Xaricdə Azərbaycan Mərkəzləri

İyunun 21-də Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmail Bautdinoviç Bayxanov açıb.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova öz çıxışında Universitetin rektoru, akademik Kamal Abdullanın təbriklərini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Çeçenistan Parlamentinin deputatı A.M.Naqaev, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya məsələləri üzrə nazir müavini M.B. Başirov, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, ADU-nun Təhsil-1 fakültəsinin dekanı F.Cahangirov və ADU-nun Pedaqogika kafedrasının müdiri N.Zeynalova Çeçenistan Dövlət Pedaqoji Universitetində Azərbaycan mədəniyyəti mərkəzinin açılmasının əhəmiyyətindən bəhs edib, hər iki universitetin rektorlarına minnətdarlıq ediblər.
Qeyd olunub ki, dünyanın çeşidli ölkələrindəki universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması ADU-nun rektoru, akademik Kamal Abdullanın ideyası və xüsusi layihəsidir. İndiyə qədər dünyanın 6 ölkəsində Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb.
Çeçenistan Dövlət Pedaqoji Universitetində açılmış Azərbaycan mədəniyyəti mərkəzi sayca yeddincidir.