Zorakılıq və ayrı-seçkiliyə qarşı siyasət universitetdə bu cür halların yolverilməz olduğunu açıq şəkildə bəyan edir, eyni zamanda davranış standartlarını və gözləntiləri müəyyən edir. Bu siyasət çərçivəsində ayrı-seçkilik və ya zorakılıq kimi qiymətləndirilə bilən davranış növləri təsvir olunur və bu məsələlərin universitet tərəfindən ciddiyyətlə qarşılandığı mesajı verilir.
Azərbaycan Dillər Universiteti bütün üzvlərinin – cinsindən, yaşından, irqindən, milli mənsubiyyətindən, dinindən, fiziki və ya psixoloji vəziyyətindən asılı olmayaraq – ləyaqət və hörmət hüququnu qəbul etdiyini təsdiq edir. Bu siyasətin həyata keçirilməsi aşağıdakı addımlar vasitəsilə təmin olunur:
Rəqtorla birbaşa ünsiyyət: Hər bir tələbə çərşənbə günləri birbaşa rektorla əlaqə saxlaya bilər və zorakılıq və ya ayrı-seçkiliklə bağlı hər hansı problem barədə məlumat verə bilər.
Maarifləndirici tədbirlər: Universitetdə tələbə və əməkdaşlar üçün zorakılıq və ayrı-seçkilik mövzusunda seminarlar, təlimlər və izahlı konfranslar təşkil olunur.
Apellyasiya hüququ: Əgər tələbə imtahan nəticələrinin qeyri-obyektiv qiymətləndirildiyini düşünürsə, fakültə dekanlığına müraciət edərək apellyasiya təşkil olunmasını tələb edə bilər. Tələbə müəllimlərlə birlikdə imtahan kağızlarına baxmaq və yaranan sualları ünvanlamaq hüququna malikdir.
Akademik məsləhətçilərlə ünsiyyət: Tələbələr akademik məsləhətçilərlə daima əlaqə saxlaya bilər, yaranan hər hansı problem barədə açıq və səmimi şəkildə söhbət etmək imkanına malikdirlər.
Xarici tələbələrin inteqrasiyası: Xarici tələbələr yerli tələbələrlə birgə müxtəlif tədbirlərə və təşkilatlara cəlb olunur, universitet ailəsinin ayrılmaz hissəsi kimi fəaliyyət göstərirlər.
Psixoloji xidmət mərkəzi: Psixologiya kafedrası nəzdində fəaliyyət göstərən “ADU Psixoloji Xidmət Mərkəzi”ndə tələbələr üçün mütəmadi olaraq psixi sağlamlıq, gündəlik streslə mübarizə və digər mövzularda təlimlər keçirilir. Eyni zamanda, tələbələr bu mərkəzdə peşəkar mütəxəssislərlə fərdi və ya qrup şəklində şəxsi problemlərini müzakirə edə bilərlər.