Alman dilinin fonetikası və qrammatikası kafedrası
Kafedranın yaranması və tarixi:
Respublikamızda alman dilinin müstəqil və sistemli şəkildə tədrisisinin tarixi 1936-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dillər kafedrasında 3 müstəqil kafedranın – Xarici dillər, Azərbaycan dili və Rus dili kafedralarının yaranmalarına gedib çıxır. Sonralar Xarici dillər kafedrasının bazası əsasında müstəqil ingilis, alman və fransız dili kafedraları yaranmışdır. Həmin dövrlərdə alman dilinin tədrisi metodikası fənninin tədrisi də məhz alman dili kafedrasında yerinə yetirilmişdir. 1942-61-ci ilərdə bu kafedraya dos. N.Ağazadə və sonralar isə b.m.C.Cəfərov, Almaniyada namizədlik dissertasiyası müdafiə etmiş dos.Ə.Əliyeva, dos. S.Pepinova, dos.B.Həsənov, prof. S.Abdullayev və prof. F.Veysəlli rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, həmin kafedrada yuxarıda adları göstərilən tanınmış mütəxəssislərlə yanaşı dos.Ş.Abdullayeva, dos.T.Əhmədova, b.m. E.Muradova, b.m. Q.Dadaşova, b.m.Karpoviç, b.m.O.Morozova, b.m.R.Babayeva, b.m. Ə.Sadıqova, b.m M.Cavlalov, b.m.Z.Əliyev və prof. Z.Quliyev kimi təcrübəli müəllimlər də çalışmışdılar. 1973-cü ildə Azərbaycanda Xarici Dillər İnstitutu yaradıldıqdan sonra alman dilinin tədrisi yeni bir mərhələyə qədəm qoymuşdur. 1991-ci ildə vahid alman dili kafedrasının bazasında 3 müstəqil kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı, Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kafedraları fəaliyyət göstərmişdilər. Bütün bunlar fakültədə təhsilin keyfiyyyətinə və elmi-tədqiqat işlərinin daha yüksək səviyyəyə qalxmasına təkan vermişdir. Doğrudur, bir neçə ildən sonra dərs yükü ilə əlaqədar Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kaferalarının birləşdirilməsi zərurəti yaranmışdır. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasına müxtəlif vaxtlarda prof S.Abdullayev, dos. B.Həsənov və dos.Ç.Qurbanov rəhbərlik etmişlər. Lakin 27 sentyabr 2012-ci ildə ADU-nun 103 saylı əmrinə əsasən Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrası və Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası ləğv edilərək onların bazasında “Müasir alman dili” kafedrası yaradılmışdır. ADU-nun rektorunun 08 iyun 2015-ci il, 63 saylı əmrinə əsasən Müasir alman dili kafedrasının adı dəyişdirilərək “Alman dili” kafedrası adlandırılmış və ona fil.f.d.dos. E.Q.Yusifov rəhbərlik etmişdir.
ADU-nun 8 avqust 2017-ci il tarixli 1/290 saylı əmrinə əsasən isə yenidən Alman dilinin fonetikası və qrammatikası kafedrası yaradılmışdır. Hal-hazırda kafedraya dos. Qahirə Vaqif qızı Axundova rəhbərlik edir.
Kafedranın bugünü
Alman dilinin fonetikası və qrammatikası kafedrası ADU-nun Filologiya fakültəsinin əsas tədris-elm struktur kafedralarından biridir və Azərbaycan Respublikasının qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə və ADU-nun Nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərir.
Kafedranın əsas məqsədi alman dili və onun fonetikası və qrammatikası ilə əlaqəli fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji kadrların hazırlanması, ixtisaslarının artırılması üzrə işləri və təhsil alanlar arasında tərbiyəvi işləri həyata keçirməkdir.
Kafedranın əsas vəzifələri aşağıdakılardır:
- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş praktiki, seminar və digər dərslərin müasir təhsil sisteminin tələblərinə uyğun şəkildə yüksək elmi-nəzəri səviyyədə aparılması;
- diplom işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
- kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin işlənib hazıırlanması və yenilənməsi və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
- rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;
- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;
- elmi-pedaqoji və elmi kadrların, kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
- tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi, həmin təcrübənin yayılması;
- yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda elmi-metodiki köməklik göstərilməsi;
- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlərin, metodiki rəhbərlik və göstərişlərin, əyani vəsaitlərin hazırlanması;
- təhsil alanlar arasında tərbiyə işinin təşkili;
Kafedra tədris prosesində iki fakültəni - Təhsil fakültəsi, Filologiya fakültəsini və Magistratura şöbəsini əhatə edir.
