Qaydalar, təlimatlar

“Təsdiq edirəm”

Azərbaycan Dillər Universitetinin

rektoru akad. K.M.Abdullayev _________

Elmi Şuranın “25” dekabr 2024-cü il

tarixli iclasının qərarı ilə təsdiq

edilmişdir (protokol №41).

 

 

Azərbaycan Dillər Universiteti Ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan fənlərin seçim prosesinin təşkili haqqında

 

TƏLİMAT

 

 

1. Ümumi müddəalar.

1.1. Kadr hazırlığı aparılan ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulan, Ali Təhsil Müəssisəsi tərəfindən müəyyən olunan fənlər (bundan sonra seçmə fənn) və həmin fənləri tədris edən müəllimlər seçmə xarakteri daşıyır və təhsilalanlar tərəfindən seçilir.

1.2. Ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan fənlərin seçim prosesinin təşkili haqqında təlimat (bundan sonra təlimat) Azərbaycan Dillər Universitetində (bundan sonra universitet) seçmə fənlərin müəyyən edilmiş kredit və saatlara uyğun təşkili, prosesin şəffaf, ədalətli və effektiv həyata keçirilməsinin təmin edilməsi, seçmə fənlərin təhsil proqramlarında göstərilmiş peşə kompetensiyalarına uyğun tərtibi qaydalarına nəzarət etmək məqsədilə hazırlanmışdır.

1.3. Təlimatın hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunu, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təstiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirinin 1060 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” əsasnamə əsas götürülmüşdür.

 

 

2. Seçmə fənlərin müəyyən edilməsi.

2.1. Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar (Əsas bloka aid olan fənlər) ali təhsil müəssisələri tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssi­sələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri tərəfindən təsdiq edilir. Fənn proqramları əsasında işçi proqramlar (sillabuslar) hazırlanır və ali təhsil müəssisələri tərəfindən təsdiq edilir (Mənbə: Bakalavriat əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmişdir).

2.2. Seçmə fənn - təhsilalanın təhsil proqramında nəzərdə tutulmuş peşə kompeten­siyalarının formalaşdırılmasına xidmət edən, ATM tərəfindən müəyyən edilmiş, ümumilikdə keçirilən fənlərin 25%-i olmaqla (60 kredit), semestrlər üzrə tədris planına daxil olan fənlərdir.

2.3. Təhsil proqramında təhsilalanın ümumi və peşə kompetensiyalarının formalaşdırılmasına xidmət edən seçmə fənlərin seçiminə ATM rəhbərlik edir.

2.4. Seçmə fənlərin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi beynəlxalq təcrübəyə əsaslanan tədris ili üzrə aktual, konkret mövzuları əhatə edən, uyğun fənn proqramı, fənn sillabusu, dərslik və ya dərs vəsaiti, müvafiq ədəbiyyat siyahısı ilə təmin olunan fənlərin salınması zəruri şərtdir.

2.5. Müvafiq təhsil proqramı üzrə seçmə fənlər təhsilalanlarda biliklə yanaşı praktiki bacarıqların inkişafı, innovativ təhsil təcrübələrini əks etdirən, səmərəli tədris və öyrənmə metodlarına əsaslanan fənlər olmalıdır.

2.6. ATM tərəfindən müəyyən olunan seçmə fənn blokuna aid olan fənlər təhsil proqramının təlim nəticələrinə uyğun olaraq hər tədris ilində yenilənə bilər.

 

 

3. Seçim prosesinin təşkili.

3.1. Seçmə fənlərin seçim prosesi təqdimat şəklində kafedralar tərəfindən təşkil olunur.

3.2. Tədris qrafiki üzrə hazırlanmış ixtisas və qeyri-ixtisas fənləri olmaqla seçmə fənlərin və həmin fənni tədris edəcək müəllimlərin siyahısı fakültə dekanlığına təqdim olunur.

3.3. “Fənn sillabuslarının dəyərləndirilməsi” komissiyasın­dan müsbət rəy almış və Fakültə Elmi Şurasında təsdiq olunmuş seçmə fənlərin siyahısı dekanlıq tərəfindən kafedraya təqdim edilir.

