Giriş
Ölkə rəhbərliyinin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sırasında təhsilin inkişafına yönəlmiş dövlət proqramlarının və layihələrinin icrası mühüm yer tutur. Nəticə etibarilə təhsil sektoru müasir tələblərə cavab verən strukturlaşma istiqamətində ciddi addımlar atmaqdadır. Bununla yanaşı, bu istiqamətdə həyata keçirilən irəliləyişləri kölgə altına ala biləcək qanunsuz hallara qarşı cəza tədbirləri də genişlənməkdədir.
Azərbaycan Dillər Universiteti (bundan sonra – ADU) üçün təhsil sistemində korrupsiya və digər mənfi hallara qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Bu çərçivədə ADU-da bir sıra maarifləndirici tədbirlər, layihələr və monitorinqlər həyata keçirilir. Gerçəkləşdirilən layihələr tələbələrdə korrupsiyaya qarşı biliklərin formalaşdırılmasına, ünsiyyət bacarıqlarının inkişafına və korrupsiyaya qarşı mənfi münasibətin yaradılmasına yönəlmişdir.
Korrupsiya insanın şəxsiyyətinə, mənəvi və etik dəyərlərinə, davranışına ciddi zərbə vurduğuna görə tələbələrdə bu fenomenə qarşı immunitet formalaşdırmaq və antikorrupsiya düşüncəsinin təşəkkül tapmasına nail olmaq üçün müxtəlif üsullardan istifadə edilir.
Bu baxımdan, Azərbaycan Dillər Universiteti akademik və inzibati heyətin öz fəaliyyətlərini tam dürüstlük, ədalət və peşəkarlıqla yerinə yetirməsinə xüsusi önəm verir.
Siyasətin məqsədi və əhatə dairəsi
Bu sənədin əsas məqsədi aşağıdakılardır:
ADU-da fəaliyyət prinsiplərini və təhsil standartlarını korrupsiya hallarından qorumaq;
Akademik və inzibati heyətin rüşvət və korrupsiya halları ilə bağlı hüquqi məsuliyyətlər barədə tam məlumatlandırılmasını təmin etmək;
Şəffaflıq, dürüstlük, etibar və hesabatlılıq dəyərlərini təşviq etmək;
Ədalət və bacarıqlara əsaslanan şəffaf kadr seçimi prosesini dəstəkləmək.
Korrupsiya hallarının aşkarlanması və qarşısının alınması üzrə nəzarət mexanizmləri
Korrupsiya ilə mübarizəyə dair tədbirlər planının hazırlanması və bütün məsul strukturlar üçün məlumatın təqdim olunması;
Tələbələr istənilən qanunsuz davranış, o cümlədən korrupsiya ilə bağlı şikayətlərini yazılı şəkildə müvafiq şöbəyə müraciət edərək bildirmək və tədbir görülməsini tələb etmək hüququna malikdirlər;
Akademik və inzibati heyət üçün qəbul olunmuş Antikorrupsiya Siyasətinə və yerli qanunvericiliyin tələblərinə əsasən korrupsiya xarakterli istənilən cəhd həmin kodeksin pozuntusu kimi qiymətləndirilir. Bu hallarda İntizam Komissiyasının qərarı ilə sanksiyalar və ya qabaqlayıcı tədbirlər tətbiq edilir;
Tələbələr arasında rüşvətxorluğun qarşısının alınmasına dair maarifləndirici tədbirlər, layihələr və monitorinqlər həyata keçirilir.
Maarifləndirmə fəaliyyəti
Bu istiqamətdə ADU-da “Auditoriya+” proqramı çərçivəsində Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə tələbələrlə görüş keçirmişdir. Görüş zamanı tələbələrə korrupsiya ilə mübarizə sahəsində aparılan tədbirlər, onun fəsadları və vətəndaş mövqeyinin formalaşmasının əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.