TƏLƏBƏNİN MƏLUMAT KİTABI

BAKI – 2025
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
TƏLƏBƏNİN MƏLUMAT KİTABI
“Təsdiq edirəm”
Azərbaycan Dillər Universitetinin rektoru
akad. K.M.Abdullayev _______________
Elmi Şuranın “18” mart 2025-ci il tarixli
iclasının qərarı ilə təsdiq edilmişdir
(protokol №43).
BAKI – 2025
Giriş
Azərbaycan ali məktəblərində avropa dillərinin tədrisinə keçən əsrin 20-ci illərində başlanır, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılır. Az sonra Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da “Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında” qərar qəbul edir. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında “Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında” qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/1942-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi. II Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq tədris fəaliyyəti dayandırıldı və yenidən fakültə kimi işini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı.
Azərbaycan Dillər Universiteti Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. ADU Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) tətbiq edən ilk Dövlət Universitetidir. Azərbaycan Dillər Universiteti 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ilk universitetlərdəndir.
Azərbaycan Dillər Universiteti 2025-ci il üzrə “Quacquarelli Symonds” (QS) reytinq agentliyinin cədvəlində “Müasir dillər” proqramı üzrə 201-250-ci sıralamada yer alır.
Missiyamız – Azərbaycan və digər ölkələrdən olan tələbələri müasir tədqiqatlara əsaslanaraq innovativ təlim-tədris texnologiyalarından istifadə etməklə peşəkar mütəxəssislər kimi formalaşdırmaq, həmçinin yüksək potensiala,tənqidi təfəkkür və analitik zəkaya, müstəqil şəkildə müxtəlif tədqiqatlar aparmaq bacarığına və ən əsası vətənpərvərlik hisslərinə, azərbaycançılıq ideologiyasına malik işgüzar gənclər yetişdirmək.
Vizyonumuz – Azərbaycan Dillər Universitetinin Azərbaycan Respublikası ərazisində və beynəlxalq miqyasda rəqabətədayanıqlığını və dünyanın aparıcı universitetlərinin siyahısına daxil olmasını təmin etmək.
Dəyərlərimiz:
● İnteqrasiya: Tədrisin keyfiyyətini artırmaq və beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici universitetlərlə əlaqələri genişləndirmək, dünya universitetləri ilə ikili və çoxtərəfli layihələrə qoşulmaq, akademik mobilliyə imkan yaratmaq.
● Global biliklər: Dünyada mövcud olan elmi, nəzəri və fundamental bilik bazalarından akademik etikaya riayət etməklə və müəllif hüquqlarını qorumaq şərtilə faydalanmaq.
● Müasirlik: Müasir cəmiyyətin ehtiyac və tələbatına uyğunlaşdırmaq məqsədilə tədris prosesini innovasiyalarla zənginləşdirmək, informasiya texnologiyalarından geniş istifadə etmək, mediada baş verən yeniliklərdən xəbərdar olmaq və informasiya savadlılığını artırmaq.
● Yaradıcılıq: Tənqidi təfəkkür, tənqidi düşüncə və müstəqil fəaliyyəti qiymətləndirimək.
● Çeviklik: Şəraitə uyğun olaraq müxtəlif metod və üsullardan istifadə etmək, yaranmış problemləri dərhal aradan qaldıraraq təhsilin davamlılığını qorumaq və inkişaf etdirmək.
● Multikulturalizm:Azərbaycan xalqının həyat tərzi olan multikultural dəyərlərin beynəlxalq əlaqələrdə geniş təbliğ edilməsilə bağlı dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.
Tələbənin hüquq və vəzifələri
1. Mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq.
2. Ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək.
3. Təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək.
4. Müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq.
5. Elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq.
6. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq.
7. Şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq.
8. Müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək).
9. Təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək.
10. Təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq.
11. Ödənişsiz psixoloji yardım almaq.
12. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.
13. Tələbə öz fərdi tədris planını tərtib edərkən, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə tanış olmalı və buradakı tələblərə ciddi riayət etməlidir.
14. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.
15. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
16. Tələbə digər ali təhsil müəssisələrində müvafiq fənlər üzrə kreditləri qazana bilər.
17. Tələbə öz akademik transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.
18. Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.
