Azərbaycan Dillər Universitetində “Etik davranışın açarı: insanların hiss və duyğularına təsiri” adlı tədbir keçirilib.

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının baş müəllimi Gülnar Abdullayevanın təşkilatçılığı ilə Təhsil fakültəsinin III kurs 332A qrup tələbəsi Aydan Əhədzadə tərəfindən “Etik davranışın açarı: insanların hiss və duyğularına təsiri” adlı tədbir keçirilib. Tədbirdə Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə, Pedaqogika kafedrasının müəllimləri və İbtidai sinif müəllimliyi və Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbir bölmələr üzrə təşkil olunub:
1. Etik davranış prinsipləri
2. Etik prinsiplərin təhsil sahəsində tətbiqi
3. Etik davranışların insan hissləri ilə əlaqəsi
4. Etik davranişlarin sosial inkişafımıza təsiri
Tədbirin əsas məqsədi etik davranışın təhsil və gündəlik həyatdakı rolunu, həmçinin fərdi və sosial əlaqələrdə etik prinsiplərin tətbiqi xüsusiyyətlərini müzakirə etmək olmuşdur. Etik davranışların insan münasibətlərindəki əhəmiyyəti və onların sosial, emosional inkişafımıza necə təsir etdiyi barədə ətraflı məlumat verilmişdir. Tədbirdə, etik davranışların insanın daxili hissləri, emosional sağlamlığı və sosial əlaqələri necə formalaşdırdığı izah edilmişdir. Hörmət, dürüstlük, ədalət, empatiya kimi əsas etik prinsiplərin gündəlik həyatda necə tətbiq oluna biləcəyi haqqında müzakirələr aparılmışdır.
Tədbirin sonunda Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə çıxış edərək, etik davranışların təhsildə və gündəlik həyatda vacib olduğunu və bu prinsiplərin hər bir fərd tərəfindən tətbiq olunmasının cəmiyyətin ümumi inkişafına mühüm təsir edəcəyini vurğulamışdır. O, iştirakçılara etik davranışları həm şəxsi, həm də sosial həyatlarında tətbiq etməyi tövsiyə etmiş, tələbə Aydan Əhədzadənin çıxışını yüksək dəyərləndirərək, bu cür tədbirlərin gənclərin etik dəyərlərini formalaşdırmada mühüm rol oynadığını qeyd etmişdir.