Kafedranın ümumi işinin əsas istiqamətlərindən biri tədris-metodiki işdir. Bu istiqamət üzrə iş ayrı-ayrı kurslar üzrə sillabuslar əsasında aparılır və kafedrada fəaliyyət göstərən bölmələr tərəfindən yerinə yetirilir. Kollektiv ümumən işini səmərəli qurmağa çalışır, konkret tədris və təlim-tərbiyə məsələlərinin həllində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səy göstərir. Mövcud iş planları, proqramlar və sillabuslar kafedra və bölmə iclaslarında müzakirə edilib təsdiq olunur, təqvim planları və bölmələrin iş planlarında nəzərdə tutulan qaydada iş aparılır, tədrisin gedişinə kafedrakı bölmələr tərəfindən nəzarət edilir. Konkret tədris göstəriciləri imtahan sessiyalarında qiymətləndirilir və ümumiləşdirilir.
Tədris ili ərzində kurslar üzrə təlimin vəziyyətinə xüsusi diqqət yetirilir, tələbələrlə aparılan ümumi və fərdi işlərin forma və məzmunu təkmilləşdirilir, kredit sisteminin vəzifələrinə uyğunlaşdırılır. Dərslərə, qarşılıqlı davamiyyətə daim diqqət yetirilir, kafedra müdiri və bölmə rəhbərləri müəllimlərin dərslərində iştirak edir, gənc müəllimlərə öz məsləhətləri ilə köməklik göstərir, dərslərin müzakirəsi təşkil edilir, bütövlükdə işin təkmilləşdirilməsinə nəzarət olunur. Ayrı-ayrı qruplarda zəif oxuyan və geri qalan tələbələrə, kəsirli tələbələrə, kredit borcu olanlara köməklik məqsədilə məsləhət saatları təşkil edilir. İşlərin gedişi və nəticələri bölmə və kafedra iclaslarında müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.
Bir çox fənlər üzrə proqramların, sillabusların hazırlanmasına, təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Kafedranın digər əsas istiqamətlərindən biri elmi-tədqiqat işidir və mövcud iş planı əsasında müxtəlif istiqamətlər üzrə aparılır.
Kafedranın müəllimləri respublika və beynəlxalq səviyyəli konfranslarda, seminar və müzakirələrdə iştirak edir, aktual mövzularla çıxış edir, buna uyğun məqalələr çap etdirirlər.
Kafedranın əməkdaşları Azərbaycan Dillər Universiteti CoMoLTE (Müasir Dil Tədrisi Konsortiumu) layihəsində iştirak etmiş və bu layihə çərçivəsində dərsliklərin keyfiyyətini artırmaq və müəllimləri müasir dərs materialları ilə təmin etmək üçün yaradılacaq virtual platformada dərsliklərdən və əlavə dərs vəsaitlərindən istifadə imkanları ilə tanış olurlar. Bundan başqa həmin dərsliklərin Azərbaycan dilinə tərcümə olunması və həmin platformada yerləşdirilməsi işində fəal iştirak edirlər. Bu proqram çərçivəsində “Sprachlernen und Kognition. Grundlagen einer kognitiven Sprachendidaktik” adlı dərslik Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə alman dilindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
Kafedranın yerinə yetirdiyi əhəmiyyətli tədqiqat işlərindən biri də Azərbaycan Dillər Universiteti tərəfindən həyata keçirilən “Müstəqillik dövründə indgilisdilli, almandilli, fransizdilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazi” adlı layihədir. Layihə çərçivəsində kafedra universitetin “Azərbaycanşünaslıq” elmi laboratoriyası və digər kafedraları ilə birlikdə ingilis, alman, fransız dillərində yazılmış məqalələrin tərcümə edilməsi, məqalələrin müəllifləri haqqında məlumatların verilməsi, tədqiq prosesində məqalələr barədə ilkin münasibətin bildirilməsi işində iştirak etmişdir.
Bundan əlavə kafedranın aparıcı müəllimləri elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır, eyni zamanda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirəsində və müdafiəsində fəal iştirak edirlər. Bir sıra dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına, metodik işləmələr, monoqrafiyalara verilən rəyləri və redaktə işlərini də bura əlavə etmək olar.