Əsas anlayışlar
1. Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;
2. İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
3. İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
4. Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
5.İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;
6. Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;
7. Tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
8. Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir;
9. Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;
10. Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;
11. Prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
12. Akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
13. Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;
14. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
15. Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;
16. Müvəffəqiyyətlə təhsil alan tələbə – fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;
17. Akademik borcu olan tələbə – fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;
18. Tədrisə tam cəlb olunma (fulltime) – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
19. Tədrisə qismən cəlb olunma (parttime) – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
20. Cari qiymətləndirmə – fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;
21. Aralıq qiymətləndirmə – fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.
Tədrisin təşkili
Azərbaycan Dillər Universitetində tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri təşkil olunur. Əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. Bundan əlavə tələbə akademik borclarının ləğvi üçün hər semestrdə əlavə 10 kredit götürə bilər. Təhsil müddətində akademik borcların ləğvi üçün götürülən əlavə kreditlər ödənişlidir. Tələbələrə bakalavriatda 240 kredit, magistraturada 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
Təhsil krediti nədir və necə hesablanır?
Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir
Tədris ili = 40 həftə
I semestr = 20 həftə (o cümlədən 5 həftə imtahan)
I semestr = 30 kredit (fulltime), 20 kredit (parttime)
Həftəlik yük (auditoriya və auditoriyadankənar) = 45 saat
45 saat (1 həftə) = 1,5 kredit
20 həftə = 20 x 1,5 = 30 kredit
1 kredit = 30 saat iş
Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:
– auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
– auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) və s. işi;
– təcrübələrdə iştirak etməsi;
– imtahanlara hazırlığı və imtahanları verməsi;
– magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi,
Akademik məsləhətçi (tyutor) xidməti
1. Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.
2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.
3. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur (tələbə istədiyi vaxt tyutorunu dəyişə bilər).
4. Tyutorlar:
4.1. Tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar.
4.2. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.
4.3. Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər.
4.4. Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər.
4.5. Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.
4.6. Yay semestrinin təşkilində iştirak edirlər.
DİQQƏT: Tyutorlar tələbələr tərəfindən seçilir!
Fərdi plan nədir və necə tərtib olunur?
Azərbaycan Dillər Universitetinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır.
Növbəti tədris ilində isə tələbələr fənlərin prerekvizitliyini gözləməklə, ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənləri daxil etməklə fərdi planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim edir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı Azərbaycan Dillər Universiteti tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə fakültədə saxlanılır.
Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir
DİQQƏT: Fərdi plan tələbənin özü tərəfindən hazırlanır!
Aralıq qiymətləndirmə nədir?
Kollokvium (Aralıq imtahan). Kollokviumun keçirilməsi və qiymətləndirilməsi fənnin sillabusda göstərilmiş təlim nəticələrindən, fənni tədris edən müəllimin metodikasından asılıdır və adətən tədris semestrinin VII və ya VIII həftəsi ərzində keçilir.
Qiymətləndirilmə müxtəlif formalarda (test tapşırıqları, quiz, açıq sual, esse, layihə, qrup işi və s.) ola bilər.
İmtahanlar. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur.
Tələbə 50 bal cari və 50 bal aralıq qiymətləndirmədən toplaya bilər.
İmtahana görə balların yığılması İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir:
|
51 baldan aşağı |
– |
“qeyri-kafi” |
– |
F |
|
51-60 |
– |
“qənaətbəxş” |
– |
E |
|
61-70 |
– |
“kafi” |
– |
D |
|
71-80 |
– |
“yaxşı” |
– |
C |
|
81-90 |
– |
“çox yaxşı” |
– |
B |
|
91-100 |
– |
“əla” |
– |
A |
DİQQƏT! Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir.
Akademik borcu yaranan tələbə nə etməlidir?
Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər.
Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər
Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.
Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir.
Kimlər müəyyən olunmuş kredit məbləğinin 25 faizini ödəməklə
imtahanda iştirak edə bilər?
Fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ödəniş etməlidir.
Təqaüd necə alınır?
Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüd tələbənin ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) görə verilir.
Hər bir ixtisas üzrə təqaüd yerlərinin (DS, ixtisas üzrə dövlət sifarişi yerləri) sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir. Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili (Azərbaycan, rus və ya ingilis bölməsi) nəzərə alınmır. İmtahan zamanı “İmtahan qaydaları” na riayət etmədiyi üçün nəticəsi ləğv olunmuş, habelə təkrar imtahanda (25%) iştirak edən tələbələr təqaüd almaq hüququndan məhrum edilir.
Təcrübənin təşkili
Təcrübə tələbənin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onları praktiki bacarıqlarla tamamlamaq məqsədilə təhsil müəssisəsindən kənardakı təcrübə bazasında təşkil olunur. Təcrübə tələbənin müraciəti əsasında Bakı şəhərindən kənarda və ya xarici ölkələrdə də keçirilə bilər.
