Davamlılıq

Satınalma Siyasəti

 

Malların və xidmətlərin satın alınması ilə bağlı universitetin müəyyən etdiyi qaydalar, prosedurlar və etik prinsiplər.

 

Rəsmi Nüsxənin Əldə Edilməsi

Bu siyasətin rəsmi nüsxəsini əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134, Baş kampus, II mərtəbə, Davamlılıq Komitəsinin otağı, № 209

Telefon: (+994 12) 441 22 31

E-poçt: [email protected]

Veb-sayt: https://adu.edu.az

 

 

Azərbaycan Dillər Universiteti

Satınalma Siyasəti

 

Giriş (Preambula)

 

Azərbaycan Dillər Universitetinin (ADU) Satınalma Siyasəti (bundan sonra “Siyasət” adlandırılacaq), Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, dövlət satınalmaları haqqında qanun və normativ aktlar əsasında tənzimlənir və aşağıdakı əsas hüquqi sənədlərə əsaslanır:

a) Azərbaycan hökumətinin müvafiq dövlətlərlə bağladığı ikitərəfli ticarət sazişləri;

b) Dövlət Satınalmaları haqqında Qanun

➡ https://e-qanun.az/framework/54966

➡ https://competition.gov.az/en/page/dovlet-satinalmalari

 

Rəqabət Məcəlləsi

➡ https://e-qanun.az/framework/56187

 

Antiinhisar Qanunu

➡ https://competition.gov.az/en

 

Ticarət Sirləri haqqında Qanun

➡ https://e-qanun.az/framework/2861

 

Digər tətbiq edilə bilən normativ hüquqi aktlar;

c) Azərbaycan Dillər Universitetinin daxili Satınalma Siyasəti.

 

I Bölmə

 

Məqsəd Bəyannaməsi

Bu siyasətin icrasına Azərbaycan Dillər Universitetinin rəhbərliyi cavabdehdir. Rəhbərlik davamlılıq komitəsi ilə birgə satınalma prosedurlarını, maliyyələşmə mənbələrini və qanunvericiliyə uyğun yenilənmələri mütəmadi olaraq nəzərdən keçirir. Eyni zamanda mütəxəssislərlə aparılan məsləhətləşmələr vasitəsilə qərarların qəbulunda ətraf mühitin qorunması prinsipinə üstünlük verilir.

Satınalma və satış müqavilələrində tərəf olan bütün təchizatçılar bu siyasət ilə öncədən tanış edilir ki, bu da universitet və ümumilikdə cəmiyyət üçün əlavə dəyər yaradılmasını təmin etsin.

Bu siyasətin mühüm nəticələrindən biri də nəticəyönümlü danışıqlar, tenderlərin idarə olunması və müqavilə bağlanması sahəsində peşəkar satınalma menecerlərinin yetişdirilməsidir. Satınalma prosesi, xüsusilə tikinti və digər uzunmüddətli layihələr zamanı kompleks və çoxşaxəli xarakter daşıyır. Buna görə də ADU mümkün təchizatçılarla əməkdaşlıq etməzdən əvvəl texnologiya, istifadə olunan materiallar, mənşə ölkəsi, təchizat zənciri və digər amilləri diqqətlə təhlil edir. Heç bir ekoloji, coğrafi, iqtisadi, hüquqi və ya normativ aspekt diqqətdən kənarda qalmamalıdır.

 

Siyasətin Məqsədi

Bu siyasətin əsas məqsədi ADU-nun satınalma fəaliyyətlərinin iqtisadi, sosial və ekoloji sahələrdə müsbət təsir yaratmasını təmin etməkdir. Əsas məqsədlərə aşağıdakılar daxildir:

ADU-nun satınalma fəaliyyətlərinin iqtisadiyyat, cəmiyyət və ətraf mühitə təsirini qəbul etmək;

Alınan məhsul və xidmətlərin sosial və ekoloji öhdəliklərə uyğun olmasını təmin etmək;

Mənfi təsirləri minimuma endirmək və yerli və qlobal icmalara fayda vermək;

Davamlı satınalma meyarlarını tətbiq etməklə maraqlı tərəflərə müsbət nümunə göstərmək və məsuliyyətli satınalma mədəniyyətini inkişaf etdirmək.

