ADU-da Zorakılığın Növləri və Məişət Zorakılığına dair Maarifləndirici Tədbir Keçirildi

11 mart 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) zorakılığın növləri və məişət zorakılığı mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADU-nun Strateji İnkişaf və Planlama Şöbəsi, eləcə də ADU-nun Keyfiyyətin Təminatı Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə Tədris işləri üzrə prorektor açaraq, mövzunun əhəmiyyətini vurğulayıb və zorakılığa qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib. Komitədən isə Məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova və Təlimdə Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun baş məsləhətçisi Rahil Süleymanzadə çıxış ediblər.
Tədbirin əsas məqsədi zorakılığın müxtəlif formaları, xüsusilə də məişət zorakılığı barədə məlumatlılığı artırmaq, onun qarşısının alınması üçün maarifləndirici tədbirlər görmək və tələbələrə bu sahədə hüquqi biliklər vermək olub. Filologiya və Beynəlxalq əlaqələr ixtisaslarında təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə zorakılığın psixoloji, fiziki, iqtisadi və digər formalarına dair geniş müzakirələr aparılıb.
Tədbirdə çıxış edən mütəxəssislər zorakılığın fərdlərə və cəmiyyətə təsiri, mövcud qanunvericilik və dəstək mexanizmləri haqqında məlumat veriblər. Tələbələr mövzu ilə bağlı suallarını səsləndirərək aktiv müzakirələrdə iştirak edib, real situasiyalar əsasında problemlərin həlli yolları araşdırılıb.
Bu cür tədbirlərin keçirilməsi zorakılığa qarşı mübarizənin gücləndirilməsi və gənc nəslin bu mövzuda maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

























