“Qərbi Azərbaycan: Unudulmuş yurdun tarixi” mövzusunda tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin İngilis və alman dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Təranə Zeynalovanın və baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə 221a və 321b qruplarının təqdimatında “Qərbi Azərbaycan: Unudulmuş yurdun tarixi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dəyirmi masa formatında keçirilən tədbirdə 221a və 321b qrup tələbələrinin iştirakı ilə İrəvan xanlığı, onun tarixi və mədəni irsi, həmçinin Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsləri və bu mövzuya göstərdikləri xüsusi diqqət barədə təqdimatlar edilib.
Tədbirdə qeyd olunub ki, Zəngəzur dəhlizinin yaradılması Ulu Öndər Heydər Əliyevin həyata keçirmək istədiyi əsas missiyalardan biri olub. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev bu missiyanı uğurla davam etdirərək, mühüm hədəflərə çatıb. Prezidentin “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir” fikirləri tədbirin əsas mövzusunu təşkil edib.
Tələbələr Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən, bu layihənin icra mexanizmlərindən, eləcə də gənc nəslin bu prosesdəki rolundan bəhs ediblər. Tədbir gənclərin həm tarixi, həm də müasir siyasi proseslərə marağını artırmaqla yanaşı, bu sahədə biliklərini dərinləşdirməyə və müzakirə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.
Tədbirdə İngilis dilinin leksikologiyası kafedrasının müdiri vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru, dosent A.Ə. Quliyeva da iştirak edib.