Azərbaycan Dillər Universitetində təcrübə tədris planlarına uyğun olaraq VIII semestrdə təşkil olunur. Təcrübə müddəti hesabatın təqdim olunması daxil olmaqla 20 həftədir.
Azərbaycan Dillər Universitetində təcrübə bazaları kadr hazırlığı aparılan ixtisaslara uyğun müəyyənləşdirilir.
Tələbə ixtisasın normativ təhsil müddətində
universiteti bitirə bilmirsə
Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən yığmalıdır
Hansı halda akademik məzuniyyət verilir?
1. Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
2. Ailə vəziyyətinə görə:
– 2 il müddətinədək;
– ailə üzvləri ilə birgə yaşayış yerini dəyişdikdə;
– hər iki valideyni və ya həyat yoldaşı işsiz olduğu üçün işləmək məcburiyyətində olduqda;
– hər iki valideyni və ya həyat yoldaşı müvəqqəti olaraq iş qabiliyyətini itirdikdə;
– xəstə ailə üzvlərinə qulluq etmək məcburiyyəti olduqda;
– 3 yaşadək övladı varsa;
3. Səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);
4. Sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;
5. Dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;
6. Xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.
Tələbə hansı hallarda universitetdən xaric olunur?
– öz arzusu ilə;
– ali təhsil müəssisəsini dəyişdikdə;
– ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;- səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);
– səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);
– növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;
– yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).
Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar.
Yay semestrinin təşkili
Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
1. Akademik borcların ləğv edilməsi.
2. Fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması.
3. Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi.
4. Ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və magistratura səviyyəsinin tələbələrinə, kreditlər qazanmasına şəraitin yaradılması.
Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
Təhsil haqqı necə ödənilməlidir?
Azərbaycan Dillər Universitetinə ödənişli əsaslarla qəbul olan tələbə təhsil ödənişini hər semestr başlayanadək ödəməlidir.
Təhsil ödənişindən kimlər azad ola bilər?
1. Məcburi köçkün stsusu olan şəxslər.
2. Valideyn himayəsindən məhrum olan şəxslər.
3. Əlilliyi müəyyən edilmiş şəxslər.
4. Şəhid ailəsi statusu olan şəxslər.
5. Şəhid və müharibə əlillərinin övladları.
6. Müharibə veteranları.
Təhsil ödənişindən azad olmaq üçün tələbə imtiyazı təsdiq edən sənədin surəti ilə ADU rektoruna yazılı müraciət etməlidir. Tələbə ödənişdən müraciət müddətindən sonrakı dövr üçün azad olunur.
Tələbə təhsil krediti (TTK) nədir? Tələbə Təhsil Krediti (TTK) təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə təşkil edilmişdir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
● Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
● Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:
● Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
● III ərəcə əlilliyi olanlar;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
● I və ya II dərəcə əlilliyi olanlar;
● İşsiz kimi qeydiyyatda olanlar;
● Yaşa görə əmək pensiyası alanlar;
● Yaşa görə sosial müavinət alanlar.
● Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər:
● Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar;
● Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
● İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
“Bir günlük xəlifə” nədir?
DİQQƏT: Azərbaycan Dillər Universiteti tələbəsi olaraq siz universitetin idarəetməsində yaxından iştirak etmək şansına malik olursunuz.
Azərbaycan Dillər Universitetidə tələbələrin idarəetmədə yaxından iştirakını təmin etmək, universitetlə tələbələr arasındakı əlaqənin effektivliyini artırmaq, tələbələrin liderlik və qərarqəbuletmə bacarıqlarını inkişaf etdirmək və s. məqsədilə “Bir günlük xəlifə” layihəsi həyata keçirilir. Layihə çərçivəsndə hər il tələbələr universitetin idarəetməsində iştirak edən 40-a yaxın əsas strukturlarına rəhbərlik etmək üçün seçkidə iştirak edirlər. Bura rektor, prorektorlar, dekanlar, müxtəlif şöbələrin, mərkəzlərin rəhbərlikləri və s. aiddir. Seçilmiş namizədlər bir gün ərzində universitetə rəhbərlik edir, qərarlar qəbul edir, müxtəlif görüşlərdə iştirak edirlər. Xəlifələr tərəfindən təklif olunan qərar layihələri Azərbaycan Dillər Universiteti Elmi Şurasında müzakirə olunur, qanunvericilik çərçivəsində uyğun hesab olunanlar rektor tərəfindən imzalanır. Növbəti xəlifə seçkisinədək seçilmiş xəlifələr “Kölgə kabineti” olaraq universitetin idarəolunmasında iştirak edirlər.
Hansı beynəlxalq proqramlardan
yararlana bilərsiniz?
● Orhun Mübadilə Proqramı – Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında akademik mübadilə proqramıdır. Bu proqram çərçivəsində tələbələr Türkiyə və digər türk dövlətlərində təhsil ala bilərlər.
● İkitərəfli Anlaşmalar – Azərbaycan Dillər Universiteti dünyanın müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri əsasında tələbə mübadiləsini həyata keçirir. Bu anlaşmalar tələbələrə həm təhsil, həm də akademik inkişaf üçün geniş imkanlar təqdim edir.
● Yay və Qış Məktəbləri – Xarici universitetlərin təşkil etdiyi yay və qış məktəbləri tələbələr üçün qısamüddətli intensiv təhsil proqramlarıdır. Bu proqramlar çərçivəsində tələbələr müxtəlif ixtisaslar üzrə biliklərini dərinləşdirə, yeni akademik bacarıqlar qazana və beynəlxalq mühitdə təhsil ala bilərlər. Yay və qış məktəbləri tələbələrə xarici universitetlərin tədris metodları ilə tanış olmaq və qlobal akademik şəbəkə qurmaq imkanı yaradır.
DİPLOM kimlərə verilir?
Bakalavriatura və magistratura səviyyələri üzrə təhsil proqramını tam yerinə yetirmiş və magistratura səviyyəsi üzrə magistrlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş təhsilalanlar məzun olur və onlara dövlət nümunəli təhsil sənədi - diplom verilir.
Bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, 25 faizi “yaxşı” olan və Yekun Dövlət Buraxılış Attestasiyasından “əla” qiymət alan məzunlara fərqlənmə diplomu verilir.
Bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə “bakalavr” ali peşə-ixtisas dərəcəsi üzrə, magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə magistr ali elmi-ixtisas dərəcəsi üzrə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.
Bakalavriat və magistr səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müvafiq arayış verilir.
İstifadə olunmuş mənbə
1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunu.
2. Ali təhsil pilləsinin dövlət Standartı və proqramı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı.
3. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı.
4. Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələblərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı.
5. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanlar köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qaydalar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı.
6. Ali və orta ixtisas təhsili müəssisələrinin ixtisas üzrə təcrübə keçmə qaydası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli qərarı.
7. Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ 02 nömrəli qərarı.
8. Kredit sistemi ilə təhsil alan tələbələrin fəhlər üzrə imtahanları haqqında əsasnamə.
KİTABIN İÇİNDƏKİLƏR
|
Giriş ....................................................................................................................................... |
3 |
|
Tələbənin hüquq və vəzifələri ................................................................................................ |
4 |
|
Əsas anlayışlar ...................................................................................................................... |
5 |
|
Tədrisin təşkili ........................................................................................................................ |
7 |
|
Təhsil krediti nədir və necə hesablanır? ................................................................................ |
7 |
|
Akademik məsləhətçi (tyutor) xidməti .................................................................................... |
7 |
|
Fərdi plan nədir və necə tərtib olunur? .................................................................................. |
8 |
|
Aralıq qiymətləndirmə nədir? ................................................................................................. |
8 |
|
Akademik borcu yaranan tələbə nə etməlidir? ...................................................................... |
9 |
|
Kimlər müəyyən olunmuş kredit məbləğinin 25 faizini ödəməklə imtahanda iştirak edə bilər? ... |
10 |
|
Təqaüd necə alınır? ............................................................................................................... |
10 |
|
Təcrübənin təşkili ................................................................................................................... |
11 |
|
Tələbə ixtisasın normativ təhsil müddətində universiteti bitirə bilmirsə ................................. |
11 |
|
Hansı halda akademik məzuniyyət verilir? ............................................................................ |
11 |
|
Tələbə hansı hallarda universitetdən xaric olunur? ............................................................... |
12 |
|
Yay semestrinin təşkili ........................................................................................................... |
12 |
|
Təhsil haqqı necə ödənilməlidir? ........................................................................................... |
13 |
|
“Bir günlük xəlifə” nədir? ........................................................................................................ |
14 |
|
Hansı beynəlxalq proqramlardan yararlana bilərsiniz? .......................................................... |
14 |
|
DİPLOM kimlərə verilir? ......................................................................................................... |
15 |
|
İstifadə olunmuş mənbə ........................................................................................................ |
16 |