Buyar Nişani
Buyar Nişani – Albaniyanın dövlət xadimi, 2012-ci ilin 24 iyul tarixindən Albaniya Respublikasının Prezidentidir.
Buyar Nişani 1966-cı il sentyabrın 29-da Durresdə anadan olub. Ali təhsilini 1988-ci ildə Tiranada Hərb Akademiyasında başa vurub. 1991-ci ildə Albaniya Demokrat Partiyasının üzvü olub. 90-cı illərin ortalarında ABŞ-a gedib və San-Antonioda (Texas ştatı) universiteti başa vurub. Sonra o, 1997-ci ildə elmi dərəcə aldığı Kaliforniya universitetlərinin birində aspiranturanı bitirib.
Daha sonra B.Nişani Albaniyaya qayıdıb. Xalq Məclisinə keçirilən seçkilərdə Demokratlar Partiyasının məğlubiyyətindən sonra “Hərbi Avroatlantik forum” qeyri-hökumət təşkilatına rəhbərlik edib. 2005-ci ildə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə Albaniyanın daxili işlər naziri olub. 2009-cu ildə Albaniya NATO-ya daxil olanda ədliyyə naziri olub. 2011-ci ildə yenidən Daxili İşlər Nazirliyinə qayıdıb və həmin qurumun rəhbəri olub.
2012-ci ildə Albaniyada keçirilən prezident seçkilərində iştirak edib və qələbə qazanıb.
Bakıda keçirilən V Qlobal Forumda iştirak etmək məqsədi ilə Azərbaycanda səfərdə olan Albaniya Respublikasının Prezidenti B.Nişani 2017-ci ilin mart ayının 17-də Azərbaycan Dillər Universitetində də (ADU) olub və universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun Fəxri doktoru adına layiq görülüb.