Laboratoriyalar

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik K.M.Abdullayevin ümumi rəhbərliyi altında bir çox yeni mərkəz və elmi-tədqiqat laboratoriyaları ilə yanaşı, 2017-ci ildə Multikulturalizm elmi-tədqiqat laboratoriyası (ETL) da yaradılmış, bu gün ölkəmizdə multikulturalizm üzrə araşdırmalar aparan əsas mərkəzlərdən birinə çevrilmişdir.

Multikulturalizm ETL multikulturalizm sahəsində innovasiya və tədqiqat, tədris prosesinə qoşulmaq üçün nəzərdə tutulmuşdur. Bu, Azərbaycanın təhsil sistemində çoxmədəniyyətli və tolerant ənənələrin formalaşması istiqamətində daha bir addımdır. Araşdırmanın prioritet sahəsini multikulturalizmin Azərbaycan modelinin dünya modelləri ilə müqayisəli şəkildə öyrənilməsi təşkil edir.

Multikulturalizm ETL-nin əsas məqsədi Azərbaycan multikulturalizmi məfkurəsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ümumbəşəri dəyərlərlə sintezinin, elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirilən dövlət multikulturalizm siyasətinin tədqiqi və təbliği, multikulturalizmin, tolerantlığın inkişafına dəstək göstərməkdir.

Multikulturalizm elmi-tədqiqat laboratoriyası ümumdünya tarixi, mədəniyyəti, dini, siyasəti və s. ilə bağlı yerli və beynəlxalq konfransların təşkilatçılarından biri olacaqdır. Tələbələr üçün multikulturalizm üzrə aparıcı tədqiqatçıların mühazirələri təşkil ediləcəkdir.

 

Laboratoriyanın əsas vəzifələri:

─Universitetdə təhsil alan azərbaycanlı gənclərin müasir elmi biliklərə yiyələnmiş və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, multikulturalizm və tolerantlıq ruhunda tərbiyə olunması işinə dəstək göstərmək;

─Universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri, müasir Azərbaycanın gerçəklikləri ilə yaxından tanış olmalarını təmin etmək;

─Multikulturalizm ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi, bəşəri dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan multikulturalizminin və xalqımızın tolerantlıq ənənələrinin inkişaf etdirilməsi, gənclər arasında Azərbaycan mədəniyyətinə qayğıkeş münasibətin, milli və bəşəri dəyərlərə marağın artırılması istiqamətində fəaliyyət göstərmək;

─Ölkədə və ölkə xaricində multikulturalizm istiqamətində fəaliyyət göstərən müəssisə və təşkilatlar, elm və mədəniyyət mərkəzləri ilə, eləcə də universitet daxilində elm, tədris və mədəniyyət sahələrində fəaliyyət göstərən struktur bölmələrlə qarşılıqlı işgüzar əlaqələr qurmaq və onlarla yaradıcı əməkdaşlığı möhkəmləndirməkdir.

Multikulturalizm ETL elmi, elmi-kütləvi əsərləri, elmi-metodik və tədris materiallarını dərc etdirməyi, yerli və xarici tələbələr üçün multikulturalizm və tolerantlıq mövzularında kütləvi tədbirlər keçirməyi, xarici alimlərin, mütəfəkkirlərin multikulturalizm üzrə elmi əsərlərini Azərbaycan dilinə tərcümə etməyi, Azərbaycan multikulturalizmindən bəhs edən əsərlərin xarici dillərə tərcüməsini, Multikulturalizm fənnini ölkə daxilində və xaricdə tədris edən mütəxəssislər üçün təlimlər keçirməyi planlaşdırır.

Laboratoriyanın qarşısında duran vəzifələr çox əhəmiyyətlidir və onun uğurlu fəaliyyəti Azərbaycanın akademik və mədəni həyatı üçün vacibdir.