Fakültələr

Filologiya fakültəsi 

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi xarici dillərin, dilçilik və ədəbiyyatın, eləcə də jurnalistika sahəsinin inkişafına töhfə verən, zəngin elmi-pedaqoji ənənələrə malik fakültələrdən biridir. Fakültənin bugünkü strukturunun formalaşması müxtəlif illərdə universitetdə həyata keçirilmiş təşkilati dəyişikliklərlə bağlıdır. Fakültənin tarixi 1948-ci ildən başlayaraq müxtəlif mərhələlərdə formalaşmış elmi və pedaqoji ənənələrin davamı kimi qiymətləndirilir. İlk fəaliyyətini filoloji, müasir dövrün müasir dillərindən fərqli olaraq məhdud sayda dillərin tədrisi və həmin dillər üzrə müəllimlik istiqamətində tələbələr yetişdirməklə başlamışdır.  
 Universitetdə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, kafedraların fəaliyyətini daha səmərəli təşkil etmək və idarəetmə mexanizmlərini təkmilləşdirmək məqsədilə müxtəlif illərdə struktur dəyişiklikləri aparılmışdır.
Hazırda Filologiya fakültəsi 11 ixtisas istiqaməti üzrə fəaliyyət göstərir.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)
Dil və ədəbiyyat müəllimliyi (alman dili üzrə)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili üzrə)
Filologiya (ingilis dili və ədəbiyyatı)
Filologiya (alman dili və ədəbiyyatı)
Filologiya (fransız dili və ədəbiyyatı)
Filologiya (ispan dili və ədəbiyyatı)
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Filologiya (rus dili və ədəbiyyatı)
Jurnalistika
Fakültənin tərkibinə 9 kafedra və  bir şöbə, Beynəlxalq Jurnalistika – (Jurnalistika ixtisası - tədris ingilis dilində) aiddir.
Beynəlxalq Jurnalistika şöbəsi
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan ədəbiyyatı kafedrası
Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrası
Ümumi dilçilik kafedrası
İngilis dilinin üslubiyyatı kafedrası
Xarici dillərin tədrisi metodikası kafedrası
Avropa dilləri kafedrası
Alman dilinin fonetikası və qrammatikası kafedrası
Fransız dilinin fonetikası və qrammatikası kafedrası
Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda, təlimlərdə və digər elmi-akademik tədbirlərdə fəal iştirak edirlər. ADU-nun Beynəlxalq əlaqələr şöbəsi ilə əməkdaşlıq çərçivəsində fakültənin əməkdaşları və tələbələri Erasmus+, Mövlana və Orhun mübadilə proqramlarına qoşulmuşlar. Fakültədə təhsil üzrə mübadilə proqramları  istiqamətində fəaliyyət hər zman uğurla davam etdirilir.
Azərbaycan Dillər Universitetinin ölkəmizdəki yüksək nüfuzu və akademik ənənələri universitetə, eləcə də onun struktur bölmələrindən biri olan Filologiya fakültəsinə marağın artmasına müsbət təsir göstərir. Bunun nəticəsi olaraq, fakültənin bir sıra ixtisasları üzrə tələbə qəbulunda ildən-ilə artım müşahidə olunur.
Fakültənin professor-müəllim heyəti yüksək elmi potensiala və zəngin pedaqoji təcrübəyə malikdir. Tədris prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə yeni fənlərin təklif olunması, fənn proqramlarının yenilənməsi, dərslik və dərs vəsaitlərinin hazırlanması, habelə elmi tədqiqatların nəticələrinin nüfuzlu, yüksək indeksli beynəlxalq elmi jurnallarda dərc edilməsi istiqamətində fəaliyyət dinamik şəkildə inkişaf edir.
Hazırda Filologiya fakültəsində 2 akademik, 10 professor, 4 elmlər doktoru, 55 dosent, filologiya üzrə 16 və pedaqogika üzrə 4 fəlsəfə doktoru, eləcə də beynəlxalq sertifikatlara malik çoxsaylı baş müəllim və müəllim fəaliyyət göstərir. Bu elmi-pedaqoji potensial fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatların genişləndirilməsinə və beynəlxalq akademik əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Filologiya fakültəsinin idarəetmə strukturu dekan, dekan müavinləri, akademik məsləhətçilər (tyutorlar) və assistentlərdən ibarətdir.