Mərkəzlər

Koreya Araşdırmalar Mərkəzi 

Mərkəz Azərbaycan Dillər Universitetinin nəzdində 1994-cü ildə təsis edilmişdir. 2019-cu ilin dekabr ayında Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Koreya Fondunun dəstəyi ilə Mərkəzin nəzdində “Korea Corner” açılmışdır. 

Mərkəzdə Koreya dilini öyrənmək və daha da təkmilləşdirmək istəyənlər üçün Azərbaycan, rus, ingilis və Koreya dillərində dərsliklər, Koreya dilində müxtəlif sahələrə dair kitablar, jurnallar,  lüğətlər, Koreya ilə bağlı suvenirlər, milli musiqi alətləri və milli geyimlər var.   

Mərkəz Koreya dili tərcümə ixtisası üzrə təhsil alan tələbələrin elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım etmək, danışıq saatları, kino günləri və tələbələrin inkişafına töhfə verəcək müxtəlif yarışlar keçirmək, Koreya və Azərbaycan arasındakı təhsil və mədəni əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaq məqsədi ilə fəaliyyət göstərir.   

Mərkəzdə mütəmadi olaraq müxtəlif layihələr çərçivəsində elmi konfrans, seminarlar təşkil edilir, koreyaşünaslıq və Koreya dili üzrə müxtəlif müsabiqə və viktorinalar keçirilir. Eyni zamanda, Koreya mədəniyyətinin Azərbaycanda təbliğatı üçün müxtəlif mədəni tədbirlər, kino festivalları da təşkil edilir.  

Həmçinin, universitetin beynəlxalq əlaqələrini genişləndirmək, Koreyada olan universitetlər ilə əməkdaşlıq əlaqələri qurmaq, ADU-nun beynəlxalq əməkdaşlıq layihələrində iştirakının təşkili və koordinasiyası da Mərkəzin fəaliyyət predmetləridir.  

Tələbələrin yay proqramlarında, mübadilə və digər proqramlarda iştirakının təmin edilməsi və tələbələrin Koreyada təhsil almasını həyata keçirir.  

2007-ci ildə Koreyanın Xarici Dillər Universiteti (Hankuk University of Foreign Studies) bağlanmış qarşılıqlı mübadilə sazişinə əsasən 2010-cu ilin sentyabr ayından etibarən  iki universitet arasında tələbə mübadiləsi başlamışdır. 

2017-ci ildə isə Koreyanın Conbuk Universiteti (Jeonbuk National University) ilə bağlanmış qarşılıqlı mübadilə sazişinə əsasən 2018-ci ildən etibarən iki universitet də tələbə mübadiləsinə başlamışdır. Belə ki, hər universitetə 4 nəfər olmaqla ildə təxminən 8 nəfər tələbə bir semestr ərzində Koreyada təhsil almağa göndərilmişdir. 

Bundan əlavə bir çox tələbə Koreya tərəfinin dövlət və ya universitet xətti ilə Koreya universitetlərində magistratura, doktorantura pilləsi üzrə təhsil almağa yollanır. Məzunlarımızdan 3 nəfər Vasif Əliyev (Xarici İşlər Nazirliyi), Vaqif Cəfərov (Xarici İşlər Nazirliyi), Bahar Əliyeva (ADU), Zaur Abışov (ADU)  Koreyada fəlsəfə doktoru dərəcəsini almış, 1 nəfər Misirova Nigar isə Hankuk Universitetində doktorantura pilləsində təhsil almaqdadır.  

Bundan əlavə, mərkəz Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün müxtəlif dərs materialları və lüğətlər hazırlanmasını da öz fəaliyyət istiqamətlərindən biri olaraq seçmişdir. Belə ki, 2015-ci ildə “Koreyaca-Azərbaycanca lüğət” yeni əlavə və redaksiyadan sonra Koreyanın “Munyerim” nəşriyyatında işıq üzü görərək çapdan çıxmışdır. Koreyaşünaslıq Akademiyasının (Academy of Korean Studies) “Seed Program for Korean Studies” layihəsi çərçivəsində “Azərbaycanca-Koreyaca lüğət” və “Koreya dilinin qrammatikası-başlanğıc səviyyə” və “Koreya tarixi və cəmiyyəti” adlı dərslik-kitablar 2023-cü ildə tərtib edilmişdir. 

Mərkəzin fəaliyyət istiqamətləri:  

  1. Koreya nümayəndə heyəti ilə Universitet rəsmilərinin görüşlərinin təşkil edilməsi; 

  1. Müntəzəm olaraq Koreyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə tələbələrin görüşlərinin təşkil edilməsi; 

  1. Mütəmadi olaraq  müxtəlif layihələr çərçivəsində elmi konfrans, seminarların təşkil olunması və Koreyaşünaslıq və Koreya dili Koreya mədəniyyətinə və incəsənətinə həsr olunmuş müsabiqə və viktorinaların keçirilməsi; 

  1. Koreyanın Azərbaycandakı Səfirliyi tərəfindən keçirilən müxtəlif tədbirlər və seminarlara tələbələrin iştirakının təmin olunması; 

  1. Koreya dili ixtisası üzrə təhsil almış və hazırda öz ixtisasları üzrə fəaliyyət göstərən Azərbaycanda olan Koreya şirkətlərinin əməkdaşlarının ADU-da mühazirə oxumalarının təşkil olunması; 

  1. Mərkəzdə Koreya ilə bağlı elmi və ədəbi seminarların təşkil olunması; 

  1. Koreyanın zəngin mədəniyyətinin təbliğ olunması üçün müxtəlif mədəni tədbirlər, kino festivalları və film nümayişlərinin təşkil edilməsi və s.  

Koreya Mədəniyyət Mərkəzinin mütəxəssisi – Abasova Günel Vaqif qızı 

E-mail: [email protected]  

Ünvan:  Təbriz küç. 81, Azərbaycan Dillər Universiteti, III korpus, Koreya Araşdırmalar Mərkəzi (I mərtəbə, otaq 102-103 ) 

İnstagram: koreancenter_aul  https://www.instagram.com/koreancenter_aul/   

Facebook: Koreya Araşdırmalar Mərkəzi 

https://www.facebook.com/koreanstudiescenter