Fəxri məzunlarımız

Əbülfəs Qarayev

Əbülfəs Mürsəl oğlu Qarayev 1956-cı il noyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1963-1973-cü illərdə 23 nömrəli orta məktəbdə, 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır. Əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunun M.Əzizbəyov adına şəhər orta məktəbində ingilis dili müəllimi vəzifəsi ilə başlamış, 1978-1980-ci illərdə Zaqafqaziya Hərbi Dairəsində hərbi xidmətdə olmuşdur. 1980-1985-ci illərdə Azərbaycan LKGİ MK-nın Təşkilat şöbəsində təlimatçı, bölmə müdiri vəzifələrində, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon Komitəsində Təşkilat şöbəsinin təlimatçısı və Təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1987-1990-cı illərdə Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1989-1992-ci illərdə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının (indiki Rusiya İdarəetmə Akademiyası) aspiranturasında təhsil almış və 1992-ci ildə dissertasiya müdafiə edərək namizədlik elmi dərəcəsini almışdır. Elə həmin ildə Rusiya İdarəetmə Akademiyasında menecerlik və marketinq kurslarında iştirak etmişdir. 1992-1994-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Mədəniyyətşünaslıq kafedrasında baş müəllim, eyni zamanda “İmproteks” Kiçik Müəssisəsində kommersiya üzrə direktor müavini, “İmproteks Kommers” Kiçik Müəssisəsində müdir işləmişdir. 1994-cü ildən Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, 18  aprel 2001-ci ildən Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Naziri işləmiş, 2006-2020-ci illərdə Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışıb.