Fəxri doktorlarımız

Vidiadxar Suracpasad Naypol

Hind əsilli ingilisdilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprasad Naypol 1932-ci ildə Trinidad və Tobaqo Respublikasının Çaquanas şəhərində anadan olub.
İslamı açıq şəkildə tənqid etməsi ilə tanınan V.S.Naypol İngiltərənin хeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford Universitetində təhsil alıb. Tələbə olarkən ədəbi tənqidçi kimi çıxış edib, nəsr əsərləri yazmağa başlayıb. Universiteti bitirdikdən sonra o, BBC-nin Karib redaksiyasının ştatdankənar işçisi kimi çalışıb.
V.S.Naypolun ilk kitabı “Migel küçəsi” Trinidadın paytaxt küçələrində baş vermiş hadisələri əhatə edən hekayələrdən ibarət topludur. Kitabın dərhal nəşr olunmamasına baxmayaraq, geniş oxucu kütləsinin diqqətini cəlb edir. Naşir Andre Doiç hekayələrdən ibarət toplunun Böyük Britaniyada yaxşı satılmayacağını düşündüyündən Naypolun roman yazmağının tərəfdarı idi. Beləliklə, 1955-ci ildə Naypol “Sirli masajçı” romanını yazır və bu roman ona 125 funt qonorar qazandırır.
V.S.Naypola əsas müvəffəqiyyət qazandıran jurnalist atasının xatirələri əsasında yazdığı “Cənab Bisvas üçün ev” romanının nəşr olunması olur. Naypolun 30 yaşı olmamış roman  müxtəlif dillərə tərcümə edilir və  “Cənab Bisvas üçün ev” artıq dünyada tanınır.
Yazıçı həm də “Əldəqayırma”, “Partizanlar” romanlarının müəllifidir. V.S.Naypolun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizəni əks etdirir. V.S.Naypol 1971-ci ildə “Azad ölkədə” romanına görə Buker mükafatına, 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bundan əlavə, o, müxtəlif illərdə çoxsaylı ədəbi mükafatlar qazanıb. 2008-ci ildə “Times” qəzetində V.S.Naypol 1945-ci ildən bəri 50 ən böyük Britaniya yazıçıları siyahısında 7-ci sırada təsnif olunub.
12 oktyabr 2011-ci ildə ADU-nun Elmi Şurasının qərarına əsasən müasir dünyada ədəbiyyatın inkişafına verdiyi töhfələrə görə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprasad Naypola Azərbaycan Dillər Universitetinin Fəxri doktoru adı verilib.