Davamlılıq

ADU-da etik davranış və korrupsiyaya qarşı siyasətə dair təlim keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) etik davranış və korrupsiyaya qarşı mübarizə siyasətlərinin tətbiqi və təşviqinə dair maarifləndirmə təlimi keçirilib. Tədbir Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri üçün təşkil olunub və Strateji İnkişaf və Planlama Şöbəsinin təşəbbüsü ilə həyata keçirilib.

Təlimin əsas məqsədi tələbələri ADU-nun Etik Davranış Kodeksi və korrupsiyaya qarşı siyasətləri ilə tanış etmək, onların hüquq və öhdəlikləri, eləcə də ali təhsil müəssisəsində şəffaf və ədalətli mühitin yaradılması üçün mövcud mexanizmlər barədə məlumatlandırmaq olub.

Tədbirdə etik qərarvermə, akademik dürüstlük, daxili şikayət prosedurları və "whistleblower" (pozuntuları anonim şəkildə bildirən şəxslər) mexanizmlərinin əhəmiyyəti müzakirə olunub. Mütəxəssislər həmçinin son illərdə ADU-da etik siyasətlərin yenilənməsi və tətbiqi sahəsində görülən işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.

Təlim zamanı real həyatdan nümunələr əsasında interaktiv müzakirələr aparılıb və tələbələrin bu sahədəki sualları cavablandırılıb. Bu təşəbbüs ADU-nun beynəlxalq akademik idarəetmə standartlarına uyğun fəaliyyət göstərmək və QS Sustainability reytinq çərçivəsində etik dəyərləri təşviq etmək istiqamətində atdığı addımların bir hissəsidir.