Təşkilati-metodiki istiqamət üzrə kafedra üzvləri bölmə və kafedra iclaslarında, fakültənin və universitetin Elmi Şura yığıncaqlarında müxtəlif müzakirələrdə iştirak edir, işgüzar fikir mübadiləsi aparmağa, işlərini təkmilləşdirməyə, yaxşılaşdırmağa səy göstərirlər. Bölmə iclaslarında sillabusların hazırlanması, dərsliklərin, dərs vəsaitlərinin, müxtəlif tədris materiallarının müəyyənləşdirilməsi, yazı işlərinin forma və məzmununa verilən normativ tələblər, imtahanlar üçün yoxlama yazı işi mətnlərinin seçilib müzakirə olunması, tematik planların hazırlanma qaydası daim diqqət mərkəzində saxlanılır. Eləcə də ayrı-ayrı kurslar və fənnlər üzrə imtahan biletlərinin forma və məzmununun müəyyənləşdirilməsi və təsdiq edilməsinə ciddi tələbkarlıq göstərilir. İmtahan biletləri dəfələrlə müzakirə edilir, təkmilləşdirilir. Kafedra eyni zamanda humanitar xarakterli kütləvi-siyasi tədbirlərin təşkili, ümumbəşəri və milli dəyərlərin qiymətləndirilməsi, tələbələrin demokratik prinsiplərə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilməsi kimi məsələləri də diqqət mərkəzində saxlayır. Həmin məqsədə çatmaq üçün müəllim və tələbələrin kütləvi-siyasi və estetik tədbirlərdə iştirakının təmin edilməsinə ayrıca diqqət yetirilir. Bütövlükdə kafedranın müəllim və tələbə kollektivi universitet və fakültə miqyasında keçirilən kütləvi tədbirlərdə fəal iştirak etmişlər.
Kafedranın müəllimləri tələbələrin muzeylərə, teatrlara, tarixi yerlərə ekskursiyalarını və alman dilində filmlərin nümayişini, danışıq klubları, dəyirmi masalar təşkil edirlər.
Onlar müntəzəm olaraq DAAD, ÖAD, Höte İnstitutu xətti ilə və bir sıra digər təqaüd proqramları əsasında dili öyrənilən ölkədə-Almaniyada, eləcə də Avstriyada peşəkar kurslarda, təkmilləşmə kurslarında iştirak edir, həmin ölkələrdən dəvət olunan mütəxəssislərlə əməkdaşlıq edirlər.
Bu əməkdaşlığın nəticəsi olaraq kafedra hər il Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə birlikdə “GO East Sommerschule / Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” mövzusunda yay məktəbi təşkil edir. Yay məktəbinin məqsədi Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə Azərbaycanı təqdim etmək, ölkə və onun reallıqları haqqında onları məlumatlandırmaqdır.
Yay məktəbində Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat, siyasət və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman dilində məruzələri dinlənilir və onların ətrafında müzakirələr aparılır, eyni zamanda bir sıra tarixi məkanlara, muzey və kitabxanalara ekskursiyalar təşkil olunur.
Bundan başqa kafedra Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin və Avstriya Akademik Mübadilə Xidmətinin ADU ilə birgə əməkdaşlığı çərçivəsində Avstriyalı tələbələrin universitetdə alman dilinin tədrisi sahəsində təcrübə keçməsini təşkil edir.
Kafedranın tərkibi:
Kafedrada 12 müəllim və 1 baş laborant çalışır.
№ | Müəllimin adı, soyadı, ata adı
| Elmi dərəcəsi və vəzifəsi | Ştatı | İşə qəbul olma vaxtı |
Qahirə Vaqif qızı Axundova | ped.f.d.,dosent | 0,5 | 16.03.2007 | |
Məlahət Əbdürrəhman qızı Məhərrəmova | fil.f.d., dosent | 1 | 02.09.1994 | |
Məryəm İbrahim qızı Babayeva | baş müəllim
| 0,5 | 29.11.1975 | |
Solmaz Cavanşir qızı Əlizadə | baş müəllim
| 1 | 12.09.1994 | |
Sevinc Əli qızı Xasıyeva | baş müəllim
| 1 | 23.10.1997 | |
Hənifə Füzuli qızı İmanquliyeva | fil.f.d., baş müəllim
| 1 | 12.01.1995 | |
Kamilə Saleh qızı Mustafayeva | baş müəllim
| 0,75 | 06.09.1994 | |
Mircəmil Mircəfər oğlu Seyid-Rzayev
| baş müəllim | 0,5 | 21.12.2004 | |
Nahidə Fayıq qızı Məmmədova | baş müəllim
| 0,5 | 01.05.2007 | |
10. | Leyla Baxşeyiş qızı İsmayılzadə | müəllim
| 0,5
| 16.02.2022 |
11. | Şəlalə Şahin qızı Mirzəyeva | müəllim | 0,5 | 15.09.2022 |
12. | Günay Təvəkgül qızı Cəfərzadə | müəllim | 0,5 | 15.09.2022 |
13.
| Xəyalə Ramiz qızı Quliyeva | baş laborant | 1 | 12.09.2006 |
Əlaqə: Kafedranın e-mail adresi: [email protected]