XƏBƏRLƏR

Tələbələr Cocuq-Mərcanlı və Zabux kənd məktəblərində pedaqoji təcrübəyə başlayıblar

08 may, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri pedaqoji təcrübə keçmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə yerləşən məktəblərə yola düşüblər. Təcrübə proqramı çərçivəsində tələbələr Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kənd tam orta məktəbində və Laçın rayonunun Zabux kənd tam orta məktəbində bir ay müddətində fəaliyyət göstərəcəklər.

İngilis və Alman dilləri fakültəsi ilə İngilis və Fransız dilləri fakültəsinin tələbələri – Ulduz Mirzəyeva, Nazənin Abdullayeva, Ayşə Qədimova, Günay Hüseynli, Tərgül Məmmədxanova və Natəvan Bağırova adıçəkilən məktəblərdə pedaqoji bilik və bacarıqlarını tətbiq edəcəklər.

Layihənin ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulladır. Bu təşəbbüs həm Cocuq-Mərcanlı, həm də Zabux kənd məktəbləri üçün ilk təcrübədir.

Universitetin Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov da bölgəyə səfər edərək məktəblərdə yaradılmış şəraitlə tanış olub. O, həmçinin məktəb rəhbərliyi və şagirdlərlə görüş keçirib.