 

Əsas Diqqət Sahələri

1. Ekoloji Məsuliyyət:

ADU aldığı məhsul və xidmətlərin ətraf mühitə təsirini qiymətləndirir. Davamlı materiallardan istifadə, ekoloji cəhətdən təmiz texnologiyalar və sosial ədalət prinsipinə əsaslanan təchizat bu siyasətin əsasını təşkil edir.

2. Sosial Məsuliyyət:

Ədalətli, etik və müxtəlif təchizat mənbələrinə üstünlük verilir. Bütün satınalma proseslərində insan hüquqları, əmək hüquqları və sosial rifah prioritet olaraq qiymətləndirilir. Bu sahədə çalışan heyət davamlılıq prinsiplərinə uyğun təlimləndirilməlidir.

3. Normativ Uyğunluq:

ADU həm yerli qanunvericiliyə, həm də beynəlxalq davamlılıq standartlarına uyğunluğa sadiqdir. COSO CUBE modeli tətbiq edilməklə daxili nəzarət və risklərin qiymətləndirilməsi həyata keçirilir.

 

II Bölmə

 

Davamlılığa Sadiqlik

Azərbaycan Dillər Universiteti satınalma fəaliyyətlərində davamlılığı təşviq etməyə sadiqdir. Universitet ali təhsili davamlı inkişafın, sosial məsuliyyətin və qlobal ədalətin təmin olunmasında əsas vasitələrdən biri kimi görür. ADU akademik sektorda davamlı təcrübələr üçün nümunə olmaq niyyətindədir.

Davamlı Satınalma Təcrübələri:

Davamlılıq üzrə maarifləndirmə: ADU seminarlar, təlimlər və maarifləndirici tədbirlər təşkil edərək davamlı satınalma mədəniyyətini təşviq edir.

Təchizatçıların iştirakçılığı: Universitet təchizatçıların davamlılıq hədəflərinə çatmaqda mühüm rolunu qəbul edir və onları ADU-nun İqlim Fəaliyyəti Planına uyğun hərəkət etməyə təşviq edir.

Yenilik və Tədqiqatın Dəstəklənməsi: ADU davamlı satınalma üzrə innovativ həllərin tətbiqini təşviq edir və bu sahədə mütəxəssislərlə əməkdaşlıq edir.

Qlobal və Yerli Tərəfdaşlıqlar: Dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla tərəfdaşlıqlar qurularaq davamlılıq sahəsində ortaq problemlər həll edilir.

 

III Bölmə

 

Təbiətin Qorunması

Əsas Prinsiplər:

Resursların Effektiv İstifadəsi və Təkrar Emal:

ADU təbii resursların istifadəsinin azaldılmasına və tullantıların minimuma endirilməsinə üstünlük verir. Universitet az qablaşdırmaya malik məhsulların alınmasına və kağız istifadəsinin azaldılması üçün rəqəmsal alternativlərin təşviqinə çalışır.

 

Enerji Effektivliyi:

Avadanlıq alınarkən, ADU enerji baxımından səmərəli məhsullara üstünlük verir və bununla karbon emissiyalarının azaldılmasına nail olmağı qarşısına məqsəd qoyur. Eyni zamanda, enerji istehlakının monitorinqi və texnoloji yeniliklər vasitəsilə israfın azaldılması planlaşdırılır.

 

Bərk Tullantıların Azaldılması və Təkrar Emalı:

ADU tullantıların azaldılmasına çalışır və təkrar emal proseslərini təşviq edir. Kampus ərazisində çeşidləmə qabları quraşdırılıb və ayrılmış tullantılar təkrar emal müəssisələrinə göndərilir.

 

Emissiyaların Azaldılması:

Universitet aşağı karbon izinə malik məhsulların alınmasına və karbon emissiyalarının azaldılmasına töhfə verən təchizatçılarla əməkdaşlığa üstünlük verir.

 

Biomüxtəlifliyin Qorunması:

ADU satınalma fəaliyyətlərinin biomüxtəlifliyə mənfi təsir etməməsinə zəmanət verir. Bioloji parçalanan məhsullara üstünlük verilir və ətraf mühitə zərərli məhsulların alınmasından qaçınılır.

