Kafedralar

Xarici ölkələr ədəbiyyatı kafedrası

            Azərbaycan Dillər Universitetinin aparıcı kafedrası olan Xarici ölkələr ədəbiyyatı kafedrası 1993-cü ildə yaradılmış, Ədəbiyyat tarixi adı ilə fəaliyyət göstərmişdir. 2005-ci ildən kafedra “Xarici ölkələr ədəbiyyatı” adlandırılmışdır. Müxtəlif  illərdə kafedraya fil.e.d., prof. Quliyev Qorxmaz Həsi oğlu, fil.e.d., prof. Ağayev Zeydulla Abdulla oğlu, fil.e.d., prof. Cəbrayılova Svetlana Əli qızı rəhbərlik etmişdir. 2015-ci ildən Xarici ölkələr ədəbiyyatı kafedrasına fil.e.d., prof. Sabitova Aynur Zakir qızı rəhbərlik edir. Fəaliyyət göstərdiyi illər ərzində kafedramız bir çox uğurlara imza atmış və atmaqdadır. ADU-nun ən böyük kafedralarından olan Xarici ölkələr ədəbiyyatı kafedrasının fəaliyyəti hal-hazırda Filologiya, Təhsil 1, Təhsil 2, Əlavə təhsil və təcrübə, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültələri, Magistratura şöbəsinin dərslərini əhatə edir.

Kafedranın məqsəd və vəzifəsi: Kafedranın qarşısında duran əsas məqsəd xarici ölkələrin ədəbiyyatının tələbələrə tədris olunması və ədəbi prosesin ali məktəb səviyyəsinə uyğun olaraq öyrədilməsidir. Hər tədris ilinin əvvəlində kafedramızın diqqət mərkəzində aşağıdakı vəzifələrin yerinə yetirilməsi dayanır:

            - Xarici ölkələr ədəbiyyatı kafedrası qarışısında duran əsas vəzifələrdən biri kadr potensialını getdikcə yüksəltməklə kafedrada kadrların hazırlanmasının təmin edilməsi;

            - Tədris olunan fənnlərin keyfiyyəti və səmərəsinin yüksəldilməsi;

            - Müəllim və tələbə heyəti arasında əmək intizamının, nizam-intizamın möhkəmləndirilməsi;

            - Elmi-tədqiqat işlərinin aparılması.

            Xarici ölkələr ədəbiyyatı kafedrası olaraq gələcək üçün əsas məqsədimiz tələbələri təhsil aldıqları ixtisas ölkəsi ilə mübadilə proqramlarına qoşmaqla, ölkəmizi xarici arenada təmsil etməklərini, eləcə də, xaricdə toplayacaqları təcrübələri ölkəmizdə tətbiq etmələrini təmin etməkdir. Bundan başqa, kafedramızında çalışan əməkdaşların yüksək tələblərə cavab vermələrini təmin etmək məqsədilə onları elmi və pedaqoji dərəcələr almaları yolunda dəstəkləmək əsas inkişaf planımızıdır. Yetişdirdiyimiz tələbələrin yüksək mövqelərə çatmağından, dünya ədəbiyyatı fonunda milli ədəbiyyatımızın inkişafına qata bildiyimiz ən kiçik töhfədən qürur duyur, gələcək fəaliyyətlərimiz üçün canla-başla çalışmağa motivasiya əldə edirik.  

Kafedranın fəaliyyəti

            Azərbaycan Dillər Universitetinin struktur bölməsi olaraq, digər ali təhsil müəssisələrindəki oxşar kafedralardan fərqimizi ortaya qoymaq əsas fəaliyyət istiqamətimizdir. Belə ki, digər ali təhsil müəssisələrindən fərqli olaraq, tələbələrə ixtisas dilini yüksək səviyyədə tədris etməklə, onlara bədii əsərləri orijinal dildə oxumaq imkanı yaradırıq. Bu sayədə tələbələr müəllifin bədii dilini daha yaxşı anlayır, onun çatdırmaq istədiyi əsas ideyanı daha düzgün qavrayır, yazıçının üslubi xüsusiyyətlərini birbaşa təhlil edə bilir, sərbəst ədəbi-nəzəri analizlər edə bilirlər.

