Mərkəzlər

Koreya Mədəniyyət Mərkəzi

Koreya Mədəniyyət Mərkəzi Azərbaycan Dillər Universitetinin nəzdində 1994-cü ildə təsis edilmişdir.

Mərkəzdə Koreya dilini öyrənmək və daha da təkmilləşdirmək istəyənlər üçün Azərbaycan, rus, ingilis və Koreya dillərində dərsliklər, Koreya dilində müxtəlif sahələrə dair kitablar, jurnallar,  lüğətlər, Koreya ilə bağlı suvenirlər, milli musiqi alətləri və milli geyimlər var.  

2019-cu ilin dekabr ayında Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya Fondunun dəstəyi ilə mərkəz nəzdində “Korea Corner” açılmışdır.  

Mərkəz bir çox istiqamətlərdə fəaliyyət göstərir. Belə ki, mütəmadi olaraq müxtəlif layihələr çərçivəsində elmi konfrans, seminarlar təşkil edir, koreyaşünaslıq və Koreya dili üzrə müxtəlif müsabiqə və viktorinalar keçirir. Eyni zamanda, Koreya mədəniyyətinin Azərbaycanda təbliğatı üçün müxtəlif mədəni tədbirlər, kino festivalları təşkil edir. 

Bundan əlavə, mərkəz Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün müxtəlif dərs materialları və lüğətlər hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri olaraq seçmişdir. Artıq 2015-ci ildə 『Koreyaca-azərbaycanca lüğət』 yeni əlavələr və redaksiyadan sonra Koreyanın ‘Munyerim’ nəşriyyatında işıq üzü görərək çapdan çıxmışdır. Hazırda isə Koreyaşünaslıq Akademiyasının (Academy of Korean Studies) “Seed Program for Korean Studies” layihəsi çərçivəsində “Koreyaşünaslıq” və “Koreya dilinin qrammatikası” adlı dərsliklər tərtib edilməkdədir.

Mərkəz hər il müxtəlif proqramlar vasitəsilə  tələbələri  Koreyada təhsil almağa göndərir.

2007-ci ildə Koreyanın Xarici Dillər Universiteti ilə bağlanmış qarşılıqlı mübadilə sazişinə əsasən 2010-cu ilin sentyabr ayından etibarən  iki universitet arasında tələbə mübadiləsi başlamışdır. Hal-hazırda ildə 4 nəfər mübadilə tələbəsi kimi Koreyanın Xarici Dillər Universitetində təhsil almağa göndərilir.

2017-ci ildə isə Koreyanın Chonbuk Universiteti ilə qarşılıqlı mübadilə sazişi imzalanmış və bu sazişə əsasən 2018-ci ildən etibarən hər il 4 nəfər Koreyada mübadilə tələbəsi kimi təhsil alır.

Bundan əlavə, hər il bir neçə tələbə Koreya tərəfinin dövlət və ya universitet xətti ilə Koreya universitetlərində magistratura, doktorantura pilləsi üzrə təhsil almağa yollanır. Bugünə qədər Koreya dili üzrə tərcümə ixtisasının məzunlarından 24 nəfər Koreya tərəfinin dövlət və ya universitet xətti ilə Koreya universitetlərində magistratura, doktorantura pilləsi üzrə təhsil almış və ya təhsil almaqda davam edirlər. Məzunlarımızdan üç nəfər - Vasif Əliyev (Xarici İşlər Nazirliyi), Vaqif Cəfərov (Xarici Işlər Nazirliyi), Bahar Əliyeva (ADU) Koreyada (Academy of Korean Studies) fəlsəfə doktoru dərəcəsini almışdır.

 

 

Koreya Mədəniyyət Mərkəzinin baş mütəxəssisi

Əliyeva Bahar Akif qızı

Tel:  (+99412) 564-22-47  (daxili nömrə: 116)

E-mail:  [email protected]

Ünvan:  Təbriz küç. 81, Azərbaycan Dillər Universiteti, III korpus, Koreya Mədəniyyət Mərkəzi (I mərtəbə, otaq 102 )

Facebook:  https://www.facebook.com/koreanculturalcenter/