Mərkəzlər

Pakistan Mədəniyyət Mərkəzi

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi, iki dost və qardaş ölkə arasında mədəni, elmi və humanitar əlaqələrin inkişafına xidmət edən önəmli bir elm və mədəniyyət ocağıdır. Mərkəz 2021-ci ildə yaradılmış və qısa müddət ərzində universitet daxilində və xaricində maraq doğuran nüfuzlu bir platformaya çevrilmişdir.

Mərkəzin əsas məqsədi Pakistanın zəngin mədəniyyətini, urdu dilini, ədəbiyyatını, musiqisini, dini və tarixi irsini Azərbaycan cəmiyyətinə və xüsusilə tələbə gəncliyə tanıtmaq, iki ölkə arasında mədəni körpülər qurmaq və dərinləşdirməkdir. Bu məqsədlə Mərkəz mütəmadi olaraq müxtəlif akademik və mədəni tədbirlər – konfranslar, mühazirələr, film nümayişləri, sərgilər, ədəbi-bədii görüşlər, dini bayram proqramları və urdu dili üzrə kurslar təşkil edir.

Mərkəz həmçinin Pakistan Milli Müasir Dillər Universiteti (NUML) ilə əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələrinin təşkili və birgə akademik forumların keçirilməsini təşviq edir. Pakistan və Azərbaycan arasındakı dostluğun tarixi köklərə əsaslandığına görə, bu mərkəz bu əlaqələrin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir tribuna rolunu oynayır.

Səmimi və qonaqpərvər mühiti ilə seçilən Pakistan Mədəniyyət Mərkəzi bütün tələbələr, müəllimlər və Pakistan mədəniyyətinə maraq göstərən hər kəs üçün açıqdır. Burada iştirakçılar yalnız nəzəri biliklər deyil, eyni zamanda müxtəlif sahələr üzrə praktiki bacarıqlar da qazanırlar.