Azərbaycan Dillər Universitetində Bərabərlik, Müxtəliflik və İnklüzivlik Siyasəti
Azərbaycan Dillər Universiteti diskriminasiya və ayrı-seçkiliyə qarşı proaktiv şəkildə mübarizə apararaq, diskriminasiyasız və təhlükəsiz bir tədris və iş mühiti yaratmağa sadiqdir. Bu siyasət universitetdə hər bir fərdin ləyaqət və hörmətlə qarşılandığı müsbət mədəniyyətin formalaşdırılmasına dəstək verir. Diskriminasiyaya yol verilməyəcək.
Giriş
Universitet tərəfindən ayrı-seçkiliyin bütün formaları qəti şəkildə qadağandır. ADU-nun missiyası – tolerant, anlayışlı və inklüziv bir mədəniyyətin inkişaf etdirilməsi və şəxsiyyətindən asılı olmayaraq hər kəsin öz potensialını reallaşdıra biləcəyi bir mühit yaratmaqdır.
Bərabərlik, müxtəliflik və inklüzivlik prinsiplərinin effektiv şəkildə tətbiqi universitet daxilində və xarici tərəfdaşlarla münasibətlərdə şəffaf, ədalətli və əlçatan xidmətlərin göstərilməsinə zəmin yaradır. Hər kəsin bərabər rəftarla qarşılanması, layiq olduğu hörmətin göstərilməsi və fərqliliyinin qəbul edilməsi təmin olunmalıdır.
Bərabərlik Bəyanatı
Azərbaycan Dillər Universiteti diskriminasiyanın aradan qaldırılması, hər kəs üçün ədalətli imkanların təşviqi və hörmətli münasibətin təmin olunmasına tam sadiqdir.
Bərabərlik qanunvericiliyinə uyğun olmaqla yanaşı, universitet həm də müxtəlifliyi dəstəkləyir və bütün əməkdaşlar və tələbələr üçün bərabər imkanların yaradılmasını təşviq edir – fərq qoyulmadan:
Yaş
Cinsiyyət
Əlillik
Ailə vəziyyəti
Hamiləlik və analıq vəziyyəti
Irq
Dini etiqad və ya inanc
Seksual orientasiya
Maliyyə çətinlikləri
Elmi-tədqiqat sahələrinin sərbəst seçimi və onların ictimai müzakirə və tədris hüququ
Siyasətin Məqsədləri
Müxtəlif irqi, cinsi, dini, yaş və etnik mənsubiyyətə malik şəxslərin, eləcə də əlilliyi olan şəxslərin bərabər hüquqlarının təmin edilməsi;
Universitet icmasının üzvlərinə müəyyən edilmiş qaydalar, siyasətlər və müvafiq dövlət qanunvericiliyi əsasında ədalətli münasibətin göstərilməsi;
Mənşəyə əsaslanan ayrı-seçkiliyin aradan qaldırılması, bərabər imkanların təşviqi və stereotiplərin dəyişdirilməsi;
Hər kəsin özünü dəyərli hiss etdiyi və aid olduğu inklüziv icmanın yaradılması;
Müxtəliflik, bərabərlik və inklüzivlik haqqında məlumatlılığın artırılması və fəaliyyət üçün istinad çərçivəsinin formalaşdırılması;
İdarəetmə və tədris sahələrində müxtəlif səviyyələrdə, tələbə nümayəndələri və komitələr daxil olmaqla, iştirakın təşviqi;
Akademik azadlığın – elmi tədqiqat sahəsinin sərbəst seçimi və onun ictimai şəkildə tədrisi və müzakirəsi hüququnun dəstəklənməsi.
Hüquqi Baza
Bərabərlik, Müxtəliflik və İnklüzivlik Siyasətinin (bundan sonra – BMİ) hüquqi əsası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Əmək Məcəlləsi, “Təhsil haqqında” Qanun və digər əlaqəli normativ-hüquqi sənədlərlə tənzimlənir.
Əhatə Dairəsi
Bu siyasət universitetin bütün əməkdaşlarını, tədqiqatçıları, tələbələri və universitetə işə və ya təhsilə müraciət edən şəxsləri əhatə edir. Bərabər imkanlar və ayrı-seçkiliyin qarşısının alınması prinsipləri universitetin qonaqları, podratçılar, xidmət təminatçıları, təchizatçılar və fəaliyyətə cəlb olunan digər tərəflərə də şamil olunur.
Mövcud Vəziyyət
Universitet professor-müəllim heyətini, inzibati işçiləri və tələbələri bərabərlik, müxtəliflik və inklüzivlik siyasətinə diqqət yetirməyə təşviq edir.
Universitet tələbələri bərabər hüquqları müdafiə etməyə və ədalətsizliklərə diqqət çəkməyə təşviq edir.
ADU mütəmadi olaraq əməkdaşlar və tələbələr üçün təlimlər, seminarlar və maarifləndirici görüşlər təşkil edir.
Tələbələr hər həftənin çərşənbə günü birbaşa rektorla görüşərək, istənilən ədalətsiz davranış və ya müraciətlə bağlı məsələləri həll edə bilərlər.
Keyfiyyətə Nəzarət Şöbəsi BMİ siyasətinin icrasına nəzarət edir, pozuntu hallarını araşdırır, tələbələrə sorğular təqdim edir və nəticələr əsasında tədbirlər həyata keçirir. Əgər ədalətsiz davranış baş verərsə, araşdırma dərhal başlanır və məsul şəxslərə məlumat verilir. Şöbə eyni zamanda müəllim-tələbə və tələbə özünəqiymətləndirmə sorğuları, hesabatların hazırlanması və nəticələrə əsasən tədbirlərin reallaşdırılması ilə məşğul olur.
Apellyasiya Komissiyası imtahan sessiyaları dövründə fəaliyyət göstərir. Tələbələr hər zaman müraciət edə bilərlər.
Seçim Azadlığı
Tədqiqat Azadlığı: ADU tələbələrin geniş spektrdə elmi tədqiqat mövzularını seçmələrinə və innovasiya mədəniyyətinin təşviqinə imkan yaradır.
Akademik Azadlıq: Tələbələr maraq və məqsədlərinə uyğun sahələri sərbəst araşdıra və akademik istiqamətlərini sərbəst şəkildə seçə bilərlər.
Tələbə Klub Azadlığı: TGT (Tələbə Gənclər Təşkilatı) vasitəsilə tələbələr öz maraq və hobbilərinə uyğun tələbə klublarını yaratmaqda və ya mövcud klublara qoşulmaqda azaddırlar.
Məktəbdənkənar Fəaliyyət Azadlığı: Universitet tələbələrin maraqlarına uyğun tədbir, idman və mədəni fəaliyyətlərdə iştirak hüququna hörmətlə yanaşır.
Fikir Müxtəlifliyinə Hörmət: ADU tələbə, müəllim və əməkdaşlarını fikir müxtəlifliyinin qəbul olunduğu və açıq dialoqun təşviq edildiyi inklüziv mühitə cəlb etməyə çalışır.