             Xarici ölkələr ədəbiyyatı kafedrası olaraq məqsədimizə nail olmaq üçün bir sıra alternativlər tapmağa çalışır, yeni və müasir metodlar tətbiq etməyə çalışırıq. Tələbələrin professor, müəllim heyəti ilə birbaşa əlaqəsini təmin edə bilmək məqsədilə ardıcıl elmi seminarlar təşkil edirik. Xüsusilə magistratura pilləsində təhsil alan tələbələr üçün elmi dərəcəli müəllimlər tərəfindən mütəmadi seminarlar təşkil etməklə onları təhsilin namizədlik və doktorluq kimi sonrakı mərhələlərinə cəlb etməyə çalışırıq. Eləcə də, bakalavr pilləsində təhsil alan tələbələrdə elmi işə maraq yaratmaq məqsədilə Elmi cəmiyyətlərdə iştirak etmələrini təmin edirik.

             Kafedramızın əsas istiqamətlərindən birini ölkəmiz üçün əhəmiyyətli olan günlərin qeyd olunması və onlarla bağlı tədbirlərin təşkilidir. Bu məqsədlə, milli ədəbiyyatımızın incilərinin yubileyləri münasibətilə dəyirmi masalar keçirilir, tələbələrlə birlikdə şeir, tamaşa, rəqs, musiqi kompozisiyalı tədbirlər təşkil edirik. Eləcə də, xalqımızın milli bayramları və matəm günləri qeyd olunur, müəllim-tələbə heyətinin təşkilatçılığı ilə tədbirlər və esse müsabiqələri təşkil olunur və maraqla qarşılanır.

            Ədəbiyyat üzrə fəaliyyət göstərdiyimizi nəzərə alaraq, tələbə və müəllimlər üçün tez-tez məşhur şair və yazıçılarla görüşlər təşkil edirik. Eləcə də, kafedramızın bədii qiraət üzrə fəaliyyəti təhsil alan hər bir tələbəyə dərsdən əlavə bədii oxu təklif etməklə onlara dünyagörüşü və klassikləri oxuyub tanımaq imkanı verir. Bundan başqa, kafedra tələbələrə yeni və maraqlı gələcək seçmə fənlər təklif edərək onlarda ədəbiyyat üzrə şablonlardan kənar mövzularda da bilikli olmalarına şərait yaradır.

            Ötən illərdəki mövcud pandemiya şəraitinə uyğun olaraq təhsilin onlayn sistemə keçməsi kafedramızın fəaliyyət istiqamətini dəyişməyə və müasir tələblərə cavab verən yeni metodlara keçməyə sövq etdi. İstər onlayn, istər ənənəvi təhsil formasında Xarici ölkələr ədəbiyyatı kafedrası olaraq ali məqsədimiz gələcək üçün savadlı, dünyagörüşlü, bacarıqlı və yaradıcı tələbələr yetişdirməkdir. Pandemiya şəraiti bizləri elektronlaşmağa meyllənməyə sövq etdi. Belə ki, bu müddət ərzində kafedra olaraq dərsliklərimizin elektron formalarını təşkil etməyə başladıq və bu da öz növbəsində tələblərə materialların əlçatanlığını təmin etdi. Bundan başqa, kafedra heyətimizin rəhbərliyi və tələbələrin iştirakı ilə bəzi əhəmiyyətli xarici dərslikləri doğma dilimizə tərcümə etməklə, həm gəncləri bu sahədə püxtələşdirməyə, həm də milli ədəbiyyatşünaslığımıza öz töhfəmizi verməyə çalışırıq.

 

Kafedranın tərkibi:

            Hal-hazırda kafedrada cəmi 41 əməkdaş olmaqla 3 professor, 12 dosent, 4 f.e.d., 17 f.f.d., 3 baş müəllim, 16 müəllim və 2 laborant fəaliyyət göstərir.