Çərkəz Qurbanov
Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948-1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960-1965-ci illərdə M.F.Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1965-1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib. 1966-cı ildə M.F.Axundov adına APDİ-də müəllimlik fəaliyyətinə başlayıb. 1973-cü ildə həmin institutda Alman dili kafedrasında baş müəllim vəzifəsini tutub. 1980-cı ildə filologiya üzrə elmlər namizədi elmi dərəcəsi alıb. 1986-cı ildə Tərcümə kafedrasının müdiri vəzifəsinə keçib. 1990-ildə isə dosent elmi adı alıb. Çərkəz Qurbanov 1993-cü ildə Tərcümə fakültəsinin dekanı, daha sonra yenidən Tərcümə və axşam təhsili fakültəsinin dekanı olub. O, 1993-1994-cü illərdə I prorektor əvəzi vəzifəsində çalışıb. 2000-ci ildə ADU-nun Alman dilinin leksikası və üslubiyyatı kafedrasına müdir seçilib. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb. 2011-ci ildə Alman dilinin leksikası və üslubiyyatı kafedrasında professor vəzifəsini tutub. Bununla yanaşı, 2009-2014-cü illərdə ADU-nun nəzdində bir sıra dil laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışıb.
Qeyd edək ki, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanov Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib. Çərkəz Qurbanov XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş almandilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb. O, alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi.
Çərkəz Qurbanov 2014-cü ildə Bakıda vəfat edib.