Fəxri doktorlarımız

Mixail Qusman

Mixail Qusman tanınmış jurnalist, televiziya aparıcısı və media meneceridir. O, 23 yanvar 1950-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ali təhsilini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda alıb. Uzun illər Rusiyanın Dövlət İnformasiya Agentliyi olan TASS-da rəhbər vəzifələrdə çalışıb və agentliyin baş direktorunun birinci müavini olub. O, həm də dünya liderləri ilə müsahibələrin yer aldığı məşhur "Hakimiyyətin formulu" ("Формула власти") verilişinin müəllifi və aparıcısıdır. Mixail Qusman fəaliyyəti boyunca Rusiya-Azərbaycan münasibətlərinin və mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb.
Onun xidmətləri həm Azərbaycan, həm də Rusiya dövləti tərəfindən çoxsaylı yüksək mükafatlarla qiymətləndirilib. O, Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" (III və IV dərəcəli), "Aleksandr Nevski", "Şərəf" və "Dostluq" ordenləri ilə təltif edilib. Rusiya Federasiyasının Dövlət mükafatı laureatıdır, həmçinin Rusiyanın Əməkdar jurnalisti və Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkələr arasında əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə "Şöhrət" (2005), "Dostluq" (2010) və "Şərəf" (2020) ordenləri ilə təltif olunub. O, həmçinin Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatının sahibidir. Beynəlxalq miqyasda da tanınan Qusman İtaliyanın ali dövlət mükafatı olan "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilib. Bundan əlavə, Rusiya və Yaponiya arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə görə xüsusi mükafata layiq görülüb. Türkiyədə isə Qlobal Jurnalistlər Şurası tərəfindən beynəlxalq media mükafatı ilə mükafatlandırılıb. Onun qələmə aldığı "Həyat formulu: atam və anam haqqında kitab" əsəri də Rusiyada nüfuzlu kitab mükafatı qazanıb.

27 may 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Mixail Qusmana ADU-nun fəxri professoru adı verilib.