Mərkəzlər

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha yeni bir uğura imza atıb. İyul ayının 4-də universitetdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının təntənəli açılış mərasimi olub. Tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, ərəb dövlətlərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bildirib ki, Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan Şeyx Zayed adına Ərəb dili auditoriyası ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığını təmin edəcək. İki ölkə arasında mənəvi körpü rolunu oynayacaq bu mərkəz ərəb dilini dərindən öyrənmək, Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyən gənclərin əsas maraq məkanına çevriləcək.

ADU-da ərəb dili auditoriyasının açılışına göstərdiyi dəstəyə görə universitetin rektoru, akademik Kamal Abdullaya  təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.