Azərbaycan Dillər Universitetinin Davamlı Satınalma Siyasəti
Əsas Məqamlar
1. Satınalma Siyasətinin Məqsədi
Azərbaycan Dillər Universitetinin Satınalma Siyasəti – ətraf mühitə, cəmiyyətə və iqtisadiyyata təsirləri nəzərə almaqla həyata keçirilən alış proseslərinin ümumi prinsiplərini müəyyən edən qaydalar toplusudur. Bu siyasət çərçivəsində Universitet maliyyə vəsaitlərindən daha məsuliyyətli istifadə edərək neqativ təsirlərin azaldılmasını və bu istiqamətdə bilik və təcrübəsinin zamanla artırılmasını qarşısına məqsəd qoyur.
2. Satınalma Prosesinə Yanaşma
Siyasət Universitetin malların, xidmətlərin və işlərin xarici təchizatçılardan alınması zamanı əsas prinsipləri, mərhələləri, məsul şəxsləri, istifadə olunan sistemləri və nəzarət mexanizmlərini müəyyən edir. Məqsəd universitetin büdcəsinin səmərəli idarə olunması və maksimum dəyərin əldə edilməsidir.
3. Digər Siyasətlərlə Əlaqələndirmə
Bu Satınalma Siyasəti Universitetin digər siyasətləri – məsələn, davamlı investisiya, etik davranış və korrupsiyaya qarşı mübarizə siyasətləri ilə uzlaşdırılaraq tətbiq olunur. Satınalmalar zamanı aşağıdakı kriteriyalar nəzərə alınır:
Yalnız ilkin qiymət deyil, eyni zamanda çatdırılma, quraşdırma, istismar, təmir və utilizasiya kimi əlavə xərclər də qiymətləndirilir;
Məhsul və ya xidmətin universitetin ehtiyaclarını nə dərəcədə qarşılayacağı;
Təchizatçının və məhsulun sosial məsuliyyət və davamlılıq prinsiplərinə uyğunluğu;
Ətraf mühitə təsir dərəcəsi;
Təchizatçının etibarlılığı və göstərdiyi xidmətin keyfiyyəti və s.
4. Davamlılıq Sahəsində Atılan Addımlar
Son illərdə Azərbaycan Dillər Universiteti davamlılıq sahəsində mühüm investisiyalar həyata keçirmişdir. Universitetdə kağızdan istifadə azaldılmış, ağacların qorunması məqsədilə rəqəmsallaşma təşviq olunmuşdur.
5. Təbiətin Qorunması ilə Bağlı Yanaşma
Universitet hədiyyələr, qablaşdırma və bəzək materiallarının seçimində plastik və ətraf mühitə zərərli materiallara üstünlük vermir. Yeni mebel alınmasındansa, mövcud avadanlıqlar təmir edilərək yenidən istifadəyə verilir.
6. IDEA Təşkilatının İkili Tullantı Layihəsi
IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Azərsun” şirkəti ilə birgə tullantıların idarə olunması proqramı çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantıların toplanması və təkrar emalı üçün xüsusi qutuların yerləşdirilməsini nəzərdə tutan layihəyə başlamışdır.
7. “Bir Damcı” Su Resurslarının Qorunması Kampaniyası
Azərbaycanda su resurslarından səmərəli istifadəni təşviq edən “Bir Damcı” adlı kampaniya çərçivəsində Azərbaycan Dillər Universitetində maarifləndirici plakatlar yerləşdirilmiş, tələbələrlə söhbətlər aparılmışdır. Kampaniya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Hüquqi Baza
Azərbaycan Dillər Universitetinin Davamlı Satınalma Siyasəti müvafiq beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunlarına və hökumət qərarlarına əsaslanır.
Siyasətin əsas hüquqi dayağı 2023-cü ildə qəbul olunmuş “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10 və 15-ci bəndlərinə uyğun olaraq, dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir və bu istiqamətdə ADU-nun satınalma strategiyasının hüquqi təməlini təşkil edir.