Xaricdə Azərbaycan Mərkəzləri

Özbəkistanda Azərbaycan Dil və Mədəniyyət Mərkəzi 


2 iyun 2025-ci il tarixində Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Cahan Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub. 
Açılış mərasimində Cahan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Muxammedcan Şutpoladov, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Tehranağa Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış zamanı çıxış edənlər Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, təhsil və siyasi əməkdaşlığın inkişafında bu mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıblar. 
Mərkəzin əsas fəaliyyəti Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması, müasir Azərbaycan haqqında məlumatların yayılması, həmçinin ölkəmizin multikultural dəyərlərinin təbliğindən ibarətdir. Burada yerli tələbələr və digər maraqlı şəxslər Azərbaycan dili öyrənmək, mədəniyyətimizlə tanış olmaq imkanı qazanacaqlar.
Bununla yanaşı, mərkəz çərçivəsində “Azərbaycanın gənc dostları” adlı beynəlxalq layihə də həyata keçirilir. Layihə Azərbaycanı sevən və dilimizi öyrənməyə maraq göstərən gəncləri bir araya gətirərək, uzunmüddətli elmi, mədəni və sosial əməkdaşlıqların əsasını qoyur.
Qeyd edək ki, 2025/2026-cı tədris ilindən etibarən Cahan Dillər Universitetində Azərbaycan dili ayrıca fənn kimi tədris olunur. Bu, ADU-nun beynəlxalq əlaqələrin genişləndirilməsi və qarşılıqlı tədqiqat əməkdaşlıqlarının inkişaf etdirilməsi strategiyasının mühüm nəticələrindən biridir.