Ağamusa Axundov
Ağamusa Axundov 1932-ci ildə anadan olmuşdur. Filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli EA-nın müxbir üzvü (2001), Əməkdar elm xadimi (1990), Respublika Dövlət Mükafatı Laureatı (1986), Türk Dil Qurumunun fəxri üzvü (2000), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1955), Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsini (1965) bitirmişdir. BDU-nun Filologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1990) olmuşdur. 1990-cı ildən Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Nəzəri və tətbiqi dilçilik şöbəsinin rəhbəri, 1992-ci ildən “Türkologiya” jurnalının baş redaktoru, 2001-ci ildən Azərbaycan Milli EA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi olmuşdur.
Əsərləri Rusiya, Belorusiya, Gürcüstan, Almaniya, Fransa, Çexiya, Macarıstan, Türkiyə, İran və s. ölkələrdə çap olunmuşdur. “Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları” kitabı “Təhsil” cəmiyyətinin (1994), “Azərbaycan dili 5-6” dərsliyi Maarif Nazirliyinin mükafatlarına (1972) layiq görülmüşdür.
A.Axundov Azərbaycan fonologiyası məktəbinin və Azərbaycan dilinin sintaqmatik fonetika sahəsinin yaradıcısı və nəzəri dilçilik üzrə görkəmli alim olmuşdur. Azərbaycan dilinin qrammatikası, tarixi fonetika, etimologiya, bədii dil, üslubiyyat, nitq mədəniyyəti, riyazi dilçilik və s. məsələlərinə dair əsərlərin, ali və orta məktəb dərsliklərinin müəllifi olmuşdur. Almaniyada müntəzəm nəşr olunan “Fonetika. Ümumi dilçilik. Kommunikativ tədqiqatlar” jurnalının redaksiya heyətinin üzvü (1978), 1980-ci ildən həmin jurnalın beynəlxalq məsləhətçisi olmuşdur. Təsis olunduğu 1974-cü ildən Sovet Türkoloqları Komitəsinin Azərbaycandan seçilən ilk iki üzvündən biri olmuşdur. Xalqlar dostluğu sahəsindəki xidmətlərinə görə ABŞ-ın Frendşip Fors (Dostluq qüvvələri) təşkilatının fəxri fərmanı ilə təltif olunmuşdur. ABŞ-ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Ruj şəhərinin bələdiyyə şurasının fəxri üzvü olmuşdur. “Azərbaycan MEA-nın Xəbərləri” (Humanitar və ictimai elmlər seriyası) və “Türkologiya” jurnallarının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Komissiyasının, Dövlət Dil Komissiyasının, Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasının üzvü olmuşdur. “Şöhrət” ordeni ilə təltif edilmişdir (2000).
A.Axundov 5 sentyabr 2015-ci ildə vəfat etmişdir.