Kafedralar

T.e.d. Kamran Novruz oğlu İsmayılov

Mən, Kamran Novruz oğlu İsmayılov 1963-cü il iyunun 4-də Naxçıvan MR Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşam. 1970-1980-ci illərdə Dırnıs kənd orta məktəbində təhsil almışam. 1979-cu ildə, Ordubad rayonunun Sov.İKP XII qurultayı adına kolxozda kolxozçu kimi əmək fəaliyyətinə başlamışam. 1981-1983-cü illərdə Sovet Ordusunda müddətli hərbi xidmət keçmişəm. 1983-cü ildə kolxozda əmək fəaliyyətimi davam etdirmiş, 1984-1989-cu illərdə Belarus Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almışam.

1989-cu ildə BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Naxçıvan Dövlət Universitetində baş laborant, müəllim işləmişəm. 1993-cü ildə Bakı şəhərinə köçərək Azərbaycan Respublikası Milli Məclisi nəzdində Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzində mütəxəssis, baş mütəxəssis, şöbə müdiri vəzifələrində çalışmışam.

1994-1999-ci illərdə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışam. 1999-cu ildə “Azərbaycan siyasi partiyalarının parlament fəaliyyəti (1918-1920-ci illər” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışam. 1998-ci ildən A.A. Bakıxanov adına Tarix İnstitutunda işləyirəm. 2000-ci ildə elmi işçı, 2004-cü ildə böyük elmi işçi, 2007-ci il dekabrın 20-də isə aparıcı elmi işçi vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə AAK qərarı ilə dosent elmi dərəcəsi almışam. 2023-cü il sentyabrın 29-da “Cümhuriyyət dövründə Azərbaycan bölgələrində ictimai-siyasi proseslər (1918-1920-ci illər)” mövzusunda tarix elmləri doktoru dissertasiyasını müdafiə etmişəm.

Mənim elmi axtarışlarımın əsas istiqamətini Azərbaycan Cümhuriyyətinin tarixinin problemlərinin araşdırılması təşkil edir. İndiyədək Azərbaycan tarixinin müxtəlif problemlərinə dair Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 5 monoqrafiyanın və 80-dən artıq məqalənin müəllifi, 15 kollektiv kitabın həmmüəllifiyəm. Türkiyə Cümhuriyyətində, Rusiya Federasiyasında, Ukraynada, Gürcüstanda, Qırğızıstanda keçirilmiş beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişəm.

2021-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin müdiriyəm. 36 ildir ki, Azərbaycanın müxtəlif ali məktəblərində dərs deyirəm. Hazırda Azərbaycan Dillər Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının 0.5 ştatı ilə dosentiyəm.

Kamran İsmayılov  25.01. 2025