Davamlılıq

Təşkilati Mədəniyyət Siyasəti

Təşkilati mədəniyyət iş mühitinə təsir göstərən ümumi dəyərlər, inanclar və davranışlar toplusu kimi qəbul olunur. Bu siyasət əsasən mədəni müxtəliflikdən qaynaqlanan uyğunsuz davranışların qarşısını almağa yönəlmişdir. Siyasətin əsas məqsədi – müxtəliflik, dürüstlük, qarşılıqlı hörmət və ədalət prinsiplərini nəzərə almaqla etik dəyərlərə əsaslanan davranışların təşviqi və bu istiqamətdə etik təşkilati mədəniyyətin formalaşmasına dair çərçivə və rəhbərlik təqdim etməkdir.

 

Hüquqi Baza

Bu siyasət Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Əməyin mühafizəsi haqqında” Qanuna və digər normativ hüquqi sənədlərə tam uyğun şəkildə hazırlanmışdır.

Eyni zamanda bu siyasətin əsasını Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” və “Əmək sahəsində əsas prinsiplər və hüquqlar haqqında Bəyannamə” təşkil edir.

 

Mövcud Vəziyyət

Azərbaycan Dillər Universiteti təşkilati fəaliyyətində öz əsas dəyərlərini əks etdirmək və bütün əməliyyatlarını etik prinsiplərə uyğun həyata keçirmək öhdəliyini daşıyır. Bu siyasət vasitəsilə ADU cəmiyyət qarşısında öz məsuliyyətini yerinə yetirərək ədalətli, şəffaf və etik bir iş mühiti təmin etməyi qarşısına məqsəd qoyur.

Universitet təşkilati mədəniyyətlə korporativ etika arasında əlaqəni gücləndirməyə və bu sahədə dayanıqlı münasibətləri möhkəmləndirməyə çalışır. Əməkdaşlar, tələbələr və digər maraqlı tərəflər arasında etik dəyərlər barədə maarifləndirmə və təlim fəaliyyətləri mütəmadi olaraq həyata keçirilir.

Bu siyasət ADU-nun təşkilati mədəniyyətini və etik dəyərlərini daha da möhkəmləndirməyə xidmət edir. Eyni zamanda mövcud vəziyyətdə aşkar olunmuş zəif cəhətlərin aradan qaldırılması üçün şəffaflıq, hesabatlılıq və davamlı inkişaf prinsiplərinə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.