Fəxrəddin Veysəlli
Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olub.
1960-cı ildə M.F.Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olub.
Sankt Peterburqda aspirantura təhsili alıb. Görkəmli alimlərdən olan akad. V.V.Vinaqradovun, V.M.Jirmunskinin, professorlardan Y.S.Maslovun, V.Q.Admoninin, M.İ.Matuseviçin və digərlərinin seminar və mühazirələrində iştirak edib, onlardan linqvistikanın incəliklərini öyrənib.
1971-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək germanistika üzrə elmlər namizədi elmi dərəcəsini (f.ü.f.d.) alıb.
1980-ci ildə "Alman dilinin fonetikası" kitabını Azərbaycan dilində çap etdirib. Doktorluq dissertasiyasını Sankt Peterburqda müdafiə edib və respublikamızda germanistika üzrə ilk filologiya elmləri doktoru elmi dərəcəsini alıb.
1983-cü ildə professor elmi adını alıb.
Dilçilikdə seqment və supraseqment vahidlərin variativliyi probleminin öyrənilməsində onun xidmətləri danılmazdır.
Daşkənd, Tbilisi və Bakıda ixtisaslaşmış elmi şuraların üzvü kimi fəaliyyət göstərmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib və ya rəy verib.
F.Veysəllinin 1989-cu ildə alman dilində "Lehrbuch der deutschen Phonetik" monoqrafiyası çap olunub.
F.Veysəlli bir sıra bədii əsərlərin dilimizə tərcümə edib. Alman yazıçısı T.Ştormun "İmmen gölü" novellasının dilimizə, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin isə almancaya tərcümə edib
Fəxrəddin Veysəlli Respublika radiosunun birinci proqramında "Ana dili" verilişinin müəllifi və aparıcısı kimi dilimizlə bağlı problemlərin həllinə öz töhfəsini verib. Üç ildə 50 dəfə efirə çıxan bu veriliş, eləcə də televiziya, radio və mətbuatda dilimizlə bağlı çoxsaylı çıxışları, yazıları dinləyici, tamaşaçı və oxucuların çox böyük marağına səbəb olub.
Görkəmli dilçinin geniş elmi-pedaqoji yaradıcılığını, fonetika və fonologiya sahəsindəki elmi axtarışlarını yüksək qiymətləndirən Beynəlxalq Fonetika Elmləri Cəmiyyəti onu öz sıralarına üzv qəbul edib. Bu cəmiyyət xəttilə o, iki dəfə Beynəlxalq Fonetika Elmləri Konqresində (Tallin, Stokholm) çıxış edib. Amerikanın «Dünyanın seçilən liderləri» nəşriyyatı onu 1998-ci ilin ən məşhur adamı kimi müəyyənləşdirib.
O, 1999-cu ildə Ümumdünya Alman Dili Müəllimləri Cəmiyyətinin Frankfürt (Oder) şəhərində keçirilən X qurultayında Respublika alman dili müəllimlərinin bu cəmiyyətə daxil olmasına nail olub, həmin Cəmiyyətin Lusern (İsveçrə-2002) və Yena (Almaniya-2009) şəhərləində keçirilən XI və XII qurultaylarında məruzə ilə çıxış edib
Onun «German dilçiliyinə giriş» və “Struktur dilçiliyin əsasları” (V cilddə), “Dil” (2008), “Semiotika” və s. əsərlərini müəllifin elmi yaradıcılığının yeni mərhələsi saymaq olar.
Dünya elmi-nəzəri dilçilik ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi. XX əsrin ən böyük dilçilərindən sayılan E.Koseriunun «Ümumi dilçiliyə giriş» əsərini almancadan tərcümə edib, ona «Giriş» məqaləsi yazıb və qeydlərlə çap etdirib (Bakı, 2005). F.Niçe kimi filosofun «Zərdüşt belə söylədi» (Bakı, 2007) əsərini almancadan Azərbaycan dilinə tərcümə edib (Bakı, 2008) və N.Xomskinin «Dil və təfəkkür» əsərini Azərbaycan dilində redaktə edərək qeydlərlə çap olunub.
Görkəmli dilçi F.Veysəlli çoxlu dərslik, dərs vəsaitnin redaktoru, dilçiliyin ümdə problemlərinə həsr olunmuş məqalələrin müəllifidir. 4. Dördüncü istiqamət onun ictimai, pedaqoji fəaliyyətilə bağlıdır. Bu baxımdan, onun "Dilimiz, qeyrətimiz, qayğılarımız" (Bakı, 1993) və "Dil, cəmiyyət və siyasət" (Bakı, 2004), "Ana dili: Azərbaycan dili efirdə" kitabları xüsusi maraq doğurur. Tanınmış dilçinin elmi yaradıcılığına dünyada ciddi maraq göstərirlər. Belə ki, onun K.D.Uşinskinin «Ana dili» əsərini Azərbaycan dilinə çevirməsindən sonra həmin əsər 1999-cu ildə İsveçdə "Tribuna" dərgisində fars qrafikası ilə çap olunub.
Onun 1993-cü ildə Bakıda çap etdirdiyi "Fonetika və fonologiya məsələləri" adlı kitabı Ankarada prof. M.Musaoğlunun tərcüməsində "Azərbaycan türkcəsinin fonetiği" adı altında çap olunub.
Fəxrəddin müəlllim yeddi ildən artıq (1994-2001) Azərbaycan Ali Atestassiya Komissiyasının Rəyasət Heyətinin üzvü olmuşdur. Hazırda o, Azərbaycan Dillər Universitetinin prfessorudur. O, uzun illər Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdindəki Avropa dilləri və ədəbiyyatı bölməsinin sədri kimi səmərəli fəaliyyət göstərib.