Cəfərova Tamam Şaməmməd qızı 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb.
O, 1987-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-ci ildən dosent vəzifəsində çalışır. 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Siyasi Tarix” kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasında dosent vəzifəsində çalışıb. 2019-cu ilin mart ayından Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur.
Tamam Cəfərova 2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzv olub.
Tamam Cəfərova Azərbaycan Respublikası Milli Məclisin VI və VII çağırış deputatıdır.