2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik ili" adlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası ilə birgə 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik ili" adlı dəyirmi masa keçirilib.
Tədbirdə rektorun humanitar məsələlər üzrə müşaviri Ələddin Əliyev, İngilis fransız dilləri fakültəsinin dekanı Vəfa Bənnayeva, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dos. Xatirə Hacıyeva, kafedranın müəllimləri dos. Namiq Kərimov, Sevinc Abbasova, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva və İngilis fransız dilləri fakültəsinin III kurs tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi və geniş təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkənin digər qurumlarında olduğu kimi, Azərbaycan Dillər Universiteti Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi də universitetin aparıcı strukturu kimi il çərçivəsində qarşıda duran ən mühüm vəzifələrdən birincisi konstitusiyanın təbliği istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməkdir.
Kafedra müdiri dos. Xatirə Hacıyeva bildirib ki, vətənpərvərlik ruhunda yetişən, milli dəyərlərə bağlı gənclər formalaşdırmaq universitetin əsas prioritetlərindəndir. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərdə dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edir. Gənclər tərəfindən maraqla qarşılanan bu tədbirlərin il ərzində silsiləli şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə dosent Namiq Kərimov və Sevinc Abbasova mövzu ilə bağlı məruzə ilə çıxış ediblər. Onların məruzələrində müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşlara verilən hüquq və azadlıqlar, ölkənin siyasi-ərazi quruluşu, hakimiyyət qolları və onların funksiyaları geniş şəkildə izah olunub. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə bağlı müxtəlif illərdə keçirilmiş referendumlara toxunan məruzəçilər bu dəyişikliklərin demokratik dəyərlərin gücləndirilməsi, siyasi azadlıqların artırılması və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət etdiyini bildiriblər.
Çıxışlarda həmçinin İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkə Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə təmin edildiyi xüsusi qeyd olunub.
Daha sonra İngilis-Fransız dilləri fakültəsinin III kurs tələbələri Rzazadə Leyla və Şahmuradlı Selcan “Konstitusiya və Suverenlik” mövzusunda hazırladıqları çıxışlarla tədbiri davam etdiriblər. Onların məruzəsində Konstitusiyada əksini tapan qadın və uşaq hüquqları, gənclərin inkişafı və təhsil məsələləri hərtərəfli şəkildə təhlil olunub. Tələbələrin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.















