Fəxri məzunlarımız

Hüseynağa Sadıqov

Hüseynağa Musa oğlu Sadıqov - Azərbaycanın görkəmli diplomatlarından biri Hüseynağa Sadıqov 1940-cı il martın 14-də Bakı şəhərində anadan olmuşdur. 1958-1963-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində alman dili ixtisası üzrə təhsil almışdır. 1970-ci ildən Azərbaycan KP MK-nın Xarici əlaqələr şöbəsində təlimatçı, 1974-cü ildən SSRİ-nin Almaniya Demokratik Respublikasının Leyspiq şəhərində yerləşmiş konsulluğunda vitse-konsul, 1980-ci ildən ADR-in Rostok şəhərindəki konsulluğunda konsul olmuşdur.

1988-ci il yanvarın 27-dən 1992-ci ilin may ayınadək Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsində işləmişdir. 1992-ci ilin iyununda Azərbaycan Respublikasının AFR, İsveçrə, Hollandiya və Lüksemburqda Fövqəladə və Səlahiyyətli səfiri təyin edilmişdir. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olmuşdur. Azərbaycanla AFR arasında siyasi, iqtisadi, mədəni əlaqələrin və münasibətlərin təşkili, həmçinin inkişafı üçün xeyli səy göstərmişdir.

Azərbaycan və Almaniya mətbuatında beynəlxalq siyasət sahəsində 50-dən artıq məqalə və yazıların müəllifidir.