Xaricdə Azərbaycan Mərkəzləri

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi 

19 may 2024-cü il tarixində Macarıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Elte Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub.
Mərkəzin açılış mərasimində Elte Universitetinin rektoru professor Laszlo Borhy, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, Macarıstandakı Azərbaycan evinin rəhbəri İbrahim Səfərli və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq, mədəni və elmi əməkdaşlığın güclənməsinə bu mərkəzin müsbət töhfə verəcəyini vurğulayıblar. Elte Universitetinin rektoru Laszlo Borhy ADU ilə qurulan əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu mərkəzin müəllim-tələbə mübadiləsi və birgə layihələr baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. 
Mərkəz yalnız dil və mədəniyyətin deyil, eyni zamanda elmi-tədqiqat işlərinin inkişafı baxımından da əhəmiyyətli platformadır. 
Açılış mərasimində Elte Universitetinin Türk dilləri departamentinin müdiri professor Benedek Periyə göstərdiyi dəstəyə görə ADU rəhbərliyi adından xüsusi təşəkkür bildirib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova çıxışında Azərbaycan–Macarıstan dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, yeni yaradılmış bu mərkəzin iki ölkə arasında parlamentlərarası, elmi və mədəni əməkdaşlıqlara əlavə dəyər qatacağını qeyd edib. 
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını iki ölkə arasında strateji tərəfdaşlığın təzahürü kimi dəyərləndirib, Prezident İlham Əliyevin Macarıstanı Azərbaycanın Avropa İttifaqındakı əsas tərəfdaşı adlandırdığını xatırladıb. Səfir həmçinin ADU-nun multikultural mühiti və elmi potensialı barədə məlumat verərək, bu kimi təşəbbüslərin regional və beynəlxalq əməkdaşlığa xidmət etdiyini bildirib. 
Tədbirdə çıxış edən professor Maria Kenessey – Azərbaycanda təhsil almış ilk macar tələbə – Elte Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını sevindirici və gələcək üçün əhəmiyyətli hadisə kimi dəyərləndirib. 
Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə yaradılan bu mərkəz vasitəsilə Macarıstanda Azərbaycan dili öyrədilir, zəngin milli-mədəni irsimiz tanıdılır və Azərbaycan reallıqları yerli ictimaiyyətə çatdırılır. Bununla yanaşı, mərkəzdə müxtəlif elmi tədbirlər, mədəni layihələr və tələbə təşəbbüsləri reallaşdırılır.