Fəxri doktorlarımız

Şimon Peres

Şimon Peres 1984-1986 və 1995-1996-cı illərdə İsrailin Baş naziri, 2007-2014-cü illərdə İsrailin 9-cu prezidenti olub.
Ş.Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub.
Ş.Peres 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. “Avod” (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən “Böyük xaç” cəngavər ordeni ilə təltif edilib.
1949-cu ildə o, İsrail Müdafiə Nazirliyinin ABŞ-dakı nümayəndə heyətinin rəhbəri təyin olunub. Bununla yanaşı, Ş.Peres Nyu-York və Harvard Universitetində təhsilini davam etdirib. Harvard Universitetinin İnzibati idarəetmə fakültəsində təhsil alıb.
1952-ci ildə Ş.Peres İsrail Müdafiə Nazirliyinin Baş direktorunun müavini vəzifəsində, 1953-59-cu illərdə isə sözügedən nazirliyin Baş direktoru vəzifəsində çalışıb. Nazirlikdə işlədiyi dövrlərdə İsrailin Fransa ilə hərbi əlaqələrinin inkişaf etdirilməsində, eləcə də dövlət büdcəsindən hərbi sahəyə külli miqdarda vəsaitin ayrılmasına, hərbi hava qüvvələrinin təkmilləşdirilməsi və bu sahə üzrə elmi araşdırmalara külli miqdarda vəsait sərf olunmasında müstəsna xidməti olub. Məhz onun dövründə İsrail hərbi baxımdan olduqca güclü bir ölkəyə çevrilib. İsrailin nüvə silahına malik olması və ölkədə nüvə reaktorlarının yaradılması ideyasını da məhz Ş.Peres irəli sürüb. 1956-cı ildə o, Fransanın “Legion” Şərəf ordeni ilə təltif edilib.
1988-1990-cı illərdə Ş.Peres İsrailin Baş nazirinin müavini və Maliyyə naziri vəzifəsini icra edib.
Ş.Peres ərəb ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə qaydaya salıb, Fələstin Azadlıq Təşkilatı (FAT) ilə sülh danışıqlarının ideoloquna çevrilib.
Ş.Peres 11 kitabın müəllifi olub. Onun qələmə aldığı kitablardan bir çoxu Ərəb-İsrail münaqişəsindən bəhs edir.
Özünü tərcüməçi kimi də sınamış Ş.Peres Lev Tolstoy, Alber Kamyu və bir sıra tanınmış yazıçıların əsərlərindən tərcümələr edib. Ş.Peres alman fəlsəfəsi, opera və teatrına da xüsusi maraq göstərib.
Ş.Peres 2009-cu ildə Azərbaycana rəsmi səfəri çərçivəsində iyunun 29-da Azərbaycan Dillər Universitetində olub və ADU-nun Elmi Şurasının qərarına əsasən universitetin Fəxri doktoru adına layiq görülüb.
Ş.Peres 2016-cı ildə vəfat edib.