 

Əmək Standartları və Ədalətli Ticarət:

Universitet bütün təchizatçıların beynəlxalq əmək standartlarına əməl etməsini tələb edir. Məcəburiyyətlə əməyə, uşaq əməyinə və ayrı-seçkiliyə yol verilmir.

 

Müxtəliflik və İnteqrasiya:

ADU satınalma prosesində müxtəlifliyi və inklüzivliyi təşviq edir. Nümayəndəliyi az olan qruplardan olan təchizatçılara dəstək göstərilir və təchizat zəncirində ədalətli münasibət təmin edilir.

 

Sağlamlıq və Təhlükəsizlik:

Universitet sağlamlıq və təhlükəsizlik tədbirlərinə yüksək önəm verən təchizatçılarla işləməyə üstünlük verir.

 

İcma ilə Əməkdaşlıq:

ADU təchizatçıları yerli icmaları dəstəkləməyə və sosial inkişaf prosesinə töhfə verməyə təşviq edir.

 

IV Bölmə

 

Əhatə dairəsi

Bu siyasət Azərbaycan Dillər Universitetində həyata keçirilən bütün satınalma fəaliyyətlərinə şamil olunur. Bura məhsul, xidmət, iş və məsləhət xidmətlərinin alınması daxildir. Siyasət satınalmanın planlaşdırılmasından müqavilələrin idarə olunmasına qədər olan bütün mərhələləri əhatə edir və davamlılıq prinsiplərini bu mərhələlərin hər birinə inteqrasiya edir. Həmçinin, bu siyasət qrantlar, ianələr və universitetin daxili maliyyə vəsaiti hesabına maliyyələşdirilən satınalmalara da aiddir.

 

İstisnalar:

ADU davamlı satınalmaya sadiq olsa da, müəyyən hallarda aşağıdakı istisnalar tətbiq edilə bilər:

1. Hüquqi və Normativ Məhdudiyyətlər:

Əgər davamlılıq meyarları qanunvericilik və ya normativ tələblərlə ziddiyyət təşkil edirsə, universitet müvafiq dövlət qurumları ilə birgə işləyərək alternativ və davamlı həllər axtaracaqdır.

2. Təcili Hallar:

Sağlamlıq və təhlükəsizliyin qorunması məqsədilə təcili alışlar tələb olunduqda, ADU imkan daxilində davamlılıq prinsiplərini qorumağa çalışacaqdır.

3. Akademik Azadlıq və Tədqiqat:

Elmi-tədqiqat məqsədli xüsusi alət, avadanlıq və xidmətlərin alınması zamanı davamlılıq meyarlarından istisnalar edilə bilər. Lakin bu hallarda belə, davamlılığa riayət təşviq olunacaq.

 

İcra Prosesləri:

Azərbaycan Dillər Universiteti aşağıdakı tədbirlər vasitəsilə bu siyasətin icrasını təmin edəcək:

Universitetin davamlı satınalma siyasəti ADU adından məhsul və ya xidmət alan bütün şəxslərə şamil ediləcəkdir;

ADU tərəfindən alınan məhsul və xidmətlərin mümkün qədər ekoloji və sosial cəhətdən faydalı olması təmin ediləcəkdir;

Təchizatçılar milli və beynəlxalq ətraf mühit, sosial və iqtisadi standartlara riayət etməyə təşviq ediləcək;

Universitet məhsul və xidmətlərin mənfi ətraf mühit təsirini minimuma endirmək məqsədilə davamlı təchizat fəaliyyətlərini nəzarətdə saxlayacaqdır.

ADU bu Davamlı Satınalma Siyasətini rəsmi veb saytında dərc edir və onun geniş ictimaiyyətə təqdim olunmasını təmin edir.

 

İdarəetmə və Məsuliyyət

ADU-da idarəetməyə cavabdeh olan şəxslər və Davamlılıq Komitəsi bu siyasəti dövri olaraq nəzərdən keçirəcək və yenilənməsi ilə bağlı təkliflər verəcəklər. Maliyyə Meneceri təklif olunan dəyişikliklərin və inkişafların icrasına nəzarət edəcəkdir.