəbiyyat siyahısından ibarətdir. Yazı qaydaları üzrə tələblər: Times New Roman 14 şrift, 1,5 interval, kənarlar: sağdan 2 sm, soldan 3 sm, aşağı və yuxarıdan 2 sm.
4.2. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup işi və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Lakin burda verilən tapşırıqların və onun icra formasının tələbələrin analitik təhlil və araşdırma bacarıqlarının formalaşmasına xidmət etməsi önəmlidir.
4.3. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda əvvəlcədən müəyyən olunmuş vaxtda həyata keçirilir.
4.4. Təqdim olunan mövzular təqdimat formasından asılı olaraq semestr boyu işlənir və tədris semestrinin sonuncu ayının ilk həftəsi müəllimə təqdim olunur.
4.5. Sərbəst iş tapşırığını icra etməyənlər “0” balla qiymətləndirilir.
5. Sərbəst iş tapşırıqları mövzularının seçilməsi, qiymətləndirilməsinə görə məsuliyyət.
5.1. Sərbəst iş mövzuları semestrin əvvəlində müvafiq kafedra müdiri tərəfindən təsdiq olunur və kafedra tərəfindən bir nüsxəsi Keyfiyyətin təminatı və monitorinqi şöbəsinə təqdim edilir.
5.2. Sərbəst iş mövzularının seçilməsi, tədqim olunma və qiymətləndirmə prosesinə fənn müəllimi birbaşa məsuliyyət daşıyır.
5.3. Sərbəst iş mövzularının təqdim olunması (hesabat və ya digər təqdimat formalarında) hər qrupun təqdimatından sonra semestrin sonunda kafedrada saxlanılır (ən azı 1 semestr).
5.4. Sərbəst iş tapşırıqlarının icrasının bu təlimatda göstərilən qaydalara uyğun aparılmasına fakültə dekanları, müvafiq kafedra müdirləri və Keyfiyyətin təminatı və monitorinq şöbəsi birbaşa məsuliyyət daşıyır.
6. Yekun müddəalar.
6.1. Bu təlimat Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən hazırlanır və Elmi Şurada təsdiq olunur.
6.2. Keyfiyyətin təminatı və monitorinq şöbəsi tədris ili müddətində sərbəst işlərin yerinə yetirilmə prosesi haqqında təhlillər apararaq Elmi Şurada hesabat verir.