ADU-nun yataqxanası Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə küçəsində 4 ünvanında yerləşir. 5 mərtəbə və 4 blokdan ibarət olan yataqxana yalnız qız tələbələr üçün nəzərdə tutulub. Hər otaqda 2, 3 və ya 4 tələbə, binada ümumilikdə isə 90-100 tələbə rahat şəkildə yerləşə bilir. Hər mərtəbədə mətbəx və sanitar qovşağı, yataqxananın birinci mərtəbəsində tələbələr üçün oxu zalı və binada sürətli internet şəbəkəsi mövcuddur. Gigiyena və sanitariya qaydalarına ciddi şəkildə riayət olunur, dəhlizlər və otaqlar hər gün təmizlənir.
Xarici tələbələr yaşayış icazəsi almaq üçün tələbə yataqxanasına qeydiyyata düşə bilərlər. Tələbələr qeydiyyata düşmək üçün yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surətini və hansı universitetdə təhsil aldıqları barədə sənəd təqdim etməlidirlər. Valideyn himayəsindən məhrum olan tələbələrdən ödəniş tələb olunmur. İnklüzivliyi olan tələbələr və maddi imkanı olmayan qadın müəllimlər qalmaq üçün yataqxanaya müraciət edə bilər.