
Təhsil fakültəsi
Təhsil fakültəsi Azərbaycanda davamlı inkişaf mərhələsinin uğurla davam etdirilməsini, əhalinin sosial-iqtisadi həyatında baş verən keyfiyyət dəyişikliklərini insan kapitalının inkişafına, gənc nəslin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndirir. Bu konteksdə ölkənin təhsil sisteminin başlıca prioritetlərindən biri hesab olunan insan kapitalının inkişafına nail olmaq missiyasını öhdəmizə götürərək pedaqoji istiqamətdə təhsil alan tələbələrin əmək bazarında öz mövqelərini tutması ilə yanaşı cəmiyyətdə fəaliyyətlərinin düzgün stimullaşdırmalarını diqqət mərkəzində saxlamağı fakültənin inkişaf strategiyasında önəmli müddəa kimi dəyərləndiririk.
Təhsil hər bir insanın cəmiyyətdə ziyalı vətəndaşı kimi yetişməsinə müvafiq şərait yaradır. Fakültəmiz yarandığı gündən maddi–texniki baza və elmi kadr potensialının gücləndirilməsinə, elektron auditoroyaların, təlim və tədris mərkəzlərinin yaradılmasına xüsusi əhəmiyyət verir. Məqsədimiz fakültədə təhsil və tədrisin keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasıdır. Bu hədəfə çatmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, İKT vasitələrini tətbiq etməklə kifayətlənmir, eyni zamanda təhsil sahəsində yeniliklərin və mütəxəssis hazırlığında rəqəmsal texnologiyaların tətbiqində, həmçinin səriştə əsaslı yanaşmanın prioritet istiqaməti kimi seçilməsində dünya standartlarına əsaslanaraq mühüm addımlar atırıq. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə etdiyi üçün fakültəmizdə əsas yanaşma səriştə əsaslı təlim və tədris mühitinin yaradılmasıdır. Müəyyən etdiyimiz strateji hədəflərə nail olmaq üçün, ilk növbədə, təhsilalanların istedadını üzə çıxarmaq və inkişaf etdirmək zəruri amildir. Bu, səmərəli idarəetmə mexanizminin tətbiqi vasitəsi ilə mümkündür. Fakültəmiz bu istiqamətdə həyata keçirilən qabaqcıl təcrübələri öyrənmək və tətbiq etmək yolu ilə qarşıya qoyulan hədəflərə nail olmaq əzmindədir.
Hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:
1. İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)
2. Məktəbəqədər təlim və tərbiyə (tədris ingilis dilində)
3. Korreksiyaedici təlim (tədris Azərbaycan dilində )
4. Təhsildə sosial-psixoloji xidmət (tədris Azərbaycan dilində)
5. Xarici dil müəllimliyi (Rus dili, tədris rus dilində)
2024/2025-ci tədris ilində Təhsil fakültəsi üzrə 90 nəfər tələbə I kursa qəbul olmuşdur. Onlardan 15 nəfər “Xarici dil müəllimliyi” (rus dili üzrə), 20 nəfər “Korreksiyaedici təlim”, 20 nəfər “İbtidai sinif müəllimliyi” (tədris ingilis dilində), 20 nəfər “Məktəbəqədər təhsil” (tədris ingilis dilində) və 15 nəfər “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olmuşdur. Hazırda Təhsil fakültəsində bütün kurslar üzrə 90 nəfər tələbə “Xarici dil müəllimliyi” (rus dili üzrə), 89 nəfər tələbə “Korreksiyaedici təlim”, 77 nəfər tələbə “İbtidai sinif müəllimliyi” (tədris ingilis dilində), 79 nəfər tələbə “Məktəbəqədər təhsil” (tədris ingilis dilində), 60 nəfər tələbə “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarında təhsil alır.