Təhsil 1 fakültəsi

Təhsil 1 fakültəsinin tarixi 

Təhsil fakültəsinin yaranma tarixi ötən əsrin ortalarına təsadüf edir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcını 1937-ci ildə APİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühüm rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu. Fakültəyə 1948/1949-cu tədris ilində 75 nəfər tələbə (50 nəfər Azərbaycan, 25 nəfər isə rus bölməsinə) qəbul olunmuş, 140 nəfər isə  APİ-dən köçürülmüşdür. 215 nəfərlə (onlardan 137-si azərbaycanlı) tədrisə başlayan fakültənin ilk dekanı 1948-ci ildə APİ-nin Xarici dillər fakültəsinin məzunlarından olan Nazim Qədimbəyov olmuşdur. Lakin o, tezliklə Xarici İşlər Nazirliyinə məsul işə getdiyindən fransız dili mütəxəssisi Mina Quliyeva onu bu vəzifədə əvəz etdi. Sonrakı illərdə Nigar Vəzirova-Yeqorova, Dora Abbasova, Lev Qusliser, Səid Bağırov, Miyasət Ömərova dekan vəzifəsini icra etmişlər.

İngilis dili kafedrasının müdiri isə Rüxsarə Qayıbova olmuşdur.  Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq Respublika Maarif naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutlarının birləşdirilməsi haqqında əmr verib. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri. İngilis dili mütəxəssislərini hazırlayan ikinci fakültənin dekanı Cəfər Cəfərov təyin edilmişdi. Lakin o, bu vəzifəni cəmi bir il icra etdi. 1960-cı ilin mart ayında onu Şamil Səfiquliyev əvəz etdi. Respublika AOİT nazirinin 7 fevral 1968-ci il tarixli əmri ilə Avropa dilləri fakültəsi iki yerə ayrıldı: İngilis dili və Alman-fransız dilləri fakültələrinə. Seçki keçirilənə qədər dosent İ.Rəhimov fakültənin dekanı təyin edildi. Az sonra 1968-ci il aprelin 22-də Nanə Şahmuradova fakültənin dekanı seçildi. 1971-ci ilin aprelində İ.Rəhimov fakültəyə yenidən rəhbərlik etməyə başladı.

1969-cu ildə hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi. Fakültə ləğv edilmiş institutdan köçürüldüyü üçün dekan vəzifəsini müvəqqəti olaraq yenə də İsmixan Rəhimov icra etməyə başladı. 1973-cü ildə onun yerinə Fikrət Seyidov dekan vəzifəsinə təyin olundu, 1979-cu ildə onu G.Yusifov, 1990-cı ildə isə G.Yusifovu F. Orucov əvəz etdi.

90-cı illərdə respublikada baş vermiş ictimai-siyasi proseslər institut həyatına da öz təsirini göstərirdi. Bu özünü kadr dəyişikliyi, fakültə, kafedra və şöbələrin yenidən qurulması sahəsində daha bariz şəkildə büruzə verirdi. Rektorların, prorektorların, dekanların, kafedra və şöbə müdirlərinin dəyişdirilməsi, fakültə, kafedra və şöbələrin yenidən qurulması adi prosesə çevrilmişdi.

90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan İngilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmri ilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitutun Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən 1№-li İngilis dili fakültəsi adlandı. 1991-2003-cü illərdə Dünyamin Yunusov, Sevda Cavadova, Natiq Yusifov, Məlumat Nurəddinov fakültənin dekanları olmuşlar. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə adlandırılmışdır. 2003-2014-cü illər ərzində isə professor Əfqan Abdullayev fakültəyə rəhbərlik etmişdir.

Yarandığından ötən 70 il ərzində minlərlə ingilis, alman,  fransız dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən bir çox milli kadr hazırlanmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş ilk xarici dil mütəxəssisi, professor Zemfira Verdiyeva, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Axundov, Qəzənfər Paşayev, respublikada komparativ dilçiliyin əsasını qoymuş professor Oruc Musayev, respublikada ilk dəfə milli dilçiliyin tərkibində bədii surətin fikir ifadəsinin kommunikativ aspektlərinin dərin elmi təhlilini vermiş Mehparə Qayıbova, dilçilik elminin inkişafında müstəsna xidmətləri olan professorlar Dünyamin Yunusov, Natiq Yusifov, Fikrət Seyidov, Sayadulla Babayev, Gülnar Hüseynzadə, Dilarə İsmayılova, Məsmə Qazıyeva, Əfqan Abdullayev, Fərman Zeynalov, Fikrət Cahangirov, Azad Məmmədov, Nigar Vəliyeva, Leyla Cəfərova, Arif Hüseynov, Sevinc Zeynalova, əməkdar müəllim Akif Bayramov, Balaxan Hüseynov və başqaları məhz bu fakültənin yetirmələri olmuşlar.

Fakültə universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilib. Universitet rəhbərliyinin diqqət və qayğısı sayəsində Təhsil fakültəsinin maddi-texniki bazası daha da gücləndirilib. Müxtəlif mərkəzlər, laboratoriyalar, yeni kafedraların yaradılması məhz həmin diqqətin nəticəsidir.

Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.

Respublikamız 2005-ci ildə Boloniya bəyənnaməsini qəbul etdikdən sonra universitetimiz bu prosesi dəstəkləyən ilk ali təhsil müəssəsi oldu. Tədris plan-proqramları yeniləndi, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olundu. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparıldı, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirildi, yeni-yeni fənn proqramları hazırlandı.

Azərbaycan Dillər Universiteti üzrə 28 avqust 2014-cü il tarixli 68 saylı əmr ilə keçmiş Pedaqoji fakültənin bazasında Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə ) fakültələri yaradılmışdır. 2014-2017-ci illər arasında sözügedən fakültələrin dekanları professor, fil.e.d. Fikrət Cahangirov və fil.f.d., dosent Vəfa Babayeva olublar.

ADU-da struktur dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələr birləşdirilərək əvəzinə TƏHSİL fakültəsi yaradılıb (ADU üzrə 31 Mart 2017-ci il tarixli, 40 saylı əmr). Hal-hazırda TƏHSİL fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Fikrət Cahangirovdur.