3.4. Növbəti tədris ili üçün keçirilməsi planlaşdırılan seçmə fənlərin seçim prosesi cari ilin aprel ayına qədər yekunlaşır.

3.5. Seçmə fənlərin təqdim olunma üsulu və ya forması kafedranın öhdəliyinə verilir və kollegial şəkildə müzakirəsi tövsiyyə olunur.

3.6. Təklif olunan seçmə fənlərin təhsilalanlar üçün seçim sərbəstliyi fakültə üzrə akademik məsləhətçilərin (tyutorların) rəhbərliyi ilə təmin olunur.

3.7. Növbəti tədris ili üçün keçirilməsi nəzərdə tutulan seçmə fənlərin seçimi haqqında sorğu vərəqləri (blanklar) tələbə sayına uyğun bütün qruplara paylanır.

3.8. Fənn sorğu vərəqləri (blanklar) tələbələr tərəfindən dolduruluqdan sonra akademik məsləhətçilərə (tyutorlara) təqdim olunur.

3.9. Qruplar üzrə seçilmiş seçmə fənlərin adları ümumiləşdi­rilərək fakültə rəhbərliyinə təqdim olunur. Seçim prosesində səslərin çoxluğu prinsipi nəzərə alınmaqla fənlər qruplara ayrılır. Eyni səs çoxluğu ilə seçilmiş 2 (iki) fənn yenidən seçimə verilir.

3.10. Seçim prosesində obyektivlik, şəffaflıq və əlçatanlığın qorunmasına fakültə rəhbərliyi məsuliyyət daşıyır.

3.11. Seçilmiş fənlər fakültə dekanının təqdimatı və ya məlumatı ilə dərs yüklərinə əlavə olunmaq üçün Tədris şöbəsinə təqdim olunur.

 

4. Seçim Prosesində Nəzərə Alınacaq Şərtlər.

4.1. Fənnin tədris materialları ilə təmin olunması;

4.2. Seçmə fənlər üzrə maksimum tələbə sayı;

4.3. İxtisaslaşma və ya peşə sahəsinə uyğunluğu;

4.4. Seçmə fənlər üzrə müvafiq professor-müəllim heyətinin cəlb olunması;

4.5. Güclü akademik baza ilə təminatı;

4.6. Peşə bacarıqlarının inkişaf potensialı;

4.7. Mobilliyin təmin olunması.

 

 

5. Seçmə fənlərin seçilməsi və seçim prosesinin təşkilinə görə məsuliyyət.

5.1. Növbəti tədris ili üçün seçmə fənlərin siyahısı cari ilin aprel ayında müvafiq kafedra tərəfindən müəyyənləşir və Fakültə Elmi Şurasında təsdiq olunur. Seçmə fənlərin siyahısı fakültə nəzdində “Fənn sillabuslarının dəyərləndirilməsi” komissiyası və Keyfiyyətin təminatı və monitorinq şöbəsinə təqdim edilir.

5.2. Seçmə fənlər məlumat sessiyaları (info session), prezentasiya, elektron poçt və ya digər təqdimat formalarında qruplara təqdim oluna bilər.

5.3. Seçimə təqdim edilmiş (təhsilalanlar tərəfindən doldurulmuş) sorğu vərəqləri (blanklar) tədris ili müddətində dekanlıqda saxlanılır.

5.4. Seçmə fənlərin seçilməsi və seçim prosesinin təşkili prosesinin icrasının bu təlimatda göstərilən qaydalara uyğun aparılmasına fakültə dekanları, kafedra müdirləri və Keyfiyyətin təminatı və monitorinq şöbəsi birbaşa məsuliyyət daşıyır.

 

 

6. Yekun müddəalar.

6.1. Bu təlimat Azərbaycan Dillər Universitetinin Elmi Şurasında təsdiq olunur.

6.2. Keyfiyyətin təminatı və monitorinq şöbəsi tədris ili müddətində seçmə fənlərin seçilməsi, seçim prosesinin təşkili, tədrisinin keyfiyyəti haqqında təhlillər apararaq Elmi-metodiki Şurada və Elmi Şurada hesabat verir.