XƏBƏRLƏR

Jannah Scott: "Beynəlxalq elmi konfransın keçirilməsi çox vacib addımdır"

06 may, 2025

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Elmi Konfransda çıxış edən Arizona Dövlət Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti Jannah Scott tədbirdə iştirakından məmnunluğunu bildirib.

O, çıxışı zamanı qeyd edib:

“Azərbaycan və Azərbaycan Dillər Universiteti haqqında çox böyük, çox gözəl təəssüratım var. “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın keçirilməsi çox vacib addımdır. Konfrans çox yüksək səviyyədə təşkil olunmuşdu. Elmi məqalələr dərin və aktual idi. Amma eyni zamanda tədbirin ruhunda çox güclü bir multikulturalizm vardı – iştirakçılar arasında səmimiyyət, hörmət və mədəni ünsiyyət ön planda idi. Tələbələr məni həm düşündürdü, həm də enerji ilə doldurdu. Onlardan biri mənə dedi ki, onlar talelərinə sahib çıxmaq istəyirlər və bu tale Azərbaycan xalqının multikultural kimliyi ilə sıx bağlıdır. Bu, mənim üçün çox təsirli oldu. Gənclərin bu qədər şüurlu və məqsədyönlü olması gələcək üçün ümidvericidir. Burada multikulturalizmin ruhunda böyük zənginlik var. Fərqinə varmışam ki, multikulturalizm yalnız dövlət siyasəti kimi deyil, eyni zamanda Azərbaycan xalqına xas olan bir həyat tərzidir. Bu dəyərlər artıq insanların qanına hopub. Azərbaycanda bunu yalnız siyasi səviyyədə deyil, gündəlik həyatın bir parçası kimi görmək mümkündür. Bu gözəl tədbirə dəvət olunduğuma görə çox minnətdaram.”

Dr. Scott-un fikirləri Azərbaycanın multikulturalizm sahəsində beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisi kimi qiymətləndirilib.