Əlilliyi olan şəxslərin hüquqları üzrə maarifləndirici təlim keçirilib

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) “Əlilliyi olan şəxslərin hüquqları və BMT-nin “Heç kimi geridə qoymamaq” prinsipinə əsaslanan strateji yanaşmalar” mövzusunda maarifləndirici təlim keçirilib. Tədbir, Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi Günü münasibətilə universitetin Strateji inkişaf və planlama (SİP) şöbəsi tərəfindən təşkil olunub.
Açılış nitqi ilə Strateji İnkişaf və Planlama şöbəsinin müdiri Röya Əliyeva, tədbirin məqsədini açıqlayıb, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin sosial ədalət və strateji inkişaf baxımından vacibliyini vurğulayıb. O, Əlilliyi Olan Şəxslərin Hüquqları haqqında (Convention on the Rights of Persons with Disabilities — CRPD) Konvensiyanın və 2030-cu ilə qədər olan Dayanıqlı İnkişaf Məqsədlərinin (Sustainable Development Goals - SDG) bu istiqamətdə əsas çərçivə rolu oynadığını bildirib.
SİP şöbəsinin mütəxəssisi Günay Seyidova CRPD-nin əsas müddəalarını izah edərək, bu konvensiyanın 2030 gündəliyi ilə əlaqələndirilməsinin əhəmiyyətindən bəhs edib. İnklüziv təhsil, bərabər imkanlar, əlçatan mühit və ictimai iştirak prinsiplərini nümunələr üzərindən açıqlayıb. O, eyni zamanda SDG 4 – Keyfiyyətli və inklüziv təhsil, SDG 8 – Layiqli əmək və iqtisadi artım, SDG 10 – Bərabərsizliyin azaldılması, SDG 11 – Davamlı və əlçatan şəhər və icmalar kimi hədəflərin də CRPD prinsiplərinə uyğunluğuna toxunub.
Təlim zamanı iştirakçılarla interaktiv sual-cavab sessiyaları təşkil olunub, real təcrübələr paylaşılaraq praktiki yanaşmalar müzakirə edilib. Fikir mübadiləsi apararaq, ali təhsil sistemində inklüzivliyin təşviqinə dair tövsiyələr irəli sürülüb.
Sonda iştirakçılar, belə maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və ADU-nun bu sahədəki təşəbbüsünü yüksək qiymətləndiriblər.
ADU inklüziv cəmiyyətin qurulması və heç kimin geridə qalmaması üçün maarifləndirmə və strateji inkişaf tədbirlərini gələcəkdə də davam etdirmək niyyətində olduğunu bəyan edib. Universitet bu məqsədlə, SDG-lər çərçivəsində sosial inklüzivlik və insan hüquqları üzrə təşəbbüsləri dəstəkləməyi prioritet istiqamət kimi müəyyənləşdirib.







