Sərxan Abdullayev
Sərxan Əvəz oğlu Abdullayev 1942-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1949-cu ildə kənd orta məktəbinə daxil olub, 1959-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1959-60-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1966-cı ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1960-cı ildən etibarən Alman dili fakültəsində çalışıb. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1977-ci ildə dosent elmi adı alıb. 1988-ci ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru vəzifəsində, uzun müddət Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.
Sovet dönəmində Ali Təhsil Nazirliyinin, Bakı şəhər və Nəsimi rayon komitələrinin Fəxri fərmanlarına layiq görülüb.
1975-76-cı illərdə Almaniya Demokratik Respublikasında 10 aylıq təkmilləşmə kursu keçib. İxtisas üzrə kitabları çap olunub.
Hazırda Müasir alman dili kafedrasının dosentidir.
S.Abdullayev bir çox tezis, məqalə